Teleaparıcı Vüsalə Səidin "Qafqazinfo”ya müsahibəsi

- Bayaq söhbət zamanı qeyd etdiniz ki, ilk müsahibənizdir. İndiyə kimi, mətbuatdan uzaq gəzməyinizin səbəbi nədir?

- Qətiyyən mediadan uzaq gəzmirəm. Sadəcə olaraq işim çoxdur. Əvvəl isə müəyyən məqamlar var idi. Bunu mediadan uzaqlaşmaq yox, bir qədər kənar gəzmək kimi qələmə verək.

- Sizə müsahibə üçün dəfələrlə müraciət etmişdim. Qətiyyətlə rədd edirdiz.

- Siz mənə nə vaxt müraciət etmişdiz?

- Təxminən, 1 il əvvəl, AzTV-də çalışırdız.

- Bəli, yəqin ki, işlə bağlı olub.

- Mart ayından etibarən Lider TV-nin efirində görünməyə başladız. Niyə başqa kanal yox, məhz "Lider”?

- Çünki mən 2003-2005-ci illərdə işə Lider TV və radiosuyla başlamışam. İki il müddətində radioda xəbərlər aparmışam. Daha sonra analıq məzuniyyətinə çıxmışam və kanaldan uzaqlaşdım. Övladımın üç yaşı olanda AzTV-yə müsabiqə yolu ilə gəldim. Səkkiz il dövlət kanalında çalışdım. Elə ilk iş yerim "Lider” olduğu üçün ora getməyi qərar verdim. Birinci iş yerim ora idi, kollektiv mənə doğmadır.

- Əvvəlki "Lider”lə indiki kanalın fərqi nədir?

- Fərq odur ki, köhnə kollektivdən orada az insan qalıb. Kanal elə kanal olaraq yerindədir. Heç bir fərq yoxdur. İndiki uşaqlardan çox razıyam, keçmişdəkilər kimi doğmadılar.

- Qeyd etdiz ki, 2005-ci ildə analıq məzuniyyətinə çıxmısız, daha sonra AzTV-yə getmisiz. Bəs niyə çalışdığınız məkana yox, başqa kanala getdiz?

- Mənim həyat yoldaşım AzTV-də çalışır. Özüm qərar verdim ki, orada həyat yoldaşımla birgə çalışım. Mən də bu səbəbdən AzTV-yə üstünlük verdim.

- Bəs AzTV sizə nələri verdi və nələri əlinizdən aldı?

- AzTV ilə öz həyatını bağlamaq istəyənlərə demək istəyirəm ki, bura bir məktəbdir. Onlara ilk ordan başlamalarını tövsiyə edirəm. Özüm "Lider”lə başlasam da, AzTV-yə gəlişimi sıfırdan başlamaq kimi qələmə verə bilərəm. Özümü ana məktəbi keçmiş kimi hesab edirəm. AzTV bir ailədir. Mən deməzdim ki, dövlət kanalı məni nələrdənsə məhrum edib. Çünki, AzTV əməkdaşlarına böyük qadağalar qoymayıb.

- Amma bir çox senzuların da olduğunu bilirik.

- Təbii ki, olmalıdır. Dünya dövlət televiziyalarında da belə şeylər olur. Qadağalar, senzuralar mütləqdir. Hər bir kanalın mətbəxi var. Bu da onlardan biridir.

- AzTV-də, yoxsa "Lider”də daha çox tanındız?

- Dövlət kanalında hər kəsi məni çox ciddi, özündən razı, heç kimi yaxınına buraxmayan və qeyri-səmimi insan kimi tanıyırdı. AzTV məni belə tanıtmadı, sadəcə olaraq özümdə belə bir imic yaranmışdı. Ancaq sosial şəbəkədə paylaşdığım şəkillərdə, məni tanıyanlar bilirdi ki, tamam fərqli biriyəm. Hər şeyin öz yeri var. Gülmək, ağlamaq olar. O demək deyil ki, xəbər aparıcısı tamamilə ciddi olsun.

Aparıcıların da bir şəxsi həyatı var. Yəni, demək istəyirəm ki, AzTV-də tanınmadım deyə bilmərəm. Ancaq Lider TV-yə gələndə "AzTV-dən gələn qız” kimi tanınmağa başladım. Yəni, hər iki kanalda tanınmışam. Mən əvvəllər daha çox insanlar arasına çıxmırdım, diqqət çəkmək istəmirdim. Amma insan məcbur olur, işinlə bağlı olan şeylərdir.

- Niyə Vüsalə Əyyubqızı, Vüsalə Səid oldu?

- AzTV-də Vüsalə Səid kimi təqdim olunurdum. Ancaq qərar verildi ki, ancaq soyad və ata adlarından istifadə olunsuz, ləqəblər yığışdırılsın. Mən "Əyyubqızı” kimi xəbərləri təqdim etməyə başladım. Səid oğlumun adıdır. Sosial şəbəkələrdə Vüsalə Səid Əyyubqızı kimi qeydiyyatdan keçmişəm.Yəni, sosial şəbəkələrdə ancaq Vüsalə Səidəm.

- Bəs niyə dövlət kanalından getdiz? Həyat yoldaşınız hələ də orada çalışır?

- Bəli, həyat yoldaşım orada çalışır. AzTV-dən çıxmağımın böyük bir səbəbi yoxdur.

- AzTV-dən çıxandan sonra tamamilə dəyişdiz. Tanınmaz hala düşdüz. Bu dəyişikliyə səbəb nə oldu?

- İndi çalışdığım kanal fərqliliyi və kreativliyi sevir. Mən də düşündüm ki, uzun müddətdən sonra ora qayıdıram. Bu səbəbdən birdəfəlik dəyişmək qərarına gəldim. Mənə elə gəlir ki, dəyişiklik birdən olmalıdır. Deməzdim ki, böyük dəyişiklik etmişəm. Sadəcə olaraq saçımı kəsdirmişəm.

- Azərbaycan xəbərlərinin efiri üçün inqilab etmisiz. Təkcə saçınızı qısa kəsdirməklə kifayətlənməmisiz... Bu cəsarət tələb edən bir şeydir.

- Mən incəsənəti çox sevirəm. Elə bu sahəyə bağlı olduğumdan belə bir şey etdim. Bu, bir dövr üçün olan həvəsdir. Ömrümün axırına kimi başımdakı naxışları davam etdirməyəcəm. Sözün açığı, boya qoyulan zaman saçlarım yanmışdı.Onların kəsilməsi çox yaxşı oldu, canlı saçlara sahib olacam. Daha sonra naxışlar etdirmək qərarına gəldim. Müəyyən vaxt keçəndən sonra saçlarımı uzadacam, belə qısa qaç kəsdirməyəcəm. Qaldı ki, həmin naxışlar efirdə görünmür və heç kəsin diqqətini cəlb etmir.

- Xəbər aparıcıları efirdə ağlayır, gülür və s. Sizcə, xəbər aparıcısı belə şeylər edə bilər?

- Əgər bunlar təbii baş verirsə, olar. Heç kəs deyə bilməz ki, aparıcı süni şəkildə ağladı. Mən öz təcrübəmdə olan hadisələrdən danışmaq istəyirəm. Aprel döyüşlərində şəhid vermişik. Əmimoğlu əsgər olduğu vaxt rəhmətə gedib. Bundan başqa, cavan rəhmətə gedən əmim uşaqları var. Onların itkisi mənim üçün çox ağırdır, bir ailə olmuşuq. Aprel döyüşlərində şəhid olanlarla bağlı məlumat verəndə özümü güclə saxladım. Çünki, efirdə birmənalı qarşılanmaya bilərdi. Hətta, belə status yazmışdım ki, sadəcə siz mənim qamətimi efirdə əyə bildiz. Şux oturduğum bir vəziyyətdə qamətim əyilmişdi, özümdən asılı bir şey deyildi.

Sizə başqa bir gülməli əhvalat danışım. Efirə tələsirdim, yolda qapını açan zaman gözümə həşərat girdi. Gözümdən su axmağa başlayırdı, idarə edə bilmirdim, yaş dayanmırdı. Efirə çıxdım, Türkiyədə zəlzələ olan vaxtlar idi. Dövlət başçısının başsağlığı məktubunu oxumalı idim. Yəni, gözümün yaşını kadrarxası tez-tez silirdim. İstəmirdim ki, insanlar gözümdəki yaşı görsünlər. Elə biləcəkdilər ki, ağlayıram və birmənalı qarşılanmayacaqdı. Bunu lap ağlamışam kimi özümü ifadə edə bilərdim. Ancaq təbii bir fəlakətdir. Ağlamalı bir şey yox idi.

- Heç olub ki, efirdə öz yaxınlarınızın ölüm xəbərini demisiz?

- Bəli, Gəncədə uzaq qohumlarımız yaşayır. Qəza baş vermişdi, maşın körpüyə çırpılmışdı. Dörd nəfər diri-diri yanaraq ölmüşdü. Bu xəbəri radioda oxumuşam, onların qohumum olduğunu efirdən sonra bilmişəm.

- Sizi komplekssiz biri kimi tanıyırlar. Sizin üçün komplekssiz olmaq nə deməkdir?

- Sadəcə olaraq həyatda rahat olmaq lazımdır. Ətrafdakı insanların sözlərini özünə deviz olaraq seçmək lazım deyil. Həyatda kimdənsə, asılı olmamalısan. Bu demək deyil ki, yaxınlarım yoxdur, böyüklərimin sözlərini eşitmirəm! Bu Digər bir insanın mənə dediyi bir sözü eşidirəm, öz ağlımla hərəkət edirəm. Bunları bir cümlə izah etmək olmur. Burada insanın öz ağlı öndə olmalıdır.

- Daha çox ictimaiyyət sizin rahatlığınızı, kompleksizliyinizi "Ben bilmem eşim bilir” yarışmasından sonra kəşf etdi. Ora getmək barədə necə qərara gəldiz?

- O yarışmanın həvəskarı olub izləməmişəm. Ailə üzvlərim, oğlum və yoldaşım izləyib. Gəlib onların baxdığını görəndə oturub bir az tamaşa edirdim. Həyat yoldaşım dedi ki, biz də bu yarışmaya qatıla bilərik. Mən də razılaşdım. Biz anketi doldurub onların mail ünvanına göndərdik. Üstündən iki il keçdi, Türkiyədən bizə zəng gəldi. Mən və yoldaşımla ayrı-ayrı vaxtlarda əlaqə saxladılar. Dedilər ki, biz bu yaxın günlərdə Azərbaycana gələcəyik və sizinlə görüşmək istəyirik. Özlərinin dediyinə görə, Azərbaycanda 500-ə yaxın ailə qeydiyyatdan keçib. Onlar arasından 4 Azərbaycan ailəsi seçdilər. Bir həftə keçəndən sonra Türkiyədən yenidən zəng gəldi. Söylədilər ki, seçilmisiz, filan tarixdə bura gəlin.

Sevə-sevə iştirakçı olduq. Qalib olmaq arzusunda deyildik, sırf əyləncə xatirinə getmişdik. Mən onların dilini bilmirdim, düşünürdüm ki, bizə çətin olacaq. Özüm də çox şovinistəm. Öz dilimizi, ölkəmizi çox sevirəm. Türkiyəni də sevirəm, amma öz dilimdə danışmağa üstünlük verirəm. Sona qədər uduzurduq, axır vaxtda şans bizim üzümüzə güldük. Qalib olduq, maşını qazandıq.

- Maşın hardadır?

- Bizim qanunla onların qanunu üst-üstə düşmədi. Biz maşını Azərbaycana gətirsəydik çox pul itirəcəkdik.Avtomobilin pulunu bank yolu ilə göndərdilər. Amma çox az oldu, dolların oynayan vaxtları idi.

- Bəs pulu nə etdiz?

- Heç bir yatırım etmədik.

- Belə bir xəbər yayılmışdı ki, yarışmada iştirak etdiyiniz üçün çalışdığınız AzTV kanalı sizə töhmət verib. Doğrudur?

- Xeyr, belə bir şey olmayıb. Bazar günü biz Bakıya qayıtdıq, üçüncü günü efirə çıxdım. Töhmət olmayıb. Mediada xəbər yayıldı, böyük səs-küy yarandı.O zaman AzTV-dən soruşdular ki, bu məlumatı siz demisiz? Təbii ki, bizim məlumat verəcək bir mövzumuz yox idi. Bəlli oldu ki, sadəcə bir şayiədir.

- Bir övladınız var, onunla vaxtınızı necə keçirirsiz?

- Mən çox sərt və tələbkar bir anayam. Bunu Səiddən soruşsaz, sizə açıq danışa bilər. Onun üzərində nəzarətim mütləqdir. Bu qədər iş-gücümün olmağına baxmayaraq ona hər zaman vaxt ayırıram. Onun yanında olmasam belə, telefon vasitəsiylə daim nəzarət edirəm, əlaqə saxlayıram.

Oğlan uşağıdır, övlad üzərində nəzarət mütləqdir. Çox şükür ki, ondan razıyam. Mənə, yoldaşıma hörmət edir. Bizim dediklərimizi diqqətlə dinləyir. Müəyyən yaşdan sonra nə olacağını bilmirəm, Allah eləsin ki, belə davam etsin.

- "Sərt ana” dedikdə nə nəzərdə tutursuz?

- Dərslərinə özüm diqqət yetirirəm. Təkrar edirəm ki, o rus, mən Azərbaycan bölməsi... Mən adi danışıq dilində rusca danışa bilərəm. Ancaq qrammatikası və s. Var. Mən zəif ola bilərəm. Zəifliyim bilinməsin deyə Səiddən əvvəl özüm kitab oxuyuram. Ondan sonra oğluma hər şeyi başa salıram. Təmizliyinə diqqət yetirirəm, cəmiyyət içərisində özünü aparmağına nəzarət edirəm. Səid mənim bir baxışımdan nə demək istədiyimi anlaya bilər. Onu danlamıram, başa salıram. Bəlkə də, Səid bunları gələcəkdə yaxşı danışa biləcək. Mən sərtliyimi yaxşı ifadə edə bilmirəm.

- Bayaq dediniz ki, şovinist biriyəm, ancaq övladınızı rus bölməsi olan məktəbdə təhsil almasına imkan vermisiz...

- Bu, qazanılmış bir dildir. Biz ailədə Azərbaycan dilində danışırıq, qətiyyən rusca söhbət etmirik. Sovetlər dövründə ikinci ana dilimiz rus dili hesab edilirdi. Amma rus dili artıq xarici dillər siyahısına daxil olub.
 

- Ailəniz, həyat yoldaşınız sizin bu görünüşünüzə etiraz etmir?

- Kənardan müdaxilə olmur. Sadəcə olaraq sual verirlər ki, saçlarını niyə kəsdirdin? Mən təbii ki, olanı deyirəm, saçlarımın yandığını söyləyirəm. Ailəm mənə hər zaman dəstək olub. Hansı addımı atmışamsa, normal qarşılayıblar, yanımda olublar. Belə bir sıxıntım yoxdur. Mən iş qadını olmağıma baxmayaraq ailəmin yanındayam. Heç köməkçim yoxdur, anam mənə yardım edir. Həyat yoldaşım hər zaman məni anlayır, yanımda olur. Təkrar edirəm, tək saçla, geyimlə, işimlə bağlı deyil. Ümumiyyətlə, ona hansısa bir mövzu ilə bağlı müraciət edirəmsə, yanımda olur.

- Sizi şanslı bir xanım adlandırmaq olar?

- Bəli, çox şansıyam, xoşbəxtəm. Onu deyim ki, gözdən, nəzərdən çox qorxuram. Başıma gəlib, o səbəbdən belə dedim. Amma Allaha şükür ki, elə bir məqam olmayıb ki, altından çıxa bilməyim. Hər şey öz qaydasına düşüb.

- Bir qədər tamam başqa mövzuda sual verim. Daimi belə formadasız, idmanla məşğul olursuz?

- İdmanı çox sevirəm, amma təəssüf ki, məşğul olmuram. Buna vaxtım yoxdur. Ailə və işə vaxt ayırıram. Düşünürəm ki, idmanla məşğul olsam, ayaqda qala bilmərəm, yorularam. Bədən quruluşu gendən gələn bir şeydir. Başqa heç nə ilə əlaqələndirə bilmirəm.
 
BAKU.WS