Prezidentin səfəri Naxçıvanın ölkə inkişafında mühüm yer tutacağına işarədir
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bölgənin qarşıdakı dövrdə də Azərbaycanın iqtisadi və regional inkişafında mühüm yer tutacağına işarədir.
BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev deyib.
O qeyd edib ki, Naxçıvan Azərbaycanın ümumi iqtisadi, nəqliyyat və enerji siyasətində mühüm yer tutur, coğrafi mövqeyi Naxçıvana həm Azərbaycan, həm də region üçün xüsusi əhəmiyyət qazandırır:
"Son dövrdə Naxçıvanda infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülüb. Enerji imkanları genişləndirilib, yeni sosial layihələr həyata keçirilib. İndi isə qarşıda daha böyük iqtisadi layihələr dayanır. Naxçıvan Sənaye Parkının yaradılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada yeni müəssisələrin fəaliyyətə başlaması həm istehsalın artmasına, həm də yeni iş yerlərinin yaranmasına imkan verəcək.
Naxçıvanın enerji potensialı da böyükdür. Günəş enerjisindən istifadə üçün əlverişli imkanların olması bu sahədə yeni layihələrin həyata keçirilməsinə şərait yaradır. Yaşıl enerjiyə keçid dünyada əsas prioritetlərdən biridir. Naxçıvanın bu prosesdə fəal iştirak etməsi Muxtar Respublikanın gələcək iqtisadi imkanlarını daha da artıracaq".
Deputat hesab edir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası Muxtar Respublikanın inkişafına ciddi təsir göstərəcək:
"Zəngəzur dəhlizinin (Tramp marşrutu - TRIPP) reallaşması ilə Naxçıvanın ölkəmizin digər bölgələri ilə əlaqələri daha da güclənəcək. Eyni zamanda, Naxçıvan beynəlxalq nəqliyyat və logistika sistemində daha böyük rol oynaya bilər.
Bu proses yalnız Naxçıvan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradacaq. Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində nəqliyyat əlaqələrinin genişlənməsi Azərbaycanın tranzit imkanlarını artıracaq. Naxçıvan da bu imkanlardan böyük fayda götürə bilər".
Naxçıvanın sosial inkişafının da prioritet olduğunu xatırladan Sabir Hacıyev düşünür ki, yeni yaşayış komplekslərinin, sosial evlərin və müasir xidmət mərkəzlərinin yaradılması insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Oxşar xəbərlər
Vüqar Rəhimzadə: Naxçıvanın yeni inkişaf salnaməsi yazılır
Naxçıvanın yeni inkişaf salnaməsi yazılır. BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib. O qeyd...