VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyatda müəyyən bir uğur qazanmaq üçün illərlə əziyyət çəkirik. Zəhmətinin bəhrəsini görmək isə hər kəsə qismət olmur. Gözəlliyi, zəkası ilə ətrafındakıları valeh edən qadınlar da, ağlı və şərəfi ilə seçilən mərd oğullar da bir səhvin qurbanı olurlar.

Yenə də mövzumuz cəmiyyəti uçuruma aparan narkomaniya ilə mübarizədir. Bu dəfə narkotik maddənin bir qadının həm özünün, həm də ailəsinin həyatını necə məhv etdiyi barədə danışacağıq.

Bunu bizim yox, elə onun öz dilindən eşidəcəksiniz.

Cəmiyyətdə maarifləndirmə tədbirlərinə dəstək olmaq məqsədilə Oxu.Az-ın əməkdaşları narkotik bəlası səbəbindən həyatları məhv olmuş insanlarla həmsöhbət olub. Yolumuz 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsinədir.

Belə ki, 18 yaşında ailə quran Hüseynova Rəna Zahid qızı deyir ki, etdiyi səhvlər, rəfiqələri ucbatından öncə ailəsi, sonra bütün həyatı məhv olub.

Rəfiqələr, içki, əyləncə...

Rəna deyir ki, ailəsinin dağılmasına səbəb olan rəfiqələri indi həyatda yoxdur:

“Onları özümə dost sayırdım. Qonşuluqda qalırdıq. Anam hər zaman deyirdi ki, o qızlardan uzaq ol. Mən isə anlamırdım. Ailə qurub getdikdən sonra daha əlaqə saxlamaram deyə zənn etdim. Amma yenə də olmadı. Onlar məni qızışdırırdı, gəl gedək, gəzək, içək və s. Mən də onlara vaxt ayıracam deyə ailəmdən oldum. İki il sonra ayrıldım, bir oğlumla tək anamgildə yaşamağa başladım.

Mağazalarda satıcı kimi işləyirdim. Başımı dolandırırdım. Bir gün yenə həmin rəfiqələrimlə görüşmək üçün anamı aldatdım. Ona yalan dedim ki, iş yoldaşımın ad gününə gedirəm. Amma o qızlarla birlikdə gecə restorana gedib çoxlu içdik. Hərə öz problemlərindən danışmağa başladı. Birdən rəfiqəm dedi ki, al bunu iç, hər şey keçəcək. Mən də içdim. Uzun illər sonra bilmişəm ki, onun anası narkotik istifadəçisi idi. Qız da narkotiki anasından oğurlayıb bizə gətirirdi”.

Rəna uzun illər maaşını narkotik vasitələrə verir. İşdən göndərdikləri ezamiyyətə getməyib və bu kimi səbəblərdən işindən də azad olunub.

Dərmanla başlayan və “patı” ilə bitən həyat

Rəna deyir ki, 2 ay narkotik çəkirdisə, digər zamanlarda onu almaq üçün işləyirdi:

“Mən oğurluq etmirdim. Öz pulumu qazanıb dərman alırdım. Amma sonra dərmanlardan daha yaxşısını axtardım və “kakos”a (sintetik narkotik) başladım. Bir qədər sonra da metamfetamin ("patı") qəbul etməyə başladım. Onu çəkdiyimdə elə bilirdim ki, içimdən ikinci Rəna çıxır. Məndə zombiləşmə gedirdi. Evdə tək otaqda divarlarla danışırdım. Divara doğru durub gözümə görünən qadına yalvarırdım ki, “heç kimə demə ki, məni kayfda tutmusan”.

Qarabasmalar, qışqırıq səsləri...

Gecə səhərə qədər otaqda saatlarla heç kimin görmədiyi “insanlar”la söhbət edən, qışqıran Rəna anasının müalicə təklifini də qəbul etmir:

“Əslində otaq boş idi. Saatlarca kiminsə məni izlədiyini zənn edirdim. Elə bilirdim otaqda it var, məni dişləyəcək. Anam, nənəm dəli olurdu. “Patı” məni elə günə saldı ki, oğlum da məni tanıya bilmirdi. Yolda getdiyim yerdə arxadan gələn adama hücum çəkirdim. Elə bilirdim, məni izləyir.

Marketə gedirdim, elə bilirdim ki, pulqabını orada unutmuşam. Dava salırdım, söz-söhbət yaradırdım. Dəfələrlə olub ki, problem yaşamışam deyə, qapımıza gəliblər. Anamın, qardaşımın, oğlumun mənim problemlərimə görə başlarına oyun gəldi”.

Qardaşım məni bu yoldan ayırmaq üçün çalışdı, lakin nail ola bilmədi. Rənanın günahından qardaşına da 8 il hökm oxunub. Qardaşının da ailəsini dağıdan Rəna deyir ki, ağlına da gəlməzdi ki, bir anlıq həzz üçün aldığı “patı” onu geri dönüşü olmayan yola aparar:

“Qardaşımın ailəsi dağıldı. Özünə 8 il iş kəsdilər. Oğlum qapımıza gələn adamları döydüyü üçün tutuldu. Anam oğlum üçün əlindən gələni edirdi ki, tutulmasın. Amma heç indi məlumatım da yoxdur ki, oğlumun aqibəti necə oldu”.

Rəfiqələrinin bədənini qurd basdı, özünün isə ayaqları çürüyür...

Narkotikin təsiri altında qaynar çaydanı aşıran Rəna ayaqlarını yandırır. Elə bədəninin çürüməsi də bundan sonra başlayır:

“Mənim rəfiqələrimin də əl-ayaqlarını qurd basırdı, çürüməyə başlayırdı. Görəndə heç tanımamışdım. Ağlıma gəlməzdi ki, mən də belə olaram. Ayaqlarıma qaynar su tökülmüşdü və yanmışdım. Lakin “patı” istifadə etdiyim üçün yara sağalmadı və çürüməyə başladı. Həkim deyir ki, yaranın yeri sağalmır, sintetik narkotikin tərkibi orqanizmi çürüdür. Bu günə qədər qəbul etdiyim “patı” ayaq sümüyündə problem yaşadacaq. İllərlə bu belə davam edəcək.

Vəziyyət elə gəldi ki, ailəm mənim ölümüm ilə məhbusluğum arasında seçim etdi. Ölməyim deyə, məni həbsə göndərdilər. Düşünmürdüm ki, mənə 8 il iş kəsilsin. 8 ilin artıq 1 il 6 ayı geridə qalıb. Həbs olunandan sanki bir az özümə gəlmişəm. İslah olunuram. Amma geri baxanda məni vahimə basır. Kaş heç vaxt bu yola düşməzdim. İlk dəfə bu narkotikə yaxın durduğum günə qayıda bilsəm, heç vaxt dadına baxmazdım. Ailəm pərəm-pərəm oldu. 8 aydır oğlum tutulub, gəlib-gedən yoxdur yanıma”.

Rəna deyir ki, onun həyatı gənclərin narkotik vasitələrdən uzaq qalmasına vəsilə olarsa, heç olmasa bu qədər çəkdiyi əziyyət bir işə yaramış olar:

“Gənclərin bu yola düşməsini istəmirəm. Çalışsınlar, pis dostlardan uzaq olsunlar. Gənc yaşda insan pisi yaxşıdan ayıra bilmir. Valideynlərin sözlərini dinləsinlər. Sonrakı peşmanlıq fayda vermir”.

BAKU.WS