Yeni avtobuslar istifadəyə verildi (FOTO)
"BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, Fransa istehsalı olan "Iveco” avtobusları 1 saylı xətt üzrə "28 May” metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçməklə "Koroğlu” metrostansiyası istiqamətində hərəkət edəcək.
Ümumi uzunluğu 17,7 km. olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 14 avtobus fəaliyyət göstərəcək. Avtobusların hərəkət cədvəli saat 06:00-dan 23:00-a qədərdir.
"BakuBus” MMC-nin direktor müavini Vüsal Kərimli jurnalistlərə bildirib ki, daha sonra əhalinin sıxlığına uyğun olaraq avtobusların sayı artıb və ya azala bilər:
"Avtobuslar Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən etdiyi dayanacaqlarda duracaq, kənar dayanacaqlarda dayanmaq qəti qadağandır. Sərnişinlərdən də xahiş olunur ki, avtobusları ancaq dayanacaqlarda gözləsinlər”.
Onun sözlərinə görə, sürücülərin iş qrafiki Əmək Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək. "BakuBus”MMC-də işləyən sürücülər aylıq 600-700 manat əmək haqqı alacaqlar. İşin qrafikindən asılı olaraq, məsələn, bəzən həftənin şənbə günləri sürücüyə ehtiyac olarsa, Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənərək, əmək haqqına əlavələr olacaq: "Hər gün 8 saat ərzində 2-3 sürücü dəyişəcək. Avtobuslar arasındakı interval əhalinin sıxlığından asılı olaraq, bazar günləri 5-10 dəqiqə, iş günləri isə 3 dəqiqə olacaq”.
Qeyd edək ki, şirkət ilkin olaraq 14 xətt üzrə çıxmağı nəzərdə tutur. Əvvəlcə 8 marşrut xəttinin buraxılması gözlənilir. 15 gün sonra isə digər xəttin buraxılması planlaşdırılır. Verilən xətlərin digər xətlərlə eyni olması şərt deyil, yəni 1 nömrəli marşrutun əvvəlki xətt üzrə işləməsi şərt deyil. "BakuBus”ın yeni marşrut pasportu var və bunun əsasında işləyəcək.
V. Kərimli əlavə edib ki, Fransanın "SYSYRA” şirkəti "BakuBus”a məsləhət xidməti göstərir və aydın olub ki, ilkin olaraq 14 marşrut xətti üzrə Bakının mərkəzini əhatə edirik.
"BakuBus”ın 302 avtobusu var, ilkin mərhələdə 8 marşrut xətti üzrə fəaliyyətə başlayacaq, digər 6 marşrut xətti üçün Nəqliyyat Nazirliyi ilə danışıqlar aparılacaq.
V. Kərimli gediş haqqı ilə bağlı heç bir dəyişiklik gözlənilmədiyini deyib: "Gediş haqqı 20 qəpik təşkil edir, bu, ancaq Tarif Şurasının qərarı əsasında dəyişə bilər. Yaxın gələcəkdə isə bu gözlənilmir”.
"Crealis” avtobuslarında dayanacaqlar səsli şəkildə səsləndirilir və GPS xidməti ilə təhciz olunub.
"BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız "BakıKartları" və daimi istifadə üçün plastik "BakıKartları” mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik kartların qiyməti isə 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.
Qeyd edək ki, "BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib, kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır.
BAKU.WS
Oxşar xəbərlər
Bakı avtobuslarının yolu yenə dəyişdi (SİYAHI)
Nəqliyyatı İntellektual İdaraetmə Mərkəzi bir neçə marşutun istiqamətinin dəyişdirilməsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə məlumat...