Azərbaycanda tualetsiz məktəb - FOTO

Azərbaycanda tualetsiz məktəb - FOTO
Sosial 1391
Hacıqabul rayonu Navahı kəndinin az qala yarım əsr əvvəl tikilmiş məktəbi uçub-dağılmaq üzrədir. BAKU.WS xəbər verir ki, kənd sakinləri məktəbdən çəkilmiş kadrları virtualaz.org-a göndəriblər. Kadrlardan da görünür ki, tikili hər an uça bilər, tavan və döşəmədə dərin çatlar yaranıb. Sinif otaqlarının qapılarındakı dəliklərə taxtadan, yaxud kardondan yamaq vurulub, şüşəsi olmayan pəncərələr mişar daşları ilə qapadılıb. 300-ə yaxın şagirdin təhsil aldığı məktəb qışda bina odun sobaları ilə qızdırılır. Şikayətçinin sözlərinə görə, hava soyuyan kimi uşaqları məktəbə göndərə bilmirlər, çünki bütün sinif otaqlarında soba yandırmaq imkanı yoxdur.
Kənd sakini, Qarabağ əlili Nüsrət Yusifov bildirib ki, təxminən 10 il əvvəl məktəbdə təmir işləri aparılıb, həyətdə ayaqyolu tikilib. Çünki binadakı ayaqyolu kanalizasiya xətti sıradan çıxdığından bağlı saxlanılır. İndi isə həyətdəki ayaqyolu da bərbad vəziyyətə düşüb, şagirdlərə tapşırıblar ki, ayaqyolundan istifadə etməsinlər. İdman zalı, kitabxana otağı isə qapısı bağlı saxlanılır ki, tavan uşaqların başına uçmasın.
“Qışda o boyda məktəbdə 10-15 şagird olmur ki, dərs keçsinlər. Ötən il şagirdlərin biri sobanı alışdırmaq istəyərkən sinif yanıb, uşaqları pəncərədən çıxarıblar. Hətta bir neçə uşaq yıxılaraq xəsarət almışdı, amma hadisəni gizlətdilər”, -şikayətçilər yazırlar.Məktəb binasının qəzalı olması səbəbindən müəllim çatışmazlığı da var. Paytaxtdan işləməyə gələn müəllimlər ən geci 1-2 ay tab gətirə bilirlər.
Nəvahı kənd bələdiyyəsinin sədri Hüseyn İsmayılov isə sayta bildirib ki, kəndin 1300 sakini var, əhali sayına görə rayonun böyük kəndlərindən biridir. Amma kənddə yalnız 1 məktəb var, o da 1974-cü ildə tikildiyindən qəzalı vəziyyətə düşüb. “Məktəb siyahıya alınıb, təmir ediləcək. Aidiyyatı strukturların vəziyyətdən xəbəri var”,-sədr əlavə edib.Təhsil Nazirliyindən isə sakinlərin şikayəti ilə bağlı sualı tezliklə cavablandıracaqlarını deyiblər.BAKU.WS

Son xəbərlər