Rəsmi Bakı: USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib

Rəsmi Bakı: USAID-in Azərbaycanda fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərilib
Siyasət 79

USAID-in ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətini dayandırması barədə bildiriş ABŞ tərəfinə rəsmən göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında demişdi ki, de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası yoxdur: "USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib".

Xatırladaq ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin "X"-dəki hesabı da ləğv olunub. Bundan başqa, USAID-in fəaliyyətini tənqid edən prezident Donald Trampın onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığı, bunu yaxın günlərdə elan edəcəyi bildirilir.

Son xəbərlər