Rusiyalı oliqarx Londonda həbs edilib - FOTO

Rusiyalı oliqarx Londonda həbs edilib - FOTO
Siyasət 181

Britaniya polisi rusiyalı biznesmeni Londondakı evində həbs edib.

Əməliyyat çərçivəsində daha iki nəfər saxlanılıb, onlardan heç birinin adı açıqlanmır.

58 yaşlı şəxs çirkli pulların yuyulmasında, Daxili İşlər Nazirliyinə qarşı dələduzluq etməkdə və yalan ifadə verməkdə şübhəli bilinərək saxlanılıb.

İkinci saxlanılan şəxs, birinci həbs edilənin yaşadığı malikanənin işçisi olan 35 yaşlı kişi, içərisində minlərlə funt nağd pul olan çanta ilə evin çıxışında ələ keçib. O, çirkli pulların yuyulmasında və polisin işinə mane olmaqda şübhəli bilinərək həbs edilib.

Üçüncü şəxs, 39 yaşlı kişi Londonun qərbindəki Pimliko şəhərindəki evində çirkli pulların yuyulması və dələduzluq məqsədilə əlbir olmaqda şübhəli bilinərək tutulub.

Həbs əməliyyatına Milli Cinayət Agentliyinin (NCA) Kleptokratiyaya Qarşı Mübarizə İdarəsinin 50-dən çox əməkdaşı cəlb edilib. Malikanədə aparılan axtarışdan sonra bir neçə rəqəmsal cihaz və xeyli miqdarda nağd pul ələ keçirilib.

NCA-nın baş direktoru Qrem Biqqar qeyd edib ki, bu il yaradılmış bölmə oliqarxların potensial cinayət fəaliyyətinin araşdırılmasında mühüm irəliləyiş əldə edib.

Həbs edilən iş adamının yaşı “Alfa Group”un və “LetterOne” holdinqinin həmtəsisçisi, Londonda yaşayan Mixail Fridmanın yaşı ilə üst-üstə düşür. Hətta onun artıq müəyyən girov müqabilində sərbəst buraxıldığı barədə də məlumatlar var. Lakin Britaniya polisi həbs edilən şübhəlilərin adlarını açıqlamır.

Eyni zamanda, “Alfa-Bank”ın mətbuat xidmətindən bildiriblər Böyük Britaniyada Mixail Fridmanın həbsi ilə bağlı yayılan məlumat doğru deyil.

“Bu xəbərin kimə aid olduğunu bilmirik. Mixail Fridman evdədir, həbsdə deyil. Onun bu məsələ ilə heç bir əlaqəsi yoxdur”, - deyə maliyyə təşkilatından vurğulanıb.//oxu.az

Son xəbərlər