Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir

Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir
Foto
Siyasət 10

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərinin 30 illiyi tamamlanır. Bu müddət ərzində qarşılıqlı münasibətlərdə müəyyən dalğalanmaların yaşanmasına baxmayaraq, iqtisadi sahədə əməkdaşlıq hər zaman prioritet təşkil edib. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı statusunu daşıyıb. Xüsusilə enerji sektorunda əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Yeni reallıqlar, yeni imkanlar

Tarixi qələbəmizdən sonra Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlar, həmçinin Vaşinqton razılaşmaları nəticəsində mövcud olan sülh və sabitlik artıq bölgəmizi proqnozlaşdırıla bilən region kimi xarakterizə edir. Bu nəticələr Bakı-Brüssel münasibətlərində də yeni imkanlar açır. Rusiya-Ukrayna müharibəsi və İran ətrafında yaşanan son proseslər Aİ-nin bir çox sahələrdə alternativlər axtarışını sürətləndirib. Xüsusilə də bağlantılar, tranzit və daşımalar, enerji sahəsində əməkdaşlıq Azərbaycan-Aİ gündəliyinin əsasını təşkil etməkdədir.

Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir

Azərbaycanın ən böyük ticarət tərəfdaşı

Bu günlərdə Bakıda Aİ-Azərbaycan biznes forumunda tərəflər arasında iqtisadi sahədə strateji əlaqələrin dərinləşdirilməsinin vacibliyi də ön plana çəkilib. Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziçin sözlərinə görə, Aİ Nümayəndəliyi və Brüsseldəki Avropa Komissiyası Avropanın özəl investisiyalarının Azərbaycanın strateji sektorlarına cəlb edilməsinə dəstək göstərilməsi üzərində işləyir. Səfir bildirib ki, oktyabrın əvvəllərində Avropa Komissiyası Brüsseldə Avropa işgüzar assosiasiyalarının iştirakı ilə təmiz enerji məsələlərinə dair Aİ-Azərbaycan dəyirmi masası təşkil edib: "Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır, energetika isə əməkdaşlığımızda əvvəlkitək mərkəzi rol oynayır. Azərbaycan, xüsusən də Cənub Qaz Dəhlizi sayəsində Aİ üçün mühüm enerji resursları tədarükçüsüdür".

Səfir qeyd edib ki, Aİ ilə Azərbaycan arasındakı əməkdaşlıq Trans-Xəzər nəqliyyat marşrutunun (Orta Dəhliz) inkişafı da daxil olmaqla, getdikcə daha çox istiqaməti əhatə edir: "Trans-Xəzər dəhlizi Avropa və Asiya arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, logistikanın və nəqliyyat əlaqəliliyinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir".

Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir

30 milyard dollarlıq investisiya

Aİ nümayəndəsinin çıxışından da göründüyü kimi, Brüssel Orta Dəhlizə çox ciddi maraq göstərir. Bu məsələdə əsas söz sahibinin Azərbaycan olması Avropa paytaxtlarında da danılmaz reallıq olaraq qəbul edilir. Sözügedən istiqamətdə mövcud siyasət də məhz bu reallığın şərtlərinə uyğun formalaşdırılır. Layihənin Aİ üçün strateji əhəmiyyət daşıdığı Dünya Bankının son hesabatındakı dəyərləndirmələrdə də əksini tapıb. Hesabata əsasən, zəruri infrastruktur investisiyaları və islahatları ilə dəhliz boyunca yükdaşımalarının həcmi üç dəfədən çox, çatdırılma müddətləri isə iki dəfə azaldıla bilər. Bu prosesin marşrut boyunca yerləşən doqquz ölkənin ümumi daxili məhsulunu 3.3 faiz artıracağı və 2040-cı ilə qədər 2 milyon əlavə iş yeri yaradacağı gözlənilir. Lakin bu potensialın reallaşdırılması üçün əhəmiyyətli investisiya və infrastrukturun hərtərəfli inkişafı tələb olunur. Hesabatda təxmin edilir ki, 2040-cı ilə qədər dəmir yollarının, limanların və avtomobil yollarının inkişafına 25 milyard dollardan çox, eləcə də logistika mərkəzlərinin, daxili terminalların, dəmir yolu heyətinin və rəqəmsal sistemlərin inkişafına təxminən 30 milyard dollar sərmayə qoyulmalıdır. Əsas investor rolunda isə təbii ki, Aİ və digər maraqlı tərəflər çıxış edir. Brüssel artıq Azərbaycanla əlaqə tərəfdaşlığı təklif edib, Naxçıvan dəmir yolu və Bakı Limanı da daxil olmaqla mümkün layihələrlə yanaşı, Cənubi Qafqaza 200 milyon avroya qədər qrant ayrılacağını açıqlayıb.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri çərçivəsində Cənubi Qafqazda dövlət və özəl sektorun iştirakı ilə infrastruktur layihələrinə 2 milyard avroyadək investisiyanın cəlb edilməsini nəzərdə tutan "Global Gateway" investisiya paketi elan olunub.

Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir

Avropa şirkətləri biznes mühitindən razıdırlar

Təbii ki, iqtisadi əməkdaşlığın genişləndirilməsində əsas diqqət yetirilməli olan məqamlar sırasında etimad və biznes mühiti mühüm əhəmiyyət daşıyır. Bu baxımdan "Azərbaycanda biznes iqlimi haqqında hesabat"da Avropa şirkətlərinin ölkəmiz, Orta Dəhlizlə bağlı yanaşmalarının əks olunduğu məqamlar diqqət çəkir. Belə ki, Avropa şirkətlərinin 57 faizi Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş hesab edir. Onlar burada həyata keçirdikləri işlərin nəticəsində bu qənaətə gəliblər. Orta Dəhlizin əhəmiyyətini və Avropa şirkətlərinin bu dəhlizə münasibətini müəyyən etmək üçün keçirilən sosioloji sorğuda iştirak edən şirkətlər dəhlizin fəaliyyətini müsbət qiymətləndiriblər. Azərbaycan üzrə Avropa İttifaqı Biznes Mühiti Hesabatı 2025/2026-cı illər çərçivəsində keçirilən sorğuda iştirak edən şirkətlərin 25 faizi Orta Dəhlizdən istifadə etdiyini və ya istifadə edəcəyini planlaşdırdığını, 24 faizi isə növbəti 2-3 ildə bu imkanı nəzərdən keçirdiyini bildirib.

Bakı-Brüssel münasibətlərində enerji və nəqliyyat əməkdaşlığı genişlənir

İki fərqli platforma

Rəsmi Bakının Aİ ilə iqtisadi sahədə əməkdaşlıq istiqamətlərinə dair gözləntiləri daha genişdir. Azərbaycan tək hər iki tərəf üçün strateji əhəmiyyət daşıyan sahələrdə yox, digər müstəvilərdə də qarşılıqlı investisiya və ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu baxımdan son bir ay ərzində Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç, Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik, Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici iqtisadiyyatın təşviqi və maliyyələşdirilməsi alt departamentinin rəhbəri Gerlind Hekman və digərlərinin ölkəmizə səfərləri, müvafiq qurumlar arasında enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq və nəqliyyat-logistika, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi də diqqət çəkir.

Beləliklə, Azərbaycan Aİ ilə iqtisadi sahədə əməkdaşlığı tək Brüssel-Bakı formatında deyil, həm də təşkilata üzv ölkələrlə ikitərəfli dialoq formatında inkişaf etdirir.

Son xəbərlər