"GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı

GTA VI materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı
Digər 2

Britaniya məhkəməsi noyabrın 23-də hələ təqdim olunmamış "Grand Theft Auto VI" (GTA VI) oyununun materiallarını dörd il əvvəl ələ keçirən 21 yaşlı haker Aryon Kurtayı yeddi il müddətinə azadlıqdan məhrum edib. Buna baxmayaraq, o, elə həmin gün cəzaçəkmə müəssisəsini tərk edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə London polisinə istinadla "Yahoo News" məlumat yayıb.

Aryon Kurtay kiberhücumlar və dələduzluqla əlaqədar altı cinayət işi üzrə günahını etiraf edib. İlk olaraq onu 9 illik həbs cəzası gözləsə də, məhkəmə psixiatrik klinikada nəzarət altında keçirilən müddəti hesaba qataraq cəza müddətini iki il qısaldıb. Hakim, həmçinin Kurtayın yaşını və islah olunma ehtimalını da diqqətə alıb.

Hakeri "olduqca istedadlı gənc" adlandıran hakim, onun gələcəkdə qanunsuz əməllərdən uzaq duracağına ümidvar olduğunu bildirib. Həbsin davamı əvəzinə Kurtaya Ciddi Cinayətlərin Qarşısının Alınması üzrə 5 illik məhkəmə əmri (Serious Crime Prevention Order - SCPO) kəsilib. Qərar hakerin bəzi sosial platformalardan istifadəsini və konkret şəxslərlə ünsiyyət qurmasını qadağan edir. Növbəti illər ərzində onun qlobal şəbəkədəki fəaliyyəti məhdudlaşdırılacaq və ciddi nəzarət altında saxlanılacaq.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Kurtay "GTA VI" layihəsinin tərtibatçısı olan "Rockstar Games" şirkətinin serverlərinə daxil olaraq geympleyi əks etdirən 90 ədəd videonu mənimsəmişdi. O, həmin materialları internetə sızdırmış və oyunun mənbə kodunu yaymaqla təhdidlər səsləndirmişdi.

Son xəbərlər