Azərbaycanda ən çox bu xarici vətəndaşlar mənzil alır

Azərbaycanda ən çox bu xarici vətəndaşlar mənzil alır
Si̇yahı Açıqlama
Sosial 207

"Azərbaycanda daşınmaz əmlak alan xarici vətəndaşlar arasında ilk sırada Türkiyə vətəndaşları dayanır. Bu marağın əsas səbəbləri kimi iki ölkə arasında dil baryerinin olmaması, qardaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı investisiya imkanlarının genişlənməsi göstərilir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib

Onun sözlərinə görə, son illərdə iqtisadi əlaqələrin inkişafı və investisiyaların artması Türkiyə vətəndaşlarının Azərbaycanda mənzil almaq marağını daha da gücləndirib:

"İkinci yerdə isə Rusiya vətəndaşları qərarlaşıb. Burada əsas pay Rusiyada yaşayan azərbaycanlı soydaşlara məxsusdur. Çünki etnik rus vətəndaşları adətən daha çox dənizkənarı istirahət zonalarında daşınmaz əmlak almağa üstünlük verirlər. Ümumilikdə isə Rusiyadan olan azərbaycanlıların Azərbaycanda mənzil alışı bazarda mühüm paya malikdir.

Son dövrlərdə İran vətəndaşlarının da Azərbaycanda daşınmaz əmlaka marağı artır. Regionda baş verən siyasi və iqtisadi proseslər, eləcə də beynəlxalq münasibətlərdə yaranan gərginlik səbəbindən İran vətəndaşları təkcə Azərbaycana deyil, regionun digər ölkələrinə də investisiya qoymağa çalışırlar. Mövcud tendensiya davam edərsə, İran vətəndaşlarının yaxın illərdə Azərbaycan mənzil bazarında daha yüksək paya sahib olması ehtimal edilir".

Ekspertlərin sözlərinə görə, İran vətəndaşları mənzil seçərkən yalnız Bakı şəhərinə deyil, həm də Naxçıvan Muxtar Respublikasına maraq göstərirlər:

"Bunun səbəbi isə sərhəd yaxınlığı və intensiv ticarət əlaqələrinin mövcud olmasıdır. Bu amillər Naxçıvanda da daşınmaz əmlaka investisiya qoyuluşunu artırır. Azərbaycan mənzil bazarına maraq göstərən ölkələr sırasında Pakistan və bəzi Orta Asiya ölkələri də yer alır. Xüsusilə Qazaxıstan və Özbəkistan kimi iqtisadi baxımdan daha güclü dövlətlərin vətəndaşlarının son dövrlərdə Azərbaycanda daşınmaz əmlaka marağı artmaqdadır".

Orxan Hüseyn

Son xəbərlər