Bakıda tıxacları belə azaltmaq olar - Avtobus zolaqları, dayanacaqlar...
"Bakıda nəqliyyatının səmərəliliyinin artırılması üçün avtobusların hərəkətinin təşkilinə kompleks yanaşılmalı və xüsusilə tıxacların müşahidə olunduğu ərazilərdə geniş təhlillər aparılmalıdır".
Bunu BAKU.WS-ə açıqlmasında Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib
Onun sözlərinə görə, avtobus zolaqlarının yalnız ayrı-ayrı hissələrdə deyil, bütöv marşrut boyunca davamlılığının təmin edilməsi vacibdir:
"Eyni zamanda, avtobusların işıqforlarda vaxt itirməməsi üçün avtobus zolaqları üzrə "yaşıl dalğa" sisteminin tətbiqi nəzərdən keçirilməlidir. Bu, ictimai nəqliyyatın tıxaclarda daha az dayanmasına və hərəkət sürətinin artırılmasına imkan verə bilər.
Avtobusların dayanacaqlarda sərnişinləri daha sürətli qəbul edib yola davam etməsi üçün ödəniş sisteminin də təkmilləşdirilməsinə ehtiyac var. Bu baxımdan avtobusların bütün qapılarında validatorların yerləşdirilməsi və sistemə nəzarət üçün xüsusi əməkdaşların cəlb edilməsi dünyadakı nümunələr əsasında tətbiq oluna bilər".
Dayanacaqların fiziki quruluşunun da avtobusların hərəkətinə birbaşa təsir etdiyini deyən ekspert qeyd edib ki, mövcud "cib" tipli dayanacaqlar bəzi hallarda effektiv nəticə vermir. Onun fikrincə, avtobusların əsas hərəkət zolağından kənara çıxmadan dayanmasına imkan verən xüsusi həllər tətbiq edilməlidir. Belə yanaşmada avtobus manevr etmədən dayanacağa yaxınlaşır və sərnişinlərin minib-düşməsi üçün daha əlverişli şərait yaranır.
R.Ağaverdiyev əlavə edib ki, dayanacaqların qarşısında xüsusi konstruksiyaların, o cümlədən bordür və qoruyucu elementlərin yerləşdirilməsi avtobusun platformaya maksimum yaxınlaşmasına şərait yarada bilər:
"Bu, sərnişinlərin əlavə pandus və ya digər vasitələrdən istifadə etmədən daha rahat minib-düşməsinə imkan verir.
Parklanma sahələrinin avtobus dayanacaqları ilə eyni ərazidə təşkil olunması ciddi problemlər yarada bilər. Belə hallarda dayanacaq və avtobus zolaqları avtomobillər tərəfindən zəbt edilir, eyni zamanda sərnişinlərin təhlükəsizliyi də risk altına düşür. Dayanacaq ətrafında qoruyucu elementlərin və fiziki maneələrin tətbiqi isə həm zolağın zəbt olunmasının qarşısını ala, həm də sərnişinlərin daha təhlükəsiz şəkildə gözləməsinə şərait yarada bilər".
Ekspert vurğulayıb ki, dayanacaqda eyni vaxtda bir neçə avtobusun saxlanması nəzərdə tutulursa, daha uzun platformaların yaradılması məqsədəuyğundur:
"Sərnişin axınının böyük olduğu məntəqələrdə isə bir neçə platformanın və onları bir-birindən ayıran adacıqların təşkili mümkün variantlardan biridir. Bu zaman avtobuslar müxtəlif platformalara daxil ola, sərnişinlər isə həmin platformalar arasında təhlükəsiz və rahat şəkildə hərəkət edə bilərlər.
Dayanacaqların memarlıq və təşkilati baxımdan da müxtəlif modellər əsasında qurula biləcəyini qeyd edən ekspert bildirib ki, bəzi ölkələrdə məhdud şəhər ərazisindən daha səmərəli istifadə etmək üçün fərqli tipli dayanacaq həllərindən yararlanılır. Bu cür dayanacaqlarda sərnişinlərin yağışdan və günəşdən qorunması, gözləmə şəraitinin yaxşılaşdırılması və avtobusların rahat şəkildə dayanması birlikdə nəzərə alınır".
Nəqliyyat eksperti hesab edir ki, avtobus dayanacağı sadəcə sərnişinlərin qısa müddət gözlədiyi məntəqə kimi deyil, bütöv ictimai nəqliyyat sisteminin vacib elementi kimi nəzərdən keçirilməlidir:
"Çünki şəhərdə ən məhdud və dəyərli resurslardan biri torpaqdır və dayanacaqların təşkili zamanı mövcud ərazidən maksimum səmərəli istifadə olunmalıdır.
İctimai nəqliyyat şəhərin qan dövranı sistemi kimidir. Avtobusların hərəkəti nə qədər sürətli, fasiləsiz və nizamlı təşkil olunarsa, bu, yalnız sərnişinlərin rahatlığına deyil, bütövlükdə şəhər iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Avtobusun dayanacaqda itirdiyi hər dəqiqə və saniyə gün ərzində marşrutun ümumi dövriyyəsinə təsir edir. Buna görə də zolaqların, işıqforların, dayanacaqların və sərnişin axınının təşkili bir-birindən ayrı deyil, vahid sistem kimi qiymətləndirilməlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
Xocavənd rayonunda yeni xəstəxana fəaliyyətə başlayıb. Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, rayona köçən sakinlərə tibbi xidmət göstəri...