Qərbi Azərbaycan Xronikası: "Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub"

Qərbi Azərbaycan Xronikası: Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub
Video
Siyasət 31

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri professor Hacı Həsənov Rusiyanın müstəmləkəçilik siyasətindən danışıb.

O bildirib ki, Rusiyanın Moskva çarlığından bu günədək müstəmləkəçilik siyasəti dəyişməyib: "Qafqaz Rusiyanın xarici siyasətində həmişə əsas hədəf olub. I Pyotrun isti dənizlər arzusu Qafqazı hədəfə çevirib. Tarix Rusiyanın Qafqazda "xilaskar" olmadığını sübut edir".

Tarixçi deyib ki, osmanlılarla Səfəvilər arasındakı qarşıdurma Rusiyanın maraqlarına xidmət edib: "Şiə-sünni qarşıdurması Rusiyanın əlində geosiyasi alətə, imperiya silahına çevrilib. Nadir şah Rusiyanın Cənubi Qafqaz planlarını pozub. Azərbaycan torpaqları Rusiyanın xarici siyasətində xüsusi yer tutub. Şərqlə Qərbi birləşdirən yollar Qafqazdan keçdiyi üçün burada müharibələr bitməyib. Rus qoşunları Qubaya daxil olub və çıxmayıblar. Tarixi sənədlər Rusiyanın Qafqaz niyyətlərini ifşa edir".

H.Həsənov həmçinin Gürcüstanın Rusiyanı Cənubi Qafqaza çağırması, Xəzər dənizi sahillərinə yürüşünün məqsədi, Qafqazı əldən verməmək israrlığı və böyük planı, Fətəli xan Qubalının Rusiyadan kömək istəməsi, eləcə də rus qoşunlarının Qubaya daxil olduqdan sonra baş verən hadisələrlə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər