Modelyer Pyer Karden öldü - Məşhur fransız kimdir? - FOTO
Moda həvəskarları tərəfindən yaxşı tanınan məşhur fransız modelyer Pyer Karden vəfat edib.
BAKU.WS xəbər verir ki, modelyer 98 yaşında dünyaya gözünü yumub.
1936-cı ildən bəri moda ilə məşğul olan Karden adını dünya səviyyəsində bir markaya çevirib.
Pyer Karden kimdir?
Pyer Karden 2 iyul 1922-ci ildə anadan olub. İtalyan əsilli Fransız modelyerin geyim və memarlığa marağı hələ uşaq yaşlarından başlayıb.
Pyer Karden 1936-cı ildə dərzi yanında tikiş öyrənməyə başlayıb. II Dünya Müharibəsi dövründə Qırmızı Xaçda könüllü olaraq işləyən Karden 1945-ci ildə ailəsi Parisə köçdüyü zaman dövrün məşhur moda dizaynerləri Jin Paquin, Kristian Bernard və Elsa Şiaparelli ilə işləmək fürsəti əldə edib.
1947-1950-ci illər arasında Kristian Diorun yanında peşəsini inkişaf etdirən modelyer 1950-ci ildə özünə mağaza açıb.
1954-cü ildə "Yeva", 1957-ci ildə isə "Adam" mağazalarını açır. Çox keçmir, Pyer Karden moda sindikatının üzvü olur və 120 modeldən ibarət tam kolleksiyasını təqdim edir. Keyfiyyət, zəriflik və orijinallıq onu fərqləndirən əlamətlər idi. 60 ildən artıqdır ki, modelyer dəb aləmində öz üslubunu diktə edir.
Bu müddət ərzində Pyer stilist, dizayner və dərzilərin çalışdığı böyük bir imperiya yaradıb. Firma hər il 20 min modeldə paltar, ayaqqabı və aksessuarlarını alıcılarına təqdim edir. Dünyada "Pierre Cardin" markalı məhsulların istehsalında 200 minə qədər insan çalışır. Hazırda firmanın illik gəliri təxminən 12 mlrd. dollar təşkil edir. Bundan əlavə, Pyerin təsisçisi olduğu teatr kollektivi də fəaliyyət göstərir.
"Time" jurnalı Pyeri adını, demək olar ki, hər şeyin üstünə yazmağı bacaran "hiyləgər fanatik" adlandırırdı. Çünki, o, özünün "Pierre Cardin" brendini müvəffəqiyyətlə satmağı bacarırdı. Pyer Karden 1985-ci ildə Fransanın İncəsənət Akademiyasına üzv seçilir və həmkarlarının dili ilə desək, "ölməz" qalır. O, beynəlxalq və Fransa səviyyəsində 24 nüfuzlu mükafatın sahibidir.
1988-ci ildə İtaliyanın "Xidmətə görə" ordeni və Vatikanın yüksək mükafatı "Müqəddəs xəzinə" ilə təltif olunub. 1991-ci ildə fəaliyyətinin 40 illiyi ilə əlaqədar Moskvada "Qızıl Meydan"da 200 minlik tamaşaçı qarşısında Pyer Kardenin 50 modelinin möhtəşəm təqdimatı keçirilir.
Modelyerin etirafına görə, bu, onun həyatında ən həyəcanlı və əlamətdar hadisə oldu. 2008-ci ilin əvvəlində Parisin moda muzeyi "Galliera"da Pyer Kardenin 60 illik çalışmasının nəticəsi olan 10 min məmulatdan ibarət sərgi keçirilib. O, heç vaxt satışa can atmayıb. 3500 kv.metrlik şəxsi muzeyindəki paltar kolleksiyaları və mebellər buna sübutdur.
Onun modellərində əsas yeri parça tutur. İpəyə olan meylinə görə tənqidçilər Pyeri "ipək baronu" adlandırırdılar.
Oxşar xəbərlər
Belarus Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsünü saxladı - SİYAHI
Dünən gecə Minsk yaxınlığında Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları "Vaqner" xarici özəl hərbi şirkətin 32 hərbçisini saxlayıb. BAKU.WS xəbər verir...