"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanun təsdiqlənib
Sosial 2087

Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib.

BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra – orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. insan orqanları – şəxsiyyətin xarakterik xüsusiyyətlərini müəyyən etməyən anatomik struktur vahidi;

1.1.2. insan toxumaları – insan orqanının eyni mənşəyə, quruluşa və funksiyaya malik hüceyrə və hüceyrəarası maddələr qrupu;

1.1.3. donor orqan – müalicə məqsədilə bir insandan digərinə köçürülən orqan və ya toxuma;

1.1.4. insan orqanlarının transplantasiyası (bundan sonra – transplantasiya) – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi;

1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət;

1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit;

1.1.7. canlı donor – öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən tam fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) şəxs;

1.1.8. meyit donor – orqanları transplantasiya məqsədilə götürülən, bioloji ölüm və ya beynin bütün funksiyalarının tam dayanması və geridönməz prosesləri qeydə alınmış (bundan sonra - beyin ölümü) bir yaşına çatmış şəxs;

1.1.9. resipiyent – müalicə məqsədilə donor orqanı köçürülən şəxs;

1.1.10. məlumatlandırılmış razılıq – donorun, resipiyentin və ya onların qanuni nümayəndəsinin donor orqanların götürülməsi və transplantasiya barədə könüllü qərar qəbul etdiyini, müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşdüyünü forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, bu Qanunun 17.1-ci maddəsində nəzərdə tutulan halda notarial qaydada təsdiq olunmuş ərizə ilə bildirməsi;

1.1.11. resipiyentin gözləmə vərəqəsi – transplantasiya məqsədi ilə uçota götürülən resipiyentlərin növbəli siyahısı;

1.1.12. ksenotransplantasiya – heyvan orqanlarının insana köçürülməsi;

1.1.13. əlaqələndirici qurum – orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən dövlət qurumu.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən olunmuş mənaları ifadə edir.

Maddə 2. Orqan donorluğu və transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Orqan donorluğu və transplantasiya haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, habelə orqan donorluğu və transplantasiya ilə məşğul olan tibb müəssisələrinə şamil olunur.

3.2. Orqan donorluğu və transplantasiyaya dair bu Qanunla müəyyən edilmiş tələblər insan toxumalarının donorluğu və transplantasiyasına da şamil olunur.

3.3. Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embrion), eləcə də qan və onun komponentlərinə şamil edilmir.

Maddə 4. Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri

4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır.

4.2. Orqan donorluğu və transplantasiya zamanı meyit donorun cəsədinə ehtiramlı münasibət göstərilməsi, meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunması prinsiplərinə riayət olunmalıdır.

Maddə 5. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri

5.0. Orqan donorluğu və transplantasiyanın təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.0.1. orqan donorluğu və transplantasiya sahəsində dövlət siyasətinin müəyyən edilməsi, habelə normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi;

5.0.2. orqan donorluğu və transplantasiya sisteminin inkişafına yönəldilmiş tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi;

5.0.3. transplantasiya məqsədilə donor orqanların götürülməsi, saxlanması, daşınması və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, orqan donorluğu prosesinin təşkili və əlaqələndirilməsi;

5.0.4. tibb müəssisələrində donor orqanların transplantasiyası metodu ilə tibbi yardımın göstərilməsinin təşkili;

5.0.5. orqan donorluğu və transplantasiya ilə bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keyfiyyətə nəzarətin və tibbi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi;

5.0.6. orqan donorluğu və transplantasiya sahəsində innovativ yeniliklərin tətbiqi, elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq fəaliyyətinin əlaqələndirilməsi;

5.0.7. orqan donorluğu və transplantasiya haqqında əhalinin məlumatlandırılmasının təmin edilməsi;

5.0.8. orqan donorluğu və transplantasiya prosesinin monitorinqinin aparılması;

5.0.9. orqan donorluğu və transplantasiyanın həyata keçirilməsi zamanı vahid uçotun aparılması və bu məqsədlə Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının (bundan sonra – vahid dövlət informasiya bazası) yaradılması;

5.0.10. donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarların müəyyən edilməsi.

Maddə 6. Donor orqanların və toxumaların siyahısı

6.1. Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

6.2. Meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

6.3. Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.

Maddə 7. Donor orqanların götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri

7.1. Canlı və ya meyit donordan donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisələrində, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçirilir.

7.2. Donor orqanların transplantasiyası siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ixtisaslaşdırılmış tibb müəssisələrində həyata keçirilir.

Maddə 8. Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası

Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

2-ci fəsil

Orqan donorluğu və transplantasiyanın təşkili

Maddə 9. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi

9.1. Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir.

9.2. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya ilə bağlı informasiya təminatını həyata keçirir, o cümlədən tibb müəssisələrindən məlumatların toplanılmasını təmin edir, vahid dövlət informasiya bazasını aparır, donor orqanların resipiyentlərə verilməsi ardıcıllığını təmin edir, habelə orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti koordinasiya edir.

9.3. Əlaqələndirici qurum orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz.

Maddə 10. Orqan donorluğu və transplantasiya sistemi

10.0. Orqan donorluğu və transplantasiya sisteminə aşağıdakılar daxildir:

10.0.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

10.0.2. əlaqələndirici qurum;

10.0.3. vahid dövlət informasiya bazası;

10.0.4. Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyası.

Maddə 11. Transplantasiya üzrə koordinator

11.1. Orqan donorluğu və transplantasiya sahəsində işlərin əlaqələndirilməsi və monitorinqin aparılması donor orqanın götürülməsini və transplantasiyanı həyata keçirən tibb müəssisələrinin transplantasiya üzrə koordinatoru tərəfindən həyata keçirilir.

11.2. Transplantasiya üzrə koordinator ali və ya orta ixtisas tibb təhsilli mütəxəssisdir.

11.3. Transplantasiya üzrə koordinator:

11.3.1. tibb müəssisəsinə müraciət etmiş resipiyent haqqında məlumatı vahid dövlət informasiya bazasına daxil edir və uyğun donor tapıldıqda bu Qanunun 11.3.6-cı maddəsində nəzərdə tutulmuş tədbirləri görür;

11.3.2. meyit donorun orqanlarından transplantasiya məqsədi ilə istifadə edilməsi barədə sağlığında razılıq verməsi, yaxud imtina etməsi barədə məlumatları vahid dövlət informasiya bazasından əldə edir;

11.3.3. canlı donordan bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq məlumatlandırılmış razılıq alır və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edir;

11.3.4. sağlığında donorluq barədə iradəsini ifadə etməmiş meyit donorun orqanlarının götürülməsi ilə bağlı onun bu Qanunun 21.2-ci maddəsi ilə müəyyən edilmiş qohumlarından razılıq alır və həmin məlumatları vahid dövlət informasiya bazasına daxil edir;

11.3.5. tibb müəssisəsində donorun olması barədə məlumatların vahid dövlət informasiya bazasına daxil edilməsini təmin edir;

11.3.6. tibbi müayinə və müdaxilələrin həyata keçirilməsi üçün zəruri olan tədbirlər də daxil olmaqla, orqan donorluğu ilə bağlı digər təşkilati tədbirlərin, eləcə də donor orqanların daşınmasının təşkilində iştirak edir;

11.3.7. bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulan tibb müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

11.4. Transplantasiya üzrə koordinator insanın ölüm anının müəyyən edilməsində, donor orqanın götürülməsində və transplantasiyasında iştirak edə, eləcə də resipiyentlərin maraqlarını təmsil edə bilməz.

Maddə 12. Həkim-transplantoloqun vəzifələri

12.1. Donor orqanın donordan resipiyentə transplantasiyası, transplantasiyadan sonra resipiyentin müalicə və müşahidəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə cavab verən və bu Qanunun 13.2.10-cu maddəsində nəzərdə tutulan həkim-transplantoloqların reyestrinə daxil edilmiş şəxslər tərəfindən həyata keçirilir.

12.2. Həkim-transplantoloqun vəzifələri aşağıdakılardır:

12.2.1. canlı donoru və resipiyenti hərtərəfli müayinə etmək, transplantasiyaya göstəriş və əks-göstərişlərin olub-olmamasını müəyyən etmək, transplantasiyaya hazırlığı, transplantasiyanı və transplantasiyadan sonrakı müşahidəni həyata keçirmək;

12.2.2. transplantasiya və onun mümkün nəticələri barədə resipiyentə ətraflı məlumat vermək;

12.2.3. canlı donora transplantasiyanın mahiyyəti və mümkün ağırlaşmalar haqqında ətraflı məlumat vermək;

12.2.4. donor ailəli olduqda arvadını (ərini) bu barədə məlumatlandırmaq.

12.3. Həkim-transplantoloq aşağıdakı hallarda transplantasiyanın həyata keçirilməsindən imtina etməlidir:

12.3.1. canlı donorun məlumatlandırılmış razılığı olmadıqda və ya donor hər hansı bir mərhələdə donor olmaqdan imtina etdikdə;

12.3.2. resipiyentin əsas xəstəliyi və ümumi vəziyyəti transplantasiya üçün uyğun olmadıqda;

12.3.3. donorun sağlamlığı transplantasiyaya uyğun olmadıqda;

12.3.4. bu Qanunun 18.1-ci maddəsinə uyğun olaraq canlı və ya meyit donorda resipiyentə keçə bilən təhlükəli xəstəlik olduqda;

12.3.5. canlı donorla resipiyent arasında donor orqanın alqı-satqısına dair əsaslandırılmış məlumat olduqda;

12.3.6. bu Qanunun 16.6-cı və 18.4-cü maddələrində nəzərdə tutulan hallarda.

Maddə 13. Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası

13.1. Orqan donorluğu və transplantasiya fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vahid dövlət informasiya bazasını yaradır.

13.2. Vahid dövlət informasiya bazasında aşağıdakı istiqamətlər üzrə reyestrlər yaradılır:

13.2.1. ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri;

13.2.2. ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestri;

13.2.3. canlı donorların reyestri;

13.2.4. resipiyentlərin reyestri;

13.2.5. sümük iliyi donorluğuna namizədlərin reyestri;

13.2.6. süni orqan və material köçürülmüş şəxslərin reyestri;

13.2.7. transplantasiyanı həyata keçirən tibb müəssisələrinin reyestri;

13.2.8. donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin reyestri;

13.2.9. transplantasiya üzrə koordinatorların reyestri;

13.2.10. həkim-transplantoloqların reyestri.

Maddə 14. Transplantasiyanın zəruriliyi haqqında qərar

14.1. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, tərkibində həkim-transplantoloq olan transplantasiya üzrə həkim komissiyası müəyyən edir. Həkim komissiyasının xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə və ya orqan transplantasiyası üçün tibbi göstərişlərin olmaması barədə qərarı üç nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Həkim komissiyasının qərarının bir nüsxəsi 3 (üç) iş günü müddətində şəxsin özünə və ya onun qanuni nümayəndəsinə, bir nüsxəsi əlaqələndirici quruma təqdim edilir (göndərilir), digər nüsxəsi isə şəxsin tibbi sənədlərinə əlavə edilir.

14.2. Xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasının müəyyən edilməsi üçün tibb müəssisəsinə göndərişin forması, tibb müəssisəsinin həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

Maddə 15. Resipiyentin gözləmə vərəqəsi

15.1. Şəxsin transplantasiyaya ehtiyacının zəruriliyi və onun resipiyentlərin reyestrinə daxil edilməsi barədə həkim komissiyasının qərarı qəbul edildikdən sonra tibb müəssisəsi şəxsin yazılı məlumatlandırılmış razılığını alır və 3 (üç) iş günü müddətində resipiyentlərin reyestrinə daxil edilməsi üçün onun adına resipiyentin gözləmə vərəqəsini tərtib edir.

15.2. Resipiyentin gözləmə vərəqəsi iki nüsxədə tərtib olunur, onun bir nüsxəsi resipiyentlərin reyestrinə daxil edilmək üçün əlaqələndirici quruma göndərilir, bir nüsxəsi isə resipiyentin özünə təqdim edilir.

15.3. Resipiyentin gözləmə vərəqəsinin forması və tərtib olunması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

3-cü fəsil

Canlı donordan donor orqanın götürülməsi

Maddə 16. Canlı donordan donor orqanın götürülməsi qaydası və şərtləri

16.1. Digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan donor orqanların transplantasiyasına yol verilir.

16.2. Canlı donordan resipiyentə transplantasiyanın həyata keçirilməsinin zəruriliyi və mümkünlüyü transplantasiyanı həyata keçirən tibb müəssisəsinin təşkil etdiyi, həkim-transplantoloq, anestezioloq-reanimatoloq və resipiyentin müalicə həkimi, eləcə də zəruri olduqda digər ixtisaslı həkimlərin iştirak etdiyi həkim komissiyasının qərarı ilə, tibbi müayinə nəticələri, o cümlədən tibbi göstəriş olarsa gen və toxuma tipləndirməsi nəticələri əsasında müəyyən edilir. Həkim komissiyasının qərarı protokolla rəsmiləşdirilir və canlı donorun tibbi sənədlərinə əlavə edilir.

16.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinə həkim komissiyasının qərarında donor orqanın götürülməsi nəticəsində canlı donorun sağlamlığının geriyə dönməyən pozulmasına, əmək qabiliyyətinin uzunmüddətli itirilməsinə gətirib çıxaran, əlilliyin müəyyən olunması ilə nəticələnən ciddi zərərin dəyməyəcəyi və transplantasiya üçün tibbi əks göstərişlərin olmaması qeyd olunduğu halda yol verilir.

16.4. Canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

16.5. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:

16.5.1. canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır;

16.5.2. yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi bu Qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir;

16.5.3. canlı donor transplantasiya ilə bağlı sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalıdır;

16.5.4. canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bu Qanunun 17.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada bildirməlidir.

16.6. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır.

Maddə 17. Canlı donorun məlumatlandırılmış razılığı

17.1. Donor orqanın götürülməsindən əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə bu Qanunun 1.1.10-cu maddəsində müəyyən edilmiş qaydada məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır. Məlumatlandırılmış razılıq ərizəsinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.

17.2. Canlı donor və onun məlumatlandırılmış razılığına dair məlumatlar canlı donorların reyestrinə daxil edilir.

Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət

18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın.

Maddə 19. Canlı donorun hüquqları və vəzifələri

19.1. Canlı donorun hüquqları aşağıdakılardır:

19.1.1. tibb müəssisəsindən transplantasiya, o cümlədən baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq;

19.1.2. transplantasiya ilə bağlı bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulan tibb müəssisələrində müalicə və reabilitasiya olunmaq, daimi dispanser müşahidəsində olmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq;

19.1.3. istənilən mərhələdə orqan donorluğundan imtina etmək;

19.1.4. orqanı götürüldükdən sonra özünə orqan köçürülməsinə ehtiyac yaranarsa donor orqanla növbədənkənar təmin olunmaq;

19.1.5. orqan donorluğu ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatlardan istifadə etmək;

19.1.6. orqan donorluğu ilə əlaqədar əlilliyi müəyyən edildikdə əmək pensiyası və ya sosial müavinət almaq.

19.2. Donor orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

Maddə 20. Donor orqanı götürülmüş canlı donorun müşahidəsi

Canlı donor donor orqanı götürüldükdən sonra yaşayış yeri üzrə dövlət tibb müəssisəsində müşahidəyə götürülür və daimi dispanser qeydiyyatına alınır. Canlı donorun dispanser müşahidəsinə dair məlumatlar canlı donorların reyestrinə daxil edilir və müntəzəm olaraq yenilənir.

4-cü fəsil

Meyitdən donor orqanların götürülməsi

Maddə 21. Transplantasiya məqsədilə meyitdən donor orqanların götürülməsinə razılıq prezumpsiyası

21.1. Şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər.

21.2. Şəxs sağlığında orqan donorluğu ilə bağlı bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirmədikdə, ölümündən sonra arvadının (ərinin), onlar olmadıqda yetkinlik yaşına çatmış övladlarının və ya valideynlərinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.

21.3. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etdikdə, ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.

21.4. Qəza və təbii fəlakət nəticəsində beyin ölümü baş verdikdə sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və razılıq vermək üçün bu Qanunun 21.2-ci maddəsində göstərilən qohumu olmayan şəxslərin meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq meyitin məhkəmə-tibbi ekspertizasına zərurət olduqda donor orqanların götürülməsi transplantasiya üzrə koordinatorun dəvət etdiyi məhkəmə-tibb ekspertinin iştirakı ilə həyata keçirilir.

Maddə 22. Şəxsin ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsi

22.1. Yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası forması bu Qanunun 22.6-cı maddəsinə uyğun olaraq təsdiq edilən ərizə ilə rəsmiləşdirilir. Ərizə vahid dövlət informasiya bazasına daxil edilmək məqsədilə əlaqələndirici quruma göndərilir.

22.2. Şəxsin iradə ifadəsi haqqında informasiya onun tibbi sənədlərinə daxil edilir.

22.3. Əlaqələndirici qurum şəxsin iradə ifadəsinə dair ərizəsinin daxil olduğu gündən 7 (yeddi) iş günü müddətində bu Qanuna uyğun olaraq tərtib edildiyini yoxlayır.

22.4. Şəxsin iradə ifadəsinə dair ərizə tam doldurulmadıqda və ya ərizədə əks olunan məlumatların dəqiqləşdirilməsi zərurəti olduqda əlaqələndirici qurum ərizəçiyə həmin çatışmazlıqların aradan qaldırılması barədə bildiriş göndərir.

22.5. Şəxsin ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə ərizəsindəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ərizə vahid dövlət informasiya bazasında müvafiq olaraq ölümdən sonra donorluğa razılıq vermiş şəxslərin reyestrinə və ya ölümdən sonra donorluqdan imtina etmiş şəxslərin reyestrinə daxil edilir və bu barədə şəxsə bildiriş göndərilir.

22.6. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 23. Şəxsin donorluqla bağlı iradə ifadəsini dəyişdirməsi

Şəxs ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər.

Maddə 24. Donorun iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyinin təmin edilməsi

24.1. Tibb müəssisəsi və əlaqələndirici qurum şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina etməsi barədə iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyini təmin etməlidir.

24.2. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılması qadağandır.

Maddə 25. Meyitdən transplantasiya məqsədilə orqanların götürülməsi vaxtının müəyyən edilməsi

25.1. Meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilir.

25.2. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq meyitin məhkəmə-tibb ekspertizasının aparılması tələb olunduqda ekspertiza məhkəmə-tibb eksperti tərəfindən donor orqanlar götürülərkən və ya orqanlar götürüldükdən sonra həyata keçirilir.

25.3. Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində on beş il saxlanmalıdır.

25.4. Donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır.

Maddə 26. Meyit donordan götürülənədək donor orqanların qorunub saxlanmasının təmin edilməsi tədbirləri

Meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada tibbi tədbirlər, o cümlədən donorun kondisiyalaşdırılması həyata keçirilir.

Maddə 27. Meyit donordan donor orqanların transplantasiya məqsədilə götürülməsinin aktlaşdırılması

27.1. Meyit donordan donor orqanların transplantasiya məqsədilə götürülməsi başa çatdıqdan sonra donorun bədənindən götürülmüş hər bir orqanla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada üç nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi donor orqanların götürülməsinin həyata keçirildiyi tibb müəssisəsində saxlanılır, bir nüsxəsi donor orqanla birlikdə resipiyentin olduğu və transplantasiyasının həyata keçiriləcəyi tibb müəssisəsinə, digər nüsxəsi isə əlaqələndirici quruma göndərilir.

27.2. Donor orqan səyyar cərrahiyyə briqadası tərəfindən götürüldükdə donor orqanların götürülməsi haqqında aktın dördüncü nüsxəsi də tərtib edilərək səyyar cərrahiyyə briqadasının aid olduğu tibb müəssisəsinin arxivində saxlanılır.

27.3. Donor orqanların götürülməsi zamanı onun zədələnməsi və ya transplantasiya məqsədilə istifadəsini mümkünsüz edən digər hallar barədə məlumatlar bu Qanunun 27.1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş aktda qeyd olunur.

Maddə 28. Meyit donordan götürülmüş donor orqanların transplantasiya məqsədilə bölgüsü

28.1. Meyit donordan götürülmüş donor orqanların resipiyentlər arasında bölgü ardıcıllığı vahid dövlət informasiya bazasındakı məlumatlar əsasında elektron qaydada donor-resipiyent cütlüyünün müəyyən edilməsi yolu ilə həyata keçirilir.

28.2. Meyit donordan götürülmüş donor orqanlar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu şərtlə transplantasiya oluna bilər ki, bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilmiş donor-resipiyent cütlüyünə uyğun Azərbaycan Respublikası vətəndaşı olan resipiyent olmasın.

5-ci fəsil

Yekun müddəalar

Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası

29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır.

29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir.

29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir.

29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır.

Maddə 30. Orqan donorluğu və transplantasiya yardımının maliyyələşdirilməsi

30.1. Sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər üçün donor müayinəsi, habelə orqan köçürülməsi və ondan irəli gələn sonrakı tibbi yardım icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edildiyi halda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq (sığorta limiti, müştərək maliyyələşmə məbləği, gözləmə müddəti və sair nəzərə alınmaqla) xidmətlər zərfi çərçivəsində maliyyələşdirilir.

30.2. Bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulmayan hallarda orqan donorluğu və transplantasiyanın maliyyələşdirilməsi qanunla qadağan olunmayan mənbələr hesabına həyata keçirilir.

Maddə 31. Orqan donorluğu və transplantasiya sahəsində maarifləndirilmə və məlumatlandırılma

31.1. Orqan donorluğu və transplantasiya barədə məlumatlar elmi-praktik araşdırmaların və statistik təhlillərin aparılması məqsədlə yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

31.2. Orqan donorluğunun təbliği məqsədilə tibb müəssisələri, qeyri-hökumət təşkilatları tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar nümayiş etdirilə, seminar və konfranslar təşkil oluna bilər.

Maddə 32. Donor orqanların alqı-satqısının və reklamının qadağan edilməsi

Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır.

Maddə 33. Beynəlxalq əməkdaşlıq

33.1. Azərbaycan Respublikası tərəfdar çıxdığı müqavilələrə uyğun olaraq xarici dövlətlər və beynəlxalq təşkilatlarla orqan donorluğu və transplantasiya sahəsində aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edir:

33.1.1. orqan və toxumaların mübadiləsi;

33.1.2. donor orqanlarla, o cümlədən kök hüceyrələrlə bağlı vahid dövlət informasiya bazasında olan məlumatların məxfilik rejiminə riayət etməklə mübadiləsi;

33.1.3. elmi-texniki əməkdaşlıq.

33.2. Donor orqanın ixracına vahid dövlət informasiya bazasındakı resipiyentlərin reyestrində həmin orqana ehtiyacı və genetik, immunoloji uyğunluğu olan resipiyentin olmadığı halda yol verilir.

33.3. Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.

Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 35. Keçid müddəalar

35.1. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

35.2. Bu Qanun qüvvəyə mindiyi gündən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli 726-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 5; 2001, № 12, maddə 731; 2008, № 7, maddə 602; 2017, № 1, maddə 1; 2020, № 7, maddə 827) ləğv edilir.

Oxşar xəbərlər

Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK

Sabahdan Azərbaycanda dərmandan istifadə ilə bağlı qaydalar DƏYİŞƏCƏK

Azərbaycanda dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tə...

12355 Sosial 11:39 31 dekabr 2019

Son xəbərlər