Qarabağın dirçəlişi - Azərbaycanın inkişaf fəlsəfəsinin yeni mərhələsi
Qarabağ, Şərqi Zəngəzur yenidən Azərbaycanın dilbər guşələrinə çevrilir. Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına son səfərlərinə həm də bu kontekstdən yanaşmaq lazımdır.
BAKU.WS bu mövzuda "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Bir zamanlar qanlı döyüşlərin meydanı olan Qarabağ və Şərqi Zəngəzur torpaqları indi tamam fərqli mənzərənin müşahidə edildiyi məkan kimi, təkcə Azərbaycanda yox, ölkəmizin sərhədlərindən çox kənarlarda da diqqət mərkəzinə düşür. Bu yerlərdə gedən abadlıq-quruculuq işləri sürət dinamikası, əhatə dairəsi, çoxşaxəli xarakter daşıması baxımından fərqlənir.
Doğma yurd-yuvasına qovuşanların sayı sürətlə artır
Postmüharibə dövründə azad edilmiş torpaqların yenidən qurulması, orada həyatın bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi kimi nəhəng missiyanın uğurunu şərtləndirən başlıca faktor bu prosesin Prezident İlham Əliyevin birbaşa nəzarəti və rəhbərliyi altında sistemli şəkildə reallaşdırılmasıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən həyat qaynayır, doğma yurd-yuvasına qovuşanların sayı artıq hər ay, hər həftə yox, demək olar ki, hər gün artır. Biri-birinin ardınca bu yerlərə yola salınan köç karvanları Qarabağ və Şərqi Zəngəzurun intibahını da özündə ehtiva edir. Üzərlərindən artıq məcburi köçkün statusu götürülən şəxslərin ata-baba torpaqlarında məskunlaşdırılması ilə yanaşı, məşğulluqlarından tutmuş təhlükəsiz və rahat şəraitdə yaşamlarının təmin edilməsi kimi geniş sferada olan bütün məsələlər də ən yüksək səviyyədə diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına son səfərlərinə həm də bu kontekstdən yanaşmaq lazımdır.
Cəbrayıl və Zəngilan rayonlarında yeni açılışlar
Dövlət başçısının budəfəki səfərləri də çoxsaylı açılış, təməlqoyma mərasimləri ilə yadda qaldı. Prezident İlham Əliyev Cəbrayıl rayonunda Horovlu kəndinin birinci mərhələsinin, "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak etdi, şəhər məscidinin, ikinci və üçüncü yaşayış komplekslərinin, Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməllərini qoydu. Zəngilan şəhərində isə dövlət başçısı 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış oldu, həmçinin Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak etdi.
Prezident İlham Əliyev Horovlu, Məmmədbəyli və Ağalı kəndlərində sakinlərlə görüşdü, buralara köçən sakinlərə mənzillərin açarlarını şəxsən təqdim etdi, onlarla söhbətləşdi, bütün arzu və istəklərini həmin insanların dilindən bilavasitə dinlədi. Prezident doğma vətənlərinə qayıdışları münasibətilə keçmiş məcburi köçkünləri təbrik etdi. Belə yüksək diqqət və qayğı heç şübhəsiz ki, insanları daha da ruhlandırır, gələcəklərinə inamlarını, əminliklərini artırır.
Bu, həm də doğma torpaqlarda yaşayıb yaratmaq, düşmən tapdağından xilas olmuş əraziləri yenidən gülüstana çevirmək üçün mühüm bir stimuldur, dövlətin sözügedən istiqamətdə gördüyü işlərə fərdlərin də öz töhfələrini verməsinə təkan verən faktordur. Ümumiyyətlə, Prezident İlham Əliyevin azad olunmuş torpaqlara səfərləri eyni zamanda liderlə xalq arasında birliyin, rahat, sərbəst təmasın daha bir göstəricisidir. Hər bir səfərdə Prezident özü şəxsən işğaldan azad edilmiş şəhərləri, kəndləri ziyarət edir, yenidənqurma planları ilə tanış olur, sakinlərlə söhbət edir, onların rəy və təkliflərini dinləyir. Bu da aparılan bərpa-quruculuq prosesində insanların mövqeyinin nəzərə alınmasını təmin edir.
Qarabağda, Şərqi Zəngəzurda dayanıqlı məşğulluq mühiti
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə təkcə yaşayış məntəqələrinin deyil, həm də sosial həyatın bərpasını əsas prioritet kimi müəyyən edib. Müxtəlif sosial infrastrukturun inşası ilə yanaşı, bu yerlərdə iqtisadi fəaliyyətin canlandırılması istiqamətində də mühüm addımlar atılır. Horovlu kəndində sakinlərlə görüşündə Prezident İlham Əliyev bu mövzuya xüsusilə toxunub: "Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar".
Dayanıqlı məşğulluq mühitinin formalaşdırılması istiqamətində görülən işlər təkcə azad olunan ərazilərin yox, ümumən ölkə iqtisadiyyatının yüksəlişində Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının xüsusi çəkisini davamlı şəkildə artırır.
Bu ərazilərdə kənd təsərrüfatı və sənaye istehsalının bərpası, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər artıq öz bəhrəsini verir, eyni zamanda dövlətin, onun liderinin bura köç edən insanlara da qayğısının daha bir təzahürü kimi çıxış edir. Digər bir mühüm nüans odur ki, azad olunan ərazilər innovativ kənd təsərrüfatı və ekoloji iqtisadiyyatın mərkəzi statusunu daşımağa başlayıb. Dövlətin yanaşması bundan ibarətdir ki, məşğulluq siyasəti bu ərazilərin iqtisadi dirçəlişinin və məskunlaşma prosesinin təməl daşıdır.
Dünya üçün unikal inkişaf modeli
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bərpa və quruculuq prosesi bu gün unikal inkişaf modeli kimi qəbul olunur. Bu bərpa prosesi həm də Azərbaycan xalqının yenilməzliyinin və dövlətin gücünün təcəssümüdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır. Sitat:
"Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır... "Böyük Qayıdış"ın əyani sübutu bu gün gözünüzün önündədir".
Beləliklə, Azərbaycanın hər bir guşəsi kimi, azad edilmiş ərazilər də Prezident İlham Əliyevin rəhbərliyi altında dirçəlir, inkişaf edir, ölkəmizin qüdrətinə qüdrət qatır. Bu mənada şübhə yoxdur ki, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri sadəcə bir regionun dirçəlişi deyil, Azərbaycanın inkişaf fəlsəfəsinin yeni, müasir, özü də olduqca önəmli mərhələsidir.
Oxşar xəbərlər
Sahibə Qafarova Misirdə səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın Misirə işgüzar səfəri başlayıb. BAKU.WS xəbər verir ki, Azərbaycan parlamentinin sədrini Qahirənin beynəlxalq hava liman...