Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA

Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 38

"Bakıdan xarici ölkələrə yeni dəmir yolu istiqamətlərinin açılması məsələsində əsas qərar hökumətin mövqeyindən və müvafiq qiymətləndirmələrdən asılıdır. Bununla belə, düşünürəm ki, növbəti mərhələlərdə yeni istiqamətlərin açılması məsələsi gündəmə gələcək".

Bunu BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, burada ilk növbədə Tbilisi istiqamətinin daha da inkişaf etdirilməsi imkanlarına baxmaq lazımdır:

"Bakı ilə Tbilisini təxminən 500 kilometr məsafə ayırır və bu marşrut təkcə iki şəhər arasında nəqliyyat əlaqəsi baxımından deyil, turizm baxımından da böyük potensiala malikdir.

Dəmir yolu turizminin inkişafı strategiyanın əsas istiqamətlərindən birinə çevrilə bilər. Tbilisi bizim ən yaxın milyonluq qonşu şəhərlərimizdən biridir. Bu səbəbdən Bakı-Tbilisi xəttinin daha da inkişaf etdirilməsi, gələcəkdə isə marşrutun Qara dənizə qədər uzadılması imkanlarına baxılması məqsədəuyğun olar.

Belə bir marşrut Bakı, Gəncə, Tbilisi, Kutaisi və Batumi kimi şəhərlərlə yanaşı, regionun mühüm hava limanlarına çıxış imkanlarını da genişləndirə bilər. Bu isə qarşılıqlı turizm mübadiləsinin artmasına şərait yaradar. Nəticədə yalnız sərnişinlər deyil, marşrut üzərində yerləşən şəhərlər və dövlət də bundan iqtisadi fayda əldə edə bilər".

Ekspert əlavə edib ki, beynəlxalq qatarların sayının və istiqamətlərinin artırılması zamanı yalnız mövcud yataq tipli qatarlarla kifayətlənmək düzgün olmaz:

"Məsələn, Bakı-Tbilisi istiqamətində oturaq tipli qatarların tətbiqi də nəzərdən keçirilə bilər. Vaxtilə Bakıdan Tbilisiyə, eləcə də Ağstafa istiqamətində oturaq tipli qatarların hərəkəti təcrübəsi olub.

Hazırda Bakı-Ağstafa istiqamətində hərəkət edən oturaq tipli "Stadler" qatarının çoxsaylı dayanacaqlara baxmayaraq, marşrutu təxminən 5 saat 15 dəqiqəyə qət etməsi göstərir ki, məhdud dayanacaqlı beynəlxalq reys təşkil olunarsa, Tbilisiyə daha qısa müddətdə çatmaq mümkündür.

"Stadler" qatarlarının konstruktiv sürəti 160 kilometr/saatdır, Azərbaycanda isə hazırda icazə verilən sürət 140 kilometr/saatdır. Buna görə hərəkət sürətinin və dayanacaqların optimallaşdırılması hesabına Bakı-Tbilisi səfərinin müddətini azaltmaq imkanları araşdırıla bilər. Əgər səfər müddəti təxminən 6 saata endirilə bilsə, sutka ərzində daha intensiv qatar reyslərinin təşkili üçün də imkan yaranar.

Həm oturaq, həm yataq tipli qatarların paralel tətbiqi sərnişinlərə seçim imkanı verə bilər. Oturaq tipli qatarlar daha sürətli və nisbətən münasib qiymətli səfər istəyən sərnişinlər üçün, yataq tipli qatarlar isə gecə səyahətinə üstünlük verənlər üçün uyğun variant ola bilər.

Ümumilikdə isə Bakıdan xaricə yeni dəmir yolu istiqamətlərinin açılması zamanı yalnız bir marşrutun deyil, müxtəlif alternativlərin formalaşdırılması vacibdir. Daha çox istiqamət, daha çox reys və müxtəlif xidmət modelləri həm sərnişinlərin seçim imkanlarını artırar, həm də dəmir yolunun turizm və nəqliyyat potensialından daha səmərəli istifadə etməyə şərait yaradar".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər