Xalq artistinin qızının adı erməni ilə qalmaqalda
Bakının ən tanınmış gözəllik salonlarının saç ustaları və stilistlər məşhur erməni Georgi Kotdan ustad dərsləri almaq üçün Soçiyə gediblər.
"Qafqazinfo” xəbər verir ki, bu haqda "Yeni Müsavat” məlumat yayıb. Xəbərə görə, paytaxtın məşhur gözəllik salonları "Ambassade de LaBeaute” və xalq artisti Ramiz Novruzun qızı Şəfəq Ramizqızına məxsus "Şəfa studio”nun tanınmış stilistləri bu günlərdə Rusiya və digər ölkələrdə məşhurluq qazanan erməni stilisti Georgi Kotdan ustad dərslər alıblar. Bu azmış kimi azərbaycanlı stilistlər sosial şəbəkələrdə fəxrlə erməni Kotla olan səmimi fotolarını paylaşıblar.
"Ambassade de LaBeaute”nin əməkdaşı bu cür çoxlu foto paylaşaraq belə bir şərh yazıb: "Salonun Rəna Qayıbova, Ellada və Eyvaz Kotun Soçidəki ”Fashion Studio"dakı seminariyasında iştirak edib".
"Şəfa studio”nun stilisti isə paylaşdığı statusda erməni Kotla tanış olduğu üçün çox xoşbəxt olduğunu qeyd edib: "Bütün dərs boyu mənə ayrıca diqqət göstərdi və səhnəyə də məni iki dəfə dəvət etdi. Mənim kimi professionalın ondan dərs aldığına görə çox şad olduğunu söylədi. Mən də çox xoşbəxtəm ki, bu gözəl insanı tanıdım və bütün ölkələrin içində Azərbaycanımızın adını dönə-dönə və möhkəm söyləməsi təbii ki, bizim üçün də fəxrdir...”
Azərbaycanlı stilistlərin bu hərəkəti sosial şəbəkələrdə böyük etiraz və narazılıqla qarşılanıb. Nəticədə "Ambassade de LaBeaute”nin əməkdaşlarının paylaşdıqları fotolar sosial şəbəkələrdən yığışdırılıb.
Özünü salonun direktor müavini kimi təqdim edən Ağa adlı şəxs "Yeni Müsavat”a açıqlama verərək bildirib ki, artıq azərbaycanlı stilistlər geri çağırılıb. Onun sözlərinə görə, Georgi Kotun erməni olduğundan xəbərsiz olublar, üstəlik, stilistlər Soçiyə öz xoşları ilə gedib: "Bizim ora cəmi iki stilistimiz gedib. Onlar da öz xoşları ilə gediblər, biz göndərməmişik. Amma Azərbaycanın digər salonlarının əməkdaşlarının bütün heyəti orda olub. Buna görə sırf bizdən yapışmaq doğru deyil... Biz Georgi Kotu rus vətəndaşı bilirik. İndi də araşdırdıq, məlum oldu ki, o erməni deyil... Əməkdaşlarımızın özləri gediblər. Bu onların öz seçimləridir. Onlarla əlaqə saxlamışıq, təcili Bakıya qayıdırlar”.
Adı çəkilən salonun rəsmisi dəfələrlə Kotun erməni olmadığını desə də, sosial şəbəkələrdə erməni ilə olan fotoların tələsik yığışdırılması, əməkdaşlarını niyə təcili geri çağırması əslində məsələnin mahiyyətini tam olaraq ortaya qoyur.
Qeyd etdiyimiz kimi, Soçidə fəxrlə erməni Georgi Kotdan ustad dərslər alan azərbaycanlı stilistlərdən "Şəfa studio”nun əməkdaşları da var. Bəzi mənbələrdən əldə etdiyimiz məlumata görə, adı çəkilən salonun çoxlu sayda işçi heyəti Soçidə iştirak edib. Məlumdur ki, "Şəfa studio” xalq artisti Ramiz Novruzun qızına məxsusdur. Onu adı bir neçə ay bundan əvvəl də erməni Kotla birgə çəkilirdi. Belə ki, mətbuatda yayılan məlumatlara görə, xalq artistinin qızı aprel ayında ustad dərslər vermək üçün Kotu Bakıya dəvət edib. Lakin ictimaiyyətin qınağı stilistin bu arzusunu ürəyində qoyub. Xalq artisti isə açıqlama verərək qızının erməni stilistini Bakıya dəvət etməsinə bu cür aydınlıq gətirmişdi: "Şəfəq onu Azərbaycana dəvət etmişdi. Lakin mən bu söhbəti eşidəndə Şəfəqə qarşı çıxdım, dedim ki, lazım deyil, qoy gəlməsin. Əgər Azərbaycan cəmiyyəti yarı bolqar, yarı erməni olan stilisti istəmirsə, biz də qəbul etmirik. Həmin söhbət də bununla bağlanıb”.
Lakin görünür, xalq artistinin qızı erməni stilistini Bakıya gətirə bilməsə də, öz əməkdaşlarını ustad dərslər almaq üçün Kotun yanına göndərməyə nail ola bilib.
Məsələ ilə bağlı Şəfəq Ramizqızı ilə əlaqə saxlamağa çalışsaq da, rəhbəri olduğu salonun əməkdaşları onun daim məşğul olduğunu, bunun üçün də suallara cavab vermək iqtidarında olmadığını bildirdilər.
Georgi Kot kimdir?
Bəziləri özün müdafiə üçün onun erməni ilə heç bir bağlılığı olmadığını desə də, stilistin bioqrafiyasında anasının erməni olduğu qeyd olunub. Belə ki, Georgi Kot 1984-cü ildə Abxaziyada anadan olub. O, anası Susanna Aqozyanın doğum günündə dünyaya gəlib. Atasına gəldikdə isə, Kot nədənsə atası haqda danışmaqdan həmişə yayınmağa çalışıb. Hətta internet resuslarında atası haqqında heç bir məlumat, informasiya yerləşdirməyib.
Kot 14 yaşından saç ustalığı ilə məşğul olmağa başlayıb. Tez bir zamanda özünə böyük kariyera quran Kot hazırda Soçidə "Beynəlxalq Gözəllik Akademiyası”nın prezidentidir. Araşdırmamız zamanı məlum oldu ki, onun rəhbərlik etdiyi "Fashion Studio”da bir-iki rusiyalı istisna olmaqla, demək olar ki, bütün heyət ermənilərdən ibarətdir. Hətta birinci köməkçisi, assistenti də erməni Anjelika Sarqyandır. Heyətin içərisində Elvira Həmzəyeva adlı azərbaycanlının da olduğu bildirilir. Bəzi məlumatlara görə, Kotun yenicə evləndiyi xanımı da erməni qızıdır.
BAKU.WS
Oxşar xəbərlər
Erməni ərindən olan oğlunu Bakıya gətirmək istəyən qadın kimdir?
Kristina Konstantinovanın 8 yaşlı övladı Bakıya niyə buraxılmayıb? Bu gün səhər saatlarında bir sıra erməni KİV-ləri belə xəbər yayıblar ki, erməni familiyasın...