Cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib.

BAKU.WS xəbər verir ki, insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına daim xüsusi önəm verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.

Ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən penitensiar müəssisələrin əvəzinə inşa edilmiş yeni müəssisələrdə məhkumların müasir tələblərə uyğun şəraitdə saxlanılması, islahı, faydalı əməklə məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri, təhsil və peşə ixtisaslarına yiyələnmələri, cəmiyyətə reinteqrasiyası üçün lazımi infrastruktur yaradılıb və artıq məhkumların yeni müəssisələrə köçürülməsi tam başa çatdırılıb.

Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar müəssisələrdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aprelin 15-də geniş ictimai təqdimat keçirilib, media-tur təşkil olunub.
İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman), Milli Məclisin deputatları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının rəhbərliyi, beynəlxalq qurumların təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müəssisələrdə yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.

Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər inşa olunub.

Gəncə və Lənkəran şəhərlərində, habelə paytaxtın Umbakı qəsəbəsində belə müəssisələrin tikintisi aparılır.

Bu sahədə görülən tədbirlər çərçivəsində cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşasına xüsusi əhəmiyyət verilib.

Məlumat verilib ki, ümumi sahəsi 22.600 m2 olan müəssisələr inzibati binalardan, yataqxanadan, hər cür məişət şəraiti olan mətbəxdən, yeməkxanadan, ana və uşaq bölməsindən, müvafiq tibbi avadanlıqla təchiz olunmuş tibbi-sanitar hissədən, məhkumların yaxınları ilə uzun və qısamüddətli görüş binasından və digər tikililərdən ibarətdir.

Məhbusların saxlanması və islahı üçün hər cür şərait yaradılıb, istirahət, psixoloq, ibadət və digər otaqlar ayrılıb. Burada zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, oxu zalı və kompüter otağı da vardır.

Dövlət başçısının istehsalat sahələrinin genişləndirilməsi, bu fəaliyyətə sahibkarların, iş adamlarının cəlb edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq yeni müəssisədə məhkumların faydalı işlə məşğul olmaları üçün toxuculuq, xalçaçılıq, biçmə, tikiş və şirniyyat sexləri təşkil olunub.

İştirakçılar müəssisədə dövlətimizin humanizm siyasətinə və Vətən müharibəsində Zəfər salnaməsinə həsr olunan stendlərlə tanış olublar.

Stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin humanizm siyasətinə, minlərlə ailəyə sevinc bəxş edən və cinayət törətmiş şəxslərin islahına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edən əfv və amnistiya qərarlarının, o cümlədən respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş humanist aktların əhəmiyyətinə həsr olunmuş fotolar nümayiş etdirilir. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər yürüşünü, işğaldan azad olunmuş torpaqlarımıza müntəzəm səfərlər edilərək həmin ərazilərin dirçəldilməsi üzrə görülən işləri əks etdirən ekspozisiyalar yaradılıb.

Sonra məhkumların tibbi təminatı ilə bağlı yaradılan şəraitlə tanışlıq olub.

Diqqətə çatdırılıb ki, ikimərtəbəli binada fəaliyyət göstərən müəssisənin tibb-sanitariya hissəsində həkim otaqları, müasir avadanlıqla təchiz edilmiş müayinə-diaqnostika və stomatoloji kabinetlər, laboratoriya, aptek, pediatr üçün və digər yardımçı otaqlar yerləşir. Eyni zamanda stasionar bölmə və fərdi girişi olan izolyasiya üçün palatalar mövcuddur. Binada məhkumların tibbi müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb.
İctimaiyyət və media nümayəndələri həmçinin, binada məhkumlarla qısamüddətli görüş, eyni zamanda məhkumların ailə üzvləri ilə 3 günlük uzunmüddətli görüşü üçün hər cür məişət şəraiti, mətbəxi, gəzinti yerləri olan ayrıca otaqlara baxıblar.

Bundan əlavə, müəssisələrin ərazisində inşa olunmuş məktəb binaları barədə məlumat verilərək burada məhkumların, xüsusilə yetkinlik yaşına çatmayanların təhsil və peşə ixtisası alması üçün hər cür şərait yaradıldığı bildirilib.

Müəssisələrlə tanışlıqdan sonra akt zalında qadın və yetkinlik yaşına çatmayan məhkumlarla görüş keçirilib.
İctimai təqdimatın əsl Azərbaycan qadının obrazını yaradan, əziz xatirəsi daim qəlblərdə yaşayan görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım gününə təsadüf etdiyi vurğulanaraq bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, ədliyyə işçiləri Fəxri xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan “Ana” şeirinin və Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısının səsləndirilməsi ilə başlayıb.

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və Penitensiar xidmətin rəis müavini Oqtay Məmmədov tədbir iştirakçılarını salamlayaraq penitensiar sistemdə həyata keçirilən islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğının və həssas münasibətin əyani təzahürü olduğunu, yeni penitensiar müəssisələrin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini vurğulayıblar.
Eyni zamanda Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verərək bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub, yeni müəssisələrdə məhkumların özfəaliyyət dərnəyinin yaradıldığı bildirilərək, “Ümidli gələcək” Sosial Təşəbbüslər ictimai birliyi tərəfindən dərnəyə musiqi alətləri hədiyyə olunub.

Tədbirdə İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hüquq müdafiəçisi Səadət Bənənyarlı və digər şəxslər çıxış ediblər.

Çıxış edənlər müasir penitensiar müəssisələrin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər.

Vurğulayıblar ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir. İstifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.

Sonra görüş akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan ədəbi-bədii tədbirlə davam edib, məhkumlar üçün həmçinin, ehsan süfrəsi təşkil olunub.

BAKU.WS