Bakıda bu ərazilərdə söküntü olacaq - Kompensasiya MƏBLƏĞLƏRİ
"Paytaxtda ilk mərhələdə təxminən 200-ə yaxın qəzalı binanın sökülməsi nəzərdə tutulur və hazırda həmin binaların bir hissəsində artıq söküntü işləri aparılır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib
Onun sözlərinə görə, son dövrlərdə söküntü prosesinin daha çox müzakirə olunduğu ərazilərdən biri Cəlil Məmmədquluzadə küçəsidir:
"Bu ərazidə aparılan işlər gələcəkdə planlaşdırılan tramvay xəttinin çəkilişi ilə əlaqələndirilir. Bundan başqa, 20 Yanvar dairəsi istiqamətində yeni yolların salınması və tunel xətlərinin yaradılması layihələri çərçivəsində də müəyyən söküntülər həyata keçirilir.
Həmçinin paytaxtın uzun illərdir yenidənqurma prosesinin getdiyi "Sovetski" adlanan ərazisinin qalan hissələrində də söküntü işlərinə start verilib. Bu proses xüsusilə Dağlıq küçəsi və Mərkəzi Univermaq ətrafındakı əraziləri əhatə edir.
Digər bir istiqamət isə Binəqədi rayonunda yerləşən İkinci Mədən küçəsidir. Burada da köhnə və istismar müddəti bitmiş bəzi yaşayış binalarının sökülməsinə başlanılıb".
Vüqar Oruc əlavə edib ki, söküntü zamanı sakinlərə verilən kompensasiyanın məbləği ərazidən asılı olaraq dəyişir:
"Paytaxtın mərkəzə yaxın ərazilərində bu məbləğ təxminən hər kvadratmetr üçün 2500-3000 manat arasında dəyişir. Bu proses əsasən Yasamal rayonu, Nərimanov rayonu, Xətai rayonu, Nəsimi rayonu, Sabunçu rayonu və Suraxanı rayonu kimi ərazilərdə qəzalı binalarda yaşayan sakinləri əhatə edir. Daha ucqar ərazilərdə isə kompensasiyanın məbləği 1300-1500 manat civarında ola bilər.
Kompensasiya məbləği inzibati qurumlar tərəfindən birbaşa müəyyən edilmir. Qiymətləndirmə prosesi "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müstəqil qiymətləndirici şirkətlər tərəfindən aparılmalıdır. Bu isə vətəndaşların hüquqlarının qorunması baxımından vacib şərt hesab olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda məktəb söküləcək, yerində 528 şagirdlik yeni bina tikiləcək
Bakının Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbin köhnə binası sökülərək yerində yeni və daha böyük məktəb binası tikiləcək. BAKU.WS-in məlumatına...