Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər

Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər
Digər 8

Məşhur ədviyyatlardan biri olan darçının həddindən artıq və müntəzəm istehlakı orqanizmdə qurğuşunun toplanması riskini artıra bilər.

BAKU.WS xəbər verir ki, ABŞ-nin Buffalo Universitetinin alimləri bu qənaətə gəliblər. Tədqiqatın nəticələri "Journal of Xenobiotics" elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində müxtəlif mağazalardan alınan üyüdülmüş darçın nümunələri yoxlanılıb. Alimlər kompüter modelləşdirməsi vasitəsilə 3-5 yaşlı uşaqların bu ədviyyatı istehlak etməsinin qanda qurğuşunun səviyyəsinə mümkün təsirini də qiymətləndiriblər. Hesablamalarda su, hava və torpaq vasitəsilə orqanizmə daxil olan digər çirkləndiricilər də nəzərə alınıb.

Nəticələr göstərib ki, yoxlanılan nümunələrin əksəriyyətində qurğuşunun miqdarı müəyyən edilmiş normaları aşmayıb. Bununla belə, darçının hər gün böyük miqdarda qəbul edilməsi orqanizmdə bu ağır metalın ümumi səviyyəsini artıra bilər.

Alimlərin sözlərinə görə, xüsusilə azyaşlı uşaqlar risk altındadır. Belə ki, uşaqlar qida vasitəsilə qəbul etdikləri qurğuşunun 40-50 faizini mənimsəyə bildikləri halda, böyüklərdə bu göstərici 3-10 faiz təşkil edir. Qurğuşunun uşaqlıq dövründə orqanizmə təsiri koqnitiv inkişafda problemlərə səbəb ola bilər.

Tədqiqatçılar bildiriblər ki, qurğuşun darçına həm ədviyyatın yetişdirildiyi torpaqdan, həm də istehsal prosesi zamanı düşə bilər. Nadir hallarda isə məhsulun çəkisini artırmaq və rəngini yaxşılaşdırmaq məqsədilə bu metalın birləşmələri qəsdən ədviyyata əlavə olunur.

Mütəxəssislər darçının uşaqların qida rasionundan tamamilə çıxarılmasını zəruri hesab etmirlər. Bununla belə, valideynlərə uşaqların qəbul etdiyi darçının miqdarına nəzarət etmək tövsiyə olunur.

Son xəbərlər