Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək

Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair Yol xəritəsi qəbul ediləcək
Siyasət 4

Niderlandın xarici işlər naziri Tom Berendsenin oktyabrın 26-da Azərbaycana gözlənilən səfəri çərçivəsində Amsterdam və Bakı arasında 2026–2028-ci illər üzrə əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq bildirib.

Onun sözlərinə görə, sənəd siyasi və konsulluq əməkdaşlığı, iqtisadiyyat, dənizçilik sahəsi, logistika, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, elmi tədqiqatlar və mədəniyyət də daxil olmaqla, ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edəcək.

Diplomat qeyd edib ki, bu, Niderlandın XİN başçısının son 12 il ərzində Azərbaycana ilk səfəri olacaq.

"Biz bu səfərə çox şadıq, çünki nazir (xarici işlər naziri - red.) son 12 il ərzində Azərbaycana ilk dəfədir ki, gəlir. İstisna yalnız COP kimi çoxtərəfli konfranslarda və Azərbaycanın təşkil etdiyi digər beynəlxalq tədbirlərdəki görüşlər olub. Bu səfər ikitərəfli münasibətlərdə çox müsbət dinamikanın olduğu bir dövrdə baş tutur. O, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və yüksək səviyyəli əlaqələrin inkişafı yolunda əldə olunmuş tərəqqini əks etdirir. Bizim üçün bu, əməkdaşlığı dərinləşdirmək, ikitərəfli gündəliyi irəlilətmək və əlbəttə ki, regional sabitliyə dəstək vermək üçün mühüm bir fürsətdir", - səfir bildirib.

Səfərin proqramını şərh edən səfir bildirib ki, Berendsen Azərbaycan rəsmiləri, eləcə də tərəfdaşlar və ölkədə fəaliyyət göstərən Niderland şirkətləri ilə görüşlər keçirəcək:

"Biz onların hansı imkanları gördüklərini birbaşa öyrənmək və gələcəkdə əməkdaşlığı necə inkişaf etdirə biləcəyimizi müzakirə etmək istəyirik. Biz son bir ildə əldə olunmuş tərəqqidən və Niderlandla Azərbaycan arasında etimadın bərpasından çox məmnunuq. Daha əvvəl ikitərəfli münasibətlərimiz bir müddət kifayət qədər mürəkkəb bir dövr yaşamışdı, buna görə də etimadın bərpası bizim üçün mühüm bir vəzifə idi".

Müsahibənin tam versiyasını oktyabrın 26-da oxumaq mümkün olacaq.

Son xəbərlər