14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar

14 dövlətin kraliçası II Elizabet müharibədə də iştirak edibmiş... - Ülyahəzrət haqqında maraqlı faktlar
Siyasət 844

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet 96 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, Elizabet Aleksandra Mariya Vindzor Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka) kraliçası sayılırdı.

O, Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu idi. Həmçinin 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdu. Vindzorlar sülaləsinin nümayəndəsi olmuş II Elizabet taxt-taca 6 fevral 1952-ci ildə sahib olmuş, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilmişdi.

İkinci dünya müharibəsində o, könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi. 1947-ci ildə isə Elizabet Böyük Britaniya müstəmləkələrinə ilk səfərini edib. 13 yaşında Elizabet Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.

1949-cu ildə atası VI Georq yeni yaradılan Millətlər Birliyinin ilk sədri olur və ora daxil olan ölkələrin konstitusiyalı monarxı hesab edilir. Birlik Böyük Britaniyanın keçmiş müstəmləkərindən təşkil edilir və yeni müstəqil dövlətlərin azad ittifaqı elan olunur. Birliyə o dövrdə aşağıdakı dövlətlər daxil idi: Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika İttifaqı, Pakistan və Seylon. 6 fevral 1952-ci ildə Elizabet həyat yoldaşı ilə Keniyada olarkən atası vəfat edir və o kraliça elan edilir.

Kraliça Elizabet dövlət başçısı kimi təmsilçilik rolu oynasa da, öz şəxsi nüfuzu ilə ölkənin siyasətinə müəyyən qədər təsir edə bilib. Hakimiyyətinin ilk illərində hakim partiyada qəbul edilən lider olmayanda o, baş nazirin kimliyi məsələsində də rol oynayıb. Kraliça bütün baş nazirlərlə diplomatik münasibətlər saxlayıb.

Bununla belə, Marqaret Tetçerin hakimiyyəti dövründə onunla bir qədər gərgin münasibətləri var idi. Ona Tetçerin müəyyən qədər "kralsayağı" idarəetməsi xoş gəlmirdi. Onlar arasında hökumətin Cənubi Afrika Respublikasının o dövrdəki aparteid siyasətini müdafiə etməsi məsələsində fikir ayrılığı var idi. II Elizabet hesab edirdi ki, Tetçerin CAR rəhbərliyini müdafiə etməsi Böyük Britaniyanın bu siyasəti bəyənməyən Afrika ölkələrinə təsirini azalda bilər.

Məlumat üçün bildirək ki, Elizabet öz gələcək əri, Yunanıstan və Danimarka şahzadəsi Filipə 1934 və 1937-ci illərdə rast gəlib. 1939-cu ilin iyulunda Britaniya Kral Hərbi Dəniz Kollecində toplantıda görüşdən sonra (o vaxt Elizabetin 13 yaşı var idi), o Filipə vurulur və onlar yazışmağa başlayıblar. 20 noyabr 1947-ci ildə isə onlar evləniblər. Elizabet və Flip Danimarka kralı IX Kristian tərəfindən ikinci nəsil və Britaniya kraliçası Viktoriya tərəfdən üçüncü nəsil qohum olublar.

Elizabetin maliyyə və mülk məsələləri uzun müddət müzakirə mövzusu olub. Onun Norfolkda böyük mülkü olub. "Forbes" jurnalı 2009-cu ildə bu mülkü təqribən 450 milyon ABŞ dolları həcmində qiymətləndirmişdi. Ancaq Bukingem sarayı rəsmi bəyanatla bu rəqəmi çox şişirdilmiş hesab edib və 1993-cü ildə ona 100 milyon Britaniya funt sterlinqi qiyməti qoyulduğunu xatırlatmışdı. Həmçinin kral evinin incəsənət əsərləri və qiymətli daş-qaşları kraliçanın mülkiyyəti sayılmır, bu, kral ailəsinin istifadə etdiyi saraylar, o cümldən Bukingem sarayı və Vindzor sarayına, Lankaster qraflığındakı 2009-cu ildə 323 milyon funt sterlinq qiymət qoyulmuş qəsr və torpaqlara da aiddir.

Böyük Britaniyada monarx statusu təkcə nominal dəyər daşımır, həm də onun daşıyıcısına real güc verir. Kraliça II Elizabetin ölümündən öncə bu hüquqi və siyasi səlahiyyətlərə malik olduğu deyilir:

Böyük Britaniyada ali idarəetmə orqanı kral ailəsi deyil, parlamentdir. Lakin buna baxmayaraq, II Elizabet hətta Parlament üzərində müəyyən səlahiyyətlərə malik idi. Beləliklə, onun vəzifələrinə yeni parlament ilinə başlamaq üçün may ayında parlamentin illik iclasının açılışı daxil idi.

Parlament qanunları hazırlayır və yaradır, lakin onlar yalnız kraliça tərəfindən imzalandıqdan sonra qüvvəyə minə bilirdi.

Böyük Britaniyada hökumət məmurlarının əksəriyyəti səsvermə yolu ilə təyin olunur, lakin Kraliça Tac Nazirləri adlandırılanları, o cümlədən Şura üzvlərini və Nazirlər Kabinetini təyin etməkdə sərbəstdir.

Kraliça uyğun görərdisə, məhkum edilmiş cinayətkarlara “kral əfvi” verilə bilərdi. Lakin o, bu hüquqdan nadir hallarda istifadə edib.

Hər bir Britaniya pasportu Kraliçanın adından verilir, baxmayaraq ki, o, adətən onları özü vermirdi - bunu əsasən onun adından nazirlər edirdi.

Yaşına baxmayaraq, II Elizabet Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı sayılırdı. Bütün Britaniya əsgərləri silahlı qüvvələrə qoşulmazdan əvvəl kraliçaya sədaqət andı içirlər.

Kraliça Böyük Britaniyada başqa ölkələrə müharibə elan etmək hüququna malik yeganə şəxsdir. Lakin bu hüquqdan yalnız “total müharibə” deyilən şəraitdə və yalnız baş nazir, parlament və hökumətin qalan hissəsinin razılığı ilə istifadə oluna bilər. Bütün hakimiyyəti dövründə II Elizabet heç vaxt bu hüquqdan istifadə etməyib.

Son xəbərlər