VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyası Nazirlər Kabineti yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi, TƏBİB və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə video-konfrans formatında görüş keçirib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirilib ki, nazir Oqtay Şirəliyev video-konfransda açılış nitqi ilə çıxış edib, ÜST-ün Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib və görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib.

Görüş zamanı missiya nümayəndələri son aylar ərzində Azərbaycanın səhiyyə sahəsində atılan addımlar və həyata keçirilmiş işlərin nəticələri haqqında öz fikirlərini paylaşıblar.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar ÜST-ün birinci missiyasının Azərbaycana ziyarəti cari ilin mart ayında baş tutmuşdu. Son 10 gün ərzində ÜST-ün Azərbaycandakı ikinci missiyasının üzvləri dövlət qurumlarının nümayəndələri ilə yanaşı, həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə də çoxsaylı görüşlər keçirib. Missiya üzvlərinin sözlərinə görə, mart ayında ÜST üzvləri tərəfindən təqdim olunan tövsiyələrin əksəriyyəti nəzərə alınıb və həyata keçirilib. Ümumiyyətlə, son bir neçə ay ərzində atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunur.

Hande Harmancı həmçinin, xəstəxana və poliklinikalarda COVID-19 ilə aylar ərzində mübarizə aparan tibb heyətinin fədakarlığını təqdirə layiq olduğunu hesab edərək, onları “Bu günün ağ xalatlı qəhramanları” adlandırıb. Bundan sonra ÜST missiyasının üzvləri bildirib ki, son 10 gün ərzində müşahidə etdikləri proseslərə dair öz tövsiyələrini yaxın 2 həftə ərzində Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyət göstərən qurumlarına təqdim edəcəklər.

Oqtay Şirəliyev missiya üzvlərinə onların Azərbaycandakı həyata keçirdiyi fəaliyyətləri və ölkəmiz tərəfindən görülən işlərin yüksək qiymətləndirdiklərinə görə təşəkkür edib. Həmçinin, cənab nazir təqdim olunacaq hesabat nəticələrini və tövsiyələri aldıqdan sonra böyük məmnuniyyətlə birgə fəaliyyəti davam etdirmək hazırlığını bildirib.


BAKU.WS