Paytaxtda ölümlə oynayan insanlar (FOTO)

Paytaxtda ölümlə oynayan insanlar (FOTO)
Şou-biznes 1496

 

Məşhur filmlərdən birində tez-tez istifadə olunan "qaydalar onları pozmaq üçündür" məsəli, təəssüf ki, bəzi insanların adi həyat tərzinə çevrilir. Onlar qaydaları sadəcə pozmaq xətrinə pozur, heç bir çərçivəyə sığmırlar. Belə halların ayrı-ayrı sahələrdə kütləviləşməsi  isə xoşagəlməz hadisələrə, faciələrə, insan ölümlərinə yol açır. Buna şərait yaradan qayda pozuntularından biri də şəhərimizin bəzi sakinlərinin nəqliyyat sıxlığının olduğu yerlərdə piyadaların təhlükəsizliyi üçün quraşdırılmış yeraltı və yerüstü keçidlərdən, piyada zolaqlarından istifadə etməmələri, sürücülər üçün qəza şəraiti yaratmalarıdır. BAKU.WS Publika.az saytına istinadən paytaxtın piyada zolaqları, yeraltı keçidlərinin olduğu küçələrdə müşahidələr apararaq piyadaların yol hərəkəti qaydalarına necə riayət etdiklərini araşdırıb.   İlk olaraq qeyd edim ki, piyadaların yolun hərəkət hissəsinin, yaxud yol keçidinin müəyyən olunmayan yerdən keçilməsi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır.  Bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 153.1-1 maddəsinə əsasən, 20 manat cərimə nəzərdə tutulur.   "Qaydaya kim riayət edir ki, mən də edim?", "Tələsirəm e..."   Müşahidələrimizə paytaxtın Xətai rayonu ərazisindəki küçələrin birində başladıq. Piyada zolağının, üstəlik yeraltı keçidlərin olduğu "Əhmədli" metrostansiyasının qarşısındakı ərazi sərnişin avtobuslarının və minik avtomobillərinin sıx olduğu ərazilərdəndir. Buradakı küçədə piyada zolaqları olsa da, bunlara əhəmiyyət verənlər, demək olar ki, yox idi. Əksər piyadalar nəqliyyatın hərəkətinin intensiv olduğu küçədən keçəndə piyada zolaqlarından istifadə etmirdilər.   Ərazidə 1 saat ərzində 20-yə yaxın piyadanın özlərinin və digərlərinin həyatı üçün təhlükə yaratdığını, ölümlə burun-buruna gəldiklərinin şahidi olduq.   Yolu keçən 55-60 yaşlı xanıma yaxınlaşıb nə üçün piyada zolağından istifadə etməməsinin səbəbini soruşduq. Cavabı çox qısa, özü də atmacalı oldu: "Qaydaya kim riayət edir ki, mən də edim? Siz də iş tapmırsınız".   Özünü Sahib Məmmədov kimi təqdim edən başqa bir vətəndaş isə piyada zolağından, yaxud yeraltı keçiddən istifadə etməməsini işə yubanması ilə əsaslandırdı. "Tələsirəm e..." - deyib bizdən uzaqlaşan vətəndaş avtobusların arasından keçərək gözdən itdi.   Bir məqamı da qeyd edək ki, müşahidə apardığımız 1 saat ərzində ərazidə bir nəfər də olsun  yol polisinə rast gəlmədik.   Halbuki yol polisinin inzibati binası ilə bu küçə arasındakı məsafə cəmi bir neçə yüz metrdir.   Qaydanı pozanlar polisi borclu çıxarırlar   Nəsimi rayonu, Rəşid Behbudov və Füzuli küçələrinin kəsişməsində, Milli Bankın binası qarşısındakı ərazidə müşahidələr aparanda da bəzi vətəndaşların onların həyatını sığorta edən yol hərəkəti qaydalarına barmaqarası baxmalarının, bir çoxlarının qəsdən qayda pozuntularına yol vermələrinin şahidi olduq. Halbuki ərazidə inşa edilmiş yeraltı keçidlərin bütün eskalatorları  fasiləsiz işləyir. Təəssüf ki, əksər piyadalar bu keçidlərdən istifadə etmirlər.       Ərazidə müşahidə aparan zaman Nəsimi Rayon Dövlət Yol Polisi əməkdaşlarının da burada reyd keçirdiklərinin şahidi olduq. Öncə kənardan baş verənləri müşahidə etdik.   Polis əməkdaşlarının piyadalarla nəzakətli davranışları, özlərini təqdim etmələri diqqətimizdən yayınmadı.   Qaydaları pozan piyadalar onlara protokol yazan polisi borclu çıxarır, sənədlərini təqdim etmir, bəziləri hətta nalayiq ifadələr işlədirdi.   Nəsimi Rayon Dövlət Yol Polisi əməkdaşları dəfələrlə qarşıdakı ərazidə yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq etsələr də, təəssüf ki, bir çoxları buna məhəl qoymurdu. Elə buna görə idi ki, hər 4-5 dəqiqədən bir qayda pozan bir piyada saxlanılırdı.   Üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənədin olmadığını iddia edən qayda pozuntusuna yol vermiş 30-33 yaşlı şəxs özünü təqdim etməkdən imtina etdi. Bir neçə dəqiqə ərzində polislə mübahisə edən vətəndaş, nəhayət, səhvini başa düşdü.   Qaydanı pozmuş 23-24 yaşlı qız isə burada işıqforun olduğunu əsas gətirərək, yolu onun qırmızı işığında keçdiyini bildirdi. Polis əməkdaşı isə qeyd etdi ki, əgər ərazidə yeraltı və ya yerüstü piyada keçidi varsa, onda işıqfor piyadalar üçün öz əhəmiyyətini itirir.   "20 manatı başıma fırlayıb verəcəm"   Təxminən 1 saatlıq müşahidələrimizdən sonra yol polisi əməkdaşlarına yaxınlaşıb gün ərzində neçə qayda pozuntusunu qeydə aldıqlarını soruşduq. Söhbətləşdiyimiz polis işçisi günorta saat 12-yə qədər 12 nəfər barədə protokol tərtib etdiyini dedi: "Gün ərzində təxminən 20-25 yol hərəkəti pozuntusunu qeydə alıram. Bu rəqəm ümumilikdə Nəsimi rayon üzrə 120-140, bəzən bundan da çox olur. Qaydaları pozan piyadalar isə öz hərəkətlərinə haqq qazandırmağa çalışırlar.   Müsahibim yol hərəkəti qaydalarını pozmuş şəxslərin bəzilərinə güzəştlərin edildiyini də vurğuladı: "Əsasən əlillərə, ahıllara və hamilə qadınlara güzəştlər edilir. Yol hərəkəti qaydalarını pozmağın ağır fəsadlarının ola biləcəyi ilə bağlı xüsusi maarifləndimə videoçarxı da hazırlanıb. Həmin videoçarx avtobus dayanacaqlarında fasiləsiz nümayiş etdirilir. Bu istiqamətdə müxtəlif tədbirlər görülsə də təəssüf ki, bəzi piyadalar yenə qaydaları pozurlar".   Yol polisi əməkdaşı qeyd etdi ki, bir sıra vətəndaşlar qayda pozuntularına bilərəkdən yol verir: "Əlinlə, fitlə, siqnalla işarə edirsən ki, yolu keçmə, yeraltı keçiddən istifadə et. Heç nəyə məhəl qoymur. Sənə baxa-baxa yolu keçir".   Qaydaları pozmuş bəzi piyadaların müxtəlif bəhanələr gətirdiyini deyən müsahibim bir sıra vətəndaşların ədəb-nəzakət qaydalarını pozduğunu da diqqətə çatdırdı. Elə onunla söhbətləşdiyimiz bir neçə gənc qaydanı pozdu. Yol polisi gənclərə yaxınlaşaraq özünü təqdim etdi, onlara yol hərəkəti qaydalarını pozduqlarını bildirdi. Gənclər barəsində protokol tərtib edildi. Onlar sırasından gənc bir xanım xarici ölkə vətəndaşı olduğunu bildirdi və polislə kobud davrandı: "Səhər-səhər adamın qanını qaraltmasanız, olmaz? Mən cərimə-filan ödəməyəcəm. 10 gündən sonra ölkədən gedirəm".   Yol polisi əməkdaşı 20-22 yaşlı, özünü təqdim etməyən bu gəncə cərimə ödəməyəcəyi təqdirdə hansı hallarla qarşılaşacağını xatırlatdıqda, nəzakət qaydalarında kənara çıxan qızın son sözləri belə oldu: "Başıma fırlayıb verərəm də". Yol polisi əməkdaşı bizimlə söhbətdə bildirdi ki,  həmin ərazidə gündəlik reydlər keçirirlər. Təəssüf ki, həmin ərazilərdə də piyadaların  yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları halları qeydə alınır.   "Cərimələri artırsalar, heç kim qaydanı pozmaz"   Müşahidələrimizi paytaxtın Binəqədi rayonunda, Ayna Sutanova heykəlinin yaxınlığındakı  ərazidə də davam etdirdik. Burada da eyni vəziyyətlə qarşılaşdıq. Ərazidə piyada zolaqları, yerüstü piyada keçidi olsa da, vətəndaşlar onlardan istifadə etmirdi. Yerüstü piyada keçidindən keçənlər isə demək olar ki, yox idi.   Özünü Nəsibə Balayeva kimi təqdim edən orta yaşlı xanımdan nə üçün keçiddən istifadə etmədiyini soruşduq. Cavabı belə oldu ki, ərindiyindən heç vaxt keçiddən istifadə etməyib. Hətta bu pozuntuya görə bir neçə dəfə cərimələnib də.   Söhbət etdiyimiz sürücülər də piyadaların əlindən zara gəldiklərini dedilər. Piyadaların onlar üçün addımbaşı təhlükə yaratdıqlarını, onların məsuliyyətsizliyinin cəzasını çəkdiklərini qeyd edən sürücülər piyadalar üçün nəzərdə tutulan cərimələrin artırılmasını istəyirlər.   Taksi sürücüsü Zülfüqar Məmmədov deyir ki, əgər cərimələrin miqdarı artırılsa, piyadalar qaydaları pozmazlar: "Sürücü yol hərəkəti qaydasını pozduqda ən azı 40-50 manat cərimə ödəyir. Bəs qəfildən maşının qarşısına çıxan, keçidlərdən istifadə etməyən piyadalar niyə yüksək məbləğdə cərimələnmirlər? Əgər piyada bircə dəfə 50 manat cərimə ödəsə, o bir də qaydanı pozmaz".   Rəsmi statistika da bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərir. Belə ki, 2015-ci il yanvarın 1-dən bu günə kimi paytaxtda 65832 piyada cərimələnib. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısını almaq üçün yeraltı və yerüstü piyada keçidləri nəzarətə götürüldüyünü, polis əməkdaşlarının  həmin ərazilərdə xidmət apardığını bildirdi. Onun sözlərinə görə, avqustun 7-ə qədər 65 mindən çox piyada yol hərəkəti qaydalarını pozduğuna görə cərimə olunub.   "Cərimələrin miqdarını yox, tətbiqini artırmaq lazımdır"   Analoji pozuntulara görə dünyanın başqa ölkələrində hansı cəzalar nəzərdə tutulub? Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, cərimələr dünyanın ayrı-ayrı ölkələrində müxtəlifdir: "Bəzi Avropa ölkələrində yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələr bizim ölkəmizdəki cərimələrlə müqayisədə yüksəkdir. Düzdür, bizim ölkəmizdəki cərimələr Qazaxıstan, Gürcüstan, Özbəkistan, İranla müqayisədə yüksəkdir. Rusiyanın İnzibati Xətalar Məcəlləsinə əsasən bu ölkədə piyadalar tərəfindən yol verilən pozuntulara görə, cərimənin məbləği bir müddət bundan əvvəl 100 rubl idi.  Həmin ölkədə cərimənin miqdarı indi də bizim cərimələrlə müqayisədə aşağıdır. Bəzi Avropa ölkələrində cərimələr 50-60 avro təşkil edir".   Bəs piyadalar tərəfindən yol verilən pozuntuların sayını maksimum azaltmaq üçün hansı üsullardan istifadə etmək lazımdır? Ekspert hesab edir ki, cərimələrin miqdarını yox, tətbiqini artırmaq lazımdır: "Cərimələrin artırılması xoşagəlməz hallara yol açır. Belə olduqda bəzi vətəndaşlar müvafiq qurumun əməkdaşlarına deyir ki, al bu pulu qoy cibinə, amma cəriməni rəsmiləşdirmə. Cərimənin miqdarını artırmaq vəziyyətdən çıxış yolu deyil. Onun tətbiqini və maarifləndirməni gücləndirmək lazımdır".      Şübhəsiz ki, bu gedişlə qeyd olunan pozuntuların sayı ilin sonunadək artacaq. Qəribə məqam isə odur ki,  yol hərəkətini pozan piyadalar onları intizama cəlb edən polisləri ictimai yerlərdə, sosial şəbəkələrdə, mətbuatda qınayanlardır. Başqa sözlə desək, qanunu qanundan danışanlar pozur. BAKU.WS

Son xəbərlər