Bakıda tıxacda qalmamağın yeni yolları - "Neftçilər" və "Elmlər"ə...

Bakıda tıxacda qalmamağın yeni yolları - Neftçilər və Elmlərə...
Foto Açıqlama
Sosial 78

"Sıxlığın tamamilə aradan qalxacağını düşünmürəm, əksinə, müəyyən sıxlıq olacaq. Hazırda bizdə nəqliyyat axınlarının ayrılması və alternativ hərəkət imkanlarının yaradılması istiqamətində dövlət proqramı, siyasi iradə və müvafiq qərarlar var. Bu qərarların icrası mərhələli şəkildə həyata keçirilir. Düşünürəm ki, bu prosesi daha da sürətləndirmək lazımdır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Ekspert hesab edir ki, həm az xərc tələb edən, həm də daha qısa müddətdə nəticə verə biləcək həllər mövcuddur:

"Uzunmüddətli perspektivdə isə əsas məsələlərdən biri relsli nəqliyyatın inkişafıdır. Bunun nəticələrini üç-dörd il ərzində daha aydın hiss etmək mümkün olacaq.

İndiki mərhələdə isə daha tez nəticə verən tədbirlərə üstünlük verilməlidir. Piyada infrastrukturunun, zolaqlı və işıqforla tənzimlənən keçidlərin sayının sürətlə artırılmasına ehtiyac var. Həmçinin bəzi küçələrdə yalnız yol nişanlanması və zolaqların düzgün təşkili ilə hərəkəti yaxşılaşdırmaq mümkündürsə, belə layihələr sürətləndirilməlidir.

Bakıda tıxacda qalmamağın yeni yolları -

Son illərdə müəyyən layihələr həyata keçirilib və nəticədə nəqliyyatın hərəkət sürətində artım müşahidə olunub. Lakin avtobus və mikromobillik zolaqlarının şəbəkəsini genişləndirməklə yanaşı, onların arasında mövcud olan kəsintiləri aradan qaldırmaq və şəbəkənin bütövlüyünü təmin etmək lazımdır. Bu zolaqların digər hərəkət növləri ilə kəsişdiyi hissələrdə isə işıqforla tənzimlənən piyada keçidlərinin sayının artırılması vacibdir.

Bu tədbirlər nəqliyyat sıxlığını birbaşa aradan qaldırmasa da, onu daha idarəolunan səviyyəyə gətirə bilər. Eyni zamanda insanların nəqliyyat vərdişləri də zamanla dəyişəcək və əvvəlki illərdə formalaşmış davranışlar yeni reallığa uyğunlaşacaq".

Rauf Ağamirzəyev həmçinin deyib ki, sərnişin axınının təhlili əsasında yeni ekspress marşrutların açılması məsələsinə də baxmaq olar:

Bakıda tıxacda qalmamağın yeni yolları -

"Məsələn, sentyabrın 15-də tədris ilinin başlaması ilə əlaqədar təhsil müəssisələrinə yönələn sərnişin axını əhəmiyyətli dərəcədə artır. Valideynlərin və şagirdlərin hərəkəti ümumi nəqliyyat yükünə ciddi təsir göstərir.

Bu baxımdan, xüsusilə şəhərin şərq hissəsindən "Elmlər Akademiyası" istiqamətinə, o cümlədən "Neftçilər"–"Elmlər Akademiyası" istiqamətində yeni ekspress marşrutların yaradılması nəzərdən keçirilə bilər. Lakin bu cür qərarlar yalnız mövcud statistik təhlillərə deyil, vətəndaşların real ehtiyaclarına da əsaslanmalıdır.

Bakıda tıxacda qalmamağın yeni yolları -

AYNA-nın apardığı təhlillərlə yanaşı, sərnişinlər arasında sorğuların keçirilməsi və konkret hansı istiqamətlərə ehtiyac olduğunu müəyyənləşdirmək də faydalı olar. Bu, həm marşrutların düzgün seçilməsinə, həm də vətəndaş məmnunluğunun artırılmasına imkan verər.

Digər mühüm məsələ piyada infrastrukturudur. Küçələrdə köşklərin, reklam lövhələrinin, işıq dirəklərinin və digər qurğuların yerləşdirilməsi zamanı real piyada axınının nəzərə alınmasına ehtiyac var. Bu elementlər bəzən səkilərdə piyadalar üçün fiziki baryer yaradır və insanların rahat hərəkətinə mane olur.

Rahat, maneəsiz və qısa keçid imkanlarının yaradıldığı səkilər insanların piyada hərəkətinə marağını da artırır. Hazırda şəhər daxilində avtomobillə və taksi ilə hərəkət müəyyən çətinliklər yaradır. Bu səbəbdən piyada hərəkəti üçün mövcud imkanlardan daha səmərəli istifadə etmək vacibdir. Bunun üçün isə səkilərdə yerləşdirilən köşklərin, reklam konstruksiyalarının və digər obyektlərin yerləşmə qaydalarına yenidən baxılmasına ehtiyac var".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər