Metroda şort qalmaqalı, çimərlikdə saçyoldu – “Ən böyük əxlaqsızlıq…”

Metroda şort qalmaqalı, çimərlikdə saçyoldu – “Ən böyük əxlaqsızlıq…”
Sosial 3949
Hər birimiz mütəmadi olaraq, kiminsə aqressiv davranışı ilə üzləşirik. Bizə qarşı tərbiyəsizlik edirlər, kobud danışırlar, itələyirlər və hətta söyürlər. Son vaxtlar böyük müzakirələrə səbəb olan metrodakı qısa şort qalmaqalı, çimərlikdə xanımların saçyoldusu və s. kimi hallar insanların bir-birilərinə qarşı çox aqressiv olmalarından xəbər verir. Görəsən, hansı səbəbdən insanlar bir-birilərinə qarşı belə aqressiv və əsəbi davranır? Onları bu cür çirkin addımlar atmağa nə vadar edir? Digər həyati hadisələr kimi aqressiyanın yaranmasının da xüsusi səbəbləri var. BAKU.WS məsələni araşdırmağa çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, sosioloq Əhməd Qəşəmoğlu bu kimi halların baş verməsində mənəvi dəyərlərin get-gedə arxa plana keçməsində görür:“Min illərdir ki, bütün dini kitablar, müdrik insanlar, peyğəmbərlər deyirlər ki, cəmiyyətdə, həyatınızda, ətrafınızda mənəvi dəyərlər öndə olsun, cəmiyyəti daha çox tənzimləyən mənəvi dəyərlər olsun. Bütün bədii əsərlərdən, folklordan bilirik ki, o cəmiyyətdə ki, mənəvi dəyərlər sıxışdırıldı, arxa plana keçdi, orada xoşagəlməz hadisələr baş verir – bu, cəmiyyətin qanunudur. Qeyd etdiyiniz halların da ortaya çıxması cəmiyyətdə get-gedə mənəvi dəyərlərin arxa plana keçməsi ilə bağlıdır. Maddi dəyərlər, şöhrətbazlıq, başqasına gücünü nümayiş etdirmək və s. – təəssüf ki, cəmiyyətdə belə bir yarışma gedir. Hər bir insan həmişə çalışır ki, özü öz hansısa potensialı, qabiliyyəti ilə başqalarından fərqlənsin. Mənəvi dəyərlərə üstünlük verəndə insanlar bir-biri ilə daha yaxşı, xoş münasibətdə olurlar və cəmiyyətdə ahəng yaranır. Təəssüf ki, cəmiyyətimizdə dediyiniz hadisələr baş verməkdədir. İnsanlar, küçədə, cəmiyyət içində bir-biri ilə öz mədəniyyəti ilə yox, özlərinin bir-birilərinə qarşı olan qıcığı ilə davranırlar. Nə qədər gec deyil, çalışmalıyıq ki, bu sahədə humanitar siyasətimizi elə quraq ki, cəmiyyətdə get-gedə mənəvi dəyərlər ön plana keçsin”.
Psixoloq Xatirə Səfərova aqressiyanın yaranma səbəblərini belə izah edib:“Ümumiyyətlə, dünyada hər bir insanın yaşama energetikası var və hər bir insanın içində iki növ kanal var: libido və mortido. Bu kanallar insanların yaşama mübarizəsini mənfi və müsbət üzərində davam etdirir. Libido qurucu, mortido isə dağıdıcı kanaldır. Məhz bu kanalların sayəsində insan həyatda bəzən qurur, bəzən də qurduğunu dağıda bilir. Hər bir insanın motivi var. Bəzən insan özü-özlüyündə başa düşmür ki, hərəkətlərinin motivlərinin əsasında nə dayanır, o nə istəyir. Hərdən bizim ehtiyaclarımız ödənməyəndə daxili aqressiya yaranır və bu aqressiya öz qığılcımlarını hansısa bir yolla biruzə verir. Daxilimizdəki motivi təyin etmək üçün biz ehtiyaclarımıza nəzər salmalıyıq. Ehtiyac iki cür olur: açıq və gizli. Açıq ehtiyac, məsələn, siz su içmək istəyirsiniz, bunun üçün mətbəxə keçirsiniz, suyu götürürsünüz və içdiyiniz vaxt ehtiyacınız ödənilir. Gizli ehtiyac isə siz nə isə istəyirsiniz, amma bilmirsiniz. Məhz o istədiyinizi tapa bilmədikdə insanda həmin anda da aqressiya formalaşır. Bəzi insanlar uğur əldə etmək düsturunu pulda görürlər, amma bəzən heç bir maddi problemi olmayan insanlarda da aqressiya formalaşır. Əgər aqressiya daxili ehtiyacdan irəli gəlirsə, demək ki, bunun təkcə maddiyatla yox, mənəviyyatla da əlaqəsi var. Təsəvvür edin ki, insanlar motivlərini düzgün təyin etmədikdə, qaralama bir dəftərin üzərindəki kimi yaşamağa başlayır və bu həyat zamanımızı, məqsədlərimizin doğru-düzgün formalaşmasını əlimizdən alır. Hər bir insan individual xüsusiyyətlərə malikdir. Biz bir insanın motivini tapsaq, görə bilərik ki, onun aqressiyası nədən yaranır. O “nədən”i tapdıqdan sonra isə insana çox gözəl alternativlər təklif edəndən sonra, o aqressiya insandan uzaqlaşır. Biz aqressiyanın yaranma səbəblərini daxili ehtiyaclarımızda tapsaq, görərik ki, hər bir millətin özünəməxsus yaşam proqramları var. Bizdə başqa insanlara görə yaşamaq, davranmaq, ailə qurmaq, boşanmaq və s. daha çox rast gəlinir, yəni sosial kompromizm üstünlük təşkil etdikdə insanlar süni şəkildə özlərini cəmiyyətə təqdim edirlər. Hər kəs yaxşı bilir ki, hansı atdığı addım onun üçün doğru, hansı isə yalnışdır. İnsan özlüyündə biləndə ki, etdiyi səhvdir, lakin onu edir, bu hərəkəti öz bəhanələri ilə bəzəyir. Bununla da yenə insanlarda aqressiya formalaşır. İnsanlarda aqressiyanın formalaşması humanizmin aşağı olmasından da irəli gəlir”.
Tanınmış müğənni Nura Suri isə aqressiyanın, paxıllığın yaranmasında daha çox sosial şəbəkələri, saytları və televiziya kanallarını günahkar hesab edir:“Aqressiyanın əsas səbabkarları ilk növbədə saytlar və televiziyadır. Mən övladlarıma televiziyaya baxmağı və sosial şəbəkələrdən istifadə etməsinə gün ərzində 30 dəqiqə icazə verirəm. Hansısa verilişlərdən, insan beyninə təsir edəcək bu kimi şeylərdən uzaqdırlar. Əvvəllər insanlar bir-birinə daha mərhəmətli yanaşırdılar, onların münasibəti daha real idi. İndi hər kəs bu reallıqdan uzaqlaşıb və virtual həyata daxil olub. Adama elə gəlir ki, tərbiyəsizlik edirsənsə, aqressivsənsə, istədiyin profildən girib istədiyin insanı söyə bilərsən və bunun cavabında sənə heç kim heç nə etmir. Əlbəttə ki, bu, insanların canına hopur. Aqresiyya bizim izlədiyimiz verilişlərdə, seriallarda çox təbliğ olunur: qayınana gəlini evdən qovdu, kimsə yaşlı valideynini evdən çıxartdı. Çoxları düşünür ki, əgər o edibsə, mən də edim. Bu, indi real həyata keçid edib və insanlar artıq buna öyrəşib. Yəni virtual həyatda bunu etmək olarsa, demək ki, həyatda da olar. Onu da vurğulamalıyam ki, insanların bir-birinə qarşı aqressiyası, paxıllığının səbəbi yenə də sosial şəbəkələrdir, ələlxüsus da “Instagram”. İnsanlar orada həm yerli, həm də dünya məşhurlarının həyatını izləyir və onlar da elə yaşamaq istəyirlər. Bizim dövrdə uşaqlardan soruşanda kı, hansı peşənin sahibi olmaq istəyirsən, deyidilər ki, kosmonavt, həkim, polis və s. İndi isə hər kəs bloqer olmaq istəyir, heç nə etmədən pul qazansınlar deyə. Sənə hər hansısa bir əşyanı, geyimi və s. verirlər və sən bunun reklamını edirsən. Bunun üçün də nə univeristetdə oxumaq, nə də əziyyət çəkmək lazımdır. Təbii ki, mən qeyri-peşəkarlardan danışıram. Edə bilməyənlər bunu bacaranlara baxıb, eynisini təkrarlamaq istəyirlər, təki pulu asan qazansınlar. İnsanların gündəlik gördüklərini, aldıqları informasiyanı beynləri qəbul edə bilmir və belə fəsadlar yaranır. Fikir vermisinizsə, indi hamı bir-birinə bənzəyir. Bunu sənət adamları, efirə çıxanlar edər. Dünya yaranandan belə olub. İndi məktəbli qızlar “Son zəng”də makiyajlarını aktrisalar kimi edirlər. Artıq insanlarda individuallıq qalmayıb. Saytlar da verdikləri hər bir xəbərdə son dərəcə diqqətli olmalıdır. Gündə biri özünü damdan atır və digərləri də öyrənir. İnsanların təkcə bir-birilərinə qarşı deyil, həm də özlərinə qarşı olan aqressiyanın səbəbini tapmaq lazımdır. Bu mövzu ətrafında günlərlə danışmaq olar. İndi hər kəs rahat şəkildə efirə çıxır, amma bu belə olmamalıdır. Efirdə elə insanlar görürəm ki, artıq özüm efirə çıxmaq istəmirəm. Kimin pulu varsa, çıxıb ağzına gələni efirdə danışa bilər, özünü reklam edə bilər. Biz adi kitab oxumaq üçün kitabxanaya gedirdik, növbəyə yazılırdıq, kitabin her səhifəsini ehtiyatla çevirirdik ki, əzilməsin, cırılmasın, oxuyub qaytarırdıq. İndi heç bir hərəkət etmədən istədiyin kitabı internetdə tapıb oxuya bilərsən. Ən böyük tərbiyəsizlik, əxlaqsızlıq başqa adamın əxlaqına baxmaq, onda səhv axtarmaq, ümumiyyətlə, onu müzakirə etməkdir. İnsanlar başa düşməlidir ki, müzakirə olunası şeylər: pulla diplom alan həkim, pis müəllim, rüşvətxorluq, oğurluq olmalıdır, yəni başqalarına, cəmiyyətə ziyan vuran hallar. Kiminsə əxlaqı, geyimi sizi niyə narahat edir? Narahat olunası qınanılası, başqa mühüm məsələlər var. Əgər bir müğənnini bəyənmirsənsə, baxma, sən niyə onu söyməlisən, niyə bunun cəzası yoxdur?! Metrodakı məsələyə gəldikdə isə onu demək istəyirəm ki, “qəhrəmanlıq” etmək istəyən həmin oğlanın ağlı yoxdur, çünki kitab oxumur, heç nə etmir, həyatda ancaq onu-bunu müzakirə etmək və güdməklə məşğuldur. Bu, psixoloji xəstəlikdir. Tanımadığın, sənə pislik etməyən insan haqda min fikir söyləmək həmin insanda psixoloji problemlərin olmasından xəbər verir. Ümumiyyətlə, düşünürəm ki, bütün məktəblərdə, baxçalarda tam ciddi şəkildə peşəkar psixoloqlar çalışmalıdır, onları yönəltməlidirlər, başa salmalıdırlar. Fikir verin, sanki insanların düşüncə tərzini dəb idarə edir. İndi kitab oxumağı, ağıllı olmağı, sadə olmağı dəbə salmaq lazımdır. İnsanın əynindəki paltarı ona dəyər verə bilməz, əgər onu geyinən insanın dəyəri yoxdursa. Bütün bunlar insanlara çatdırılmalıdır, onlar başa düşməlidirlər ki, pul lazımdır, amma vacib amil deyil. İnsana xoşbəxt olmaq üçün pul yox, sevgi lazımdır. İnsan həyatına, dünyaya, təbiətə, sevgi ilə yanaşmalıdır. Bir-birini müzakirə edən, onu-bunu “zəhərləyən” insanlar heç vaxt xoşbəxt olmayacaqlar, bunu onlara başa salmaq lazımdır. Mən demirəm ki, sosial şəbəkələr pisdir, sadəcə olaraq, insanlar nəyi görmək istəyirsə, onu görür və onu götürür. Məsələn, milçək nəyə qonursa, onu da axtarır və hər yerdə axtardığını görür. Arı isə gül-çiçəyi sevdiyi üçün gül-çikək axtarır və hər yerdə də gül-çiçək görür. İnsanlara, uşaqlara uydurma yox, real qəhrəmanlar təbliğ olunmalıdır. Məsələn, suda boğulan bir heyvanı xilas edən şəxs. Əlbəttə, ona baxan uşaq fikirləşəcək ki, kiməsə yardım etmək çox yaxşıdır. Uşaqlara, gənclərə xeyirxahlığı və bu kimi yaxşı şeyləri aşılamaq lazımdır. Bunların hamısını xırdalayıb hər kəsə çatdırmaq lazımdır. Televiziyalarımızda uşaqlar üçün normal verilişlər də yoxdur. Efirlərə ancaq bədniyabət insanları çağırırlar, o bunun üzünə tüpürür, o birisi ona ağzına gələni deyir. Belə şeylər etmək olmaz! Bunu açıq-aşkar təbliğ etməyin. Çox istərdim ki, bu mövzu haqqında xalq artisti Zeynəb Xanlarova və digər canlı korifeylərimiz də fikir bildirsinlər”.Yuxarıda qeyd olunan fikirlərdən də göründüyü kimi, aqressiyanın səbəbləri müxtəlifdir. Hər üç həmsöhbətimin dəyərli fikirlərinə nəzərə alsaq, belə nəticəyə gəlib çıxırıq ki, müasir cəmiyyətdə aqressiyanın yaranması milli-mənəvi dəyərlərimizin arxa plan keçməsi, humanizmin aşağı səviyyədə olması, KİV-lərin mənfi “qəhrəmanları” təbliğ etməsi və insanların bir-birinə olan paxıllığından irəli gəlir. Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər