SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Cənub bölgəsində bütün rayonlarda güclü qar yağıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, düşən qarın qalınlığı Lənkəran, Astara, Masallıda 10-15, Lerik və Yardımlıda 35-45 sm təşkil edib.
 
Bəzi qurumlar fasiləsiz iş rejiminə keçib. Yolların qardan təmizlənməsi üçün ağır texnika və canlı qüvvə gecə saat 3:00 radələrindən səfərbər olunub. Sürücülərin rahat və maneəsiz hərəkət etməsi üçün şəhər ərazisində yolların mütəmadi qardan təmizlənməsi davam etdirilir. Şaxtalı günlərdə yolların buz bağlaması nəzərə alınaraq tonlarla qum və duz tədarükü görülüb.
 
Fövqəladə Hallar Komissiyasının sədr müavini Möhübbət Babayev ortaya çıxan problemlərin qısa müddətdə həll edildiyini bildirib: "Uzaq dağ kəndlərimizə aparan yollarda ağır texnika işləyir, qaz verilişində problem yoxdur, işıqla bağlı bəzi ucqar dağ kəndlərində problem baş verdikdə briqada ora çıxır, problemi həll edir".
 
Hidrometeoroloqlar isə xəbərdarlıq edir ki, temperatur dağlıq ərazilərdə mənfi 10 dərəcəyə qədər  aşağı düşəcək. Lənkəran Hidrometeoroloji Müəssisəsinin direktoru Cavid Hüseynovun sözlərinə görə, qarın əriməsi nəticəsində qarşıdakı günlərdə çaylarda suyun səviyyəsinin qalxması gözlənilir: "Qarlı hava şəraiti fevral ayının 14-ü gündüz saatlarında nisbətən səngiyəcək, 15-də bölgəmizdə yağıntısız hava şəraiti gözlənilsə də, 15-i axşam saatlarından qeyri-sabit hava şəraiti olacaq və 17-nə qədər davam edəcək".
 
Qeyd edək ki, hazırda bölgədə qarlı hava şəraiti davam edir.
 
BAKU.WS