Laçında şəhər infrastrukturunun 80 faizi tamamlanıb, 5 fabrik açılıb, 430 nəfər işlə təmin olunub
“Laçında aparılan işlər sürətlə davam etdirilir. Rayon sakinlərinin əmək fəaliyyəti üçün də işlər görülüb”.
BAKU.WS xəbər verir ki, bunu report-un Qarabağ bürosunun Laçına ezam olunan əməkdaşına açıqlamasında “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi Aqil Səfərəliyev bildirib.
Onun sözlərinə görə, Laçında hazırda 712 tikilidə işlər davam etdirilir:
“Onlardan 9-u çoxmənzilli binadır. Aparılan abadlıq tədbirləri çərçivəsində qeyri-yaşayış obyektləri və kommunikasiyalarla bağlı da işlər görülüb. Şəhərdə 75 qeyri-yaşayış obyekti, həmçinin kommunikasiya xətlərinin hamısı – təbii qaz, su, işıq və rabitə xətləri tamamilə yenidən çəkilib. Bundan əlavə, ümumi kanalizasiya sisteminin inşası başa çatdırılıb. Şəhər bütünlüklə işıqlandırma sistem ilə təchiz edilib. Ümumilikdə şəhər infrastrukturu ilə bağlı işlərin 80 faizi tamamlanıb”.
A.Səfərəliyev Laçında görülən işlər çərçivəsində buraya köçürülən ailələrin əsas məşğuliyyəti və əmək fəaliyyəti barədə də danışıb. O bildirib ki, hazırda Laçında yaşayan ailələrin əmək məşğuliyyəti sahəsində işlər görülür:
“Bu istiqamətdə bəzi sahələr üzrə işlər yekunlaşmaq üzrədir. Belə ki, rayonun Zerti kəndi ərazisində yaradılan aqroparkda 50-yə yaxın fabrik və müəssisənin yaradılması nəzərdə tutulub. Bakı Abadlıq Xidməti tərəfindən inşa olunan bu sənaye müəssisələri ilə laçınlı ailələr daimi işlə təmin olunacaq.
Artıq aqroparkda mebel və yun emalı müəssisəsi daxil olmaqla, 5 fabrik fəaliyyətə başlayıb. 50-yə yaxın müəssisənin istismara verilməsi ilə 1200-1300 nəfər Laçın şəhər sakini işlə təmin olunacaq. Hazırda fəaliyyətə başlayan müəssisələrdə 430 nəfər Laçın sakini işləyir”.
“Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi söyləyib ki, Zerti Aqro və Sənaye Parkında yerləşən “Zootopia” (qoyun və keçi saxlama məntəqəsi), “Fəyaz bağı” (istixanalar), “Gusto” (ət kəsimxanası), “Həkəri" (balıq təsərrüfatı), “Aydınoğlu” (mebel fabriki) fəaliyyət göstərəcək.
Qeyd edək ki, Laçın şəhərinə indiyədək 315 ailə, yəni 1205 nəfər köçüb. Bu ay Laçına daha 75 ailənin qayıtması gözlənilir. Zabux kəndinə 94 nəfərlik 21 ailə geri dönüb. Ümumilikdə Laçın rayon ərazisinə 336 ailə, yəni 1299 nəfər köçürülüb.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...