Jirinovski: "Ermənistan bunu etsə, Azərbaycan müharibəyə başlayacaq" (VİDEO)
"Dağlıq Qarabağ münaqişəsini həll etmək istəyiriksə, Türkiyə amilini nəzərə almalıyıq. Bu amili əsla yaddan çıxarmaq olmaz. Ermənilər də anlamalıdırlar ki, Ermənistanın Dağlıq Qarabağla birləşməsi mümkün deyil. Rusiya bunu istəmir, çünki maraqlarımıza ziddir. Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyarsa, bölgədə böyük müharibə başlanacaq. Üstəlik, NATO-nun mövqeləri güclənəcək".
Milli.az xəbər verir ki, Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski Rusiya Erməniləri İttifaqının (REM) media kanalına verdiyi müsahibəsində belə deyib.
"Türkiyə bölgədə çox fəaldır və onun maraqları Rusiyanın mənafeləri ilə kəskin ziddiyyət təşkil edir. Ermənilər deyirlər ki, biz niyə passivik. Belə deyil. Rusiyanın siyasətini anlamaq gərəkdir. Ermənilər onu da unutmasınlar ki, Rusiya tarix boyu onları farslardan, türklərdən xilas edib. Biz Ermənistanı ələ keçirdik, Ermənistan yarandı. Bizim köməyimizlə. Azərbaycan isə Çar Rusiyasının tərkibinə İranın qərarından sonra daxil olub - Tehranda Rusiyanın səfiri Qriboyedov qətlə yetiriləndən sonra.
Azərbaycanı biz ələ keçirməmişik. Hə, gələk Dağlıq Qarabağ məsələsinə. Yaxşı, təsəvvür edək ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıdı. Nə olacaq?! O olacaq ki, Azərbaycanla Türkiyə ittifaq, birlik yarada bilərlər, hətta birləşərlər də. Ən yaxşı halda Azərbaycan ərazisində Türkiyənin hərbi bazaları yerləşdiriləcək.
Təsəvvür edin ki, Azərbaycanın şimalında, Dağıstanın yaxınlığında belə baza var. Bu, çox pis olacaq. Çünki Dağıstan müsəlmanların yaşadığı yerdir və oranın əhalisinin əksəriyyəti türkdillilərdir. Ümumiyyətlə, qaraçaylar, çərkəzlər - Şimali Qafqazdakı xalqların əksəriyyəti türkdilllilərdir.
Oktyabr inqilabına qədər Şimali Qafqazda türk dili tədris olunurdu. Şimali Qafqazın Türkiyənin nəzarətinə keçməsi bizə lazımdırmı?! Yox", - V.Jirinovski deyib.
RLDP sədri daha sonra öz "amplua"sına sadiq qalaraq Türkiyənin "parçalanma ssenarisi"ndən bəhs edib. "Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb ermənilərə vermək lazımdır. Ermənistan bu ərazilərlə birləşməlidir. Onda ermənilər Dağlıq Qarabağı unudacaqlar. Türklər isə... Bu köçərilər yaşadıqları torpaqlarda gəlmələrdir. Qoy çıxıb Orta Asiyaya, vətənlərinə getsinlər, Daşkəndin yanında yaşasınlar. Bu, 21-ci əsrin ortalarına olan vəzifədir", - V.Jirinovski deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həllinə inanmır: "Minskdəki müzakirələr heç bir nəticə verməyəcək. Bu problemi nə ABŞ, nə Fransa həll edə bilər. Ümumiyyətlə, amerikalıların nə etmək istədikləri, nəyə can atmaları bəlli deyil. Rusiya olmadan Dağlıq Qarabağ münaqişəsini çözmək mümkün deyil. Rusiyanı istəmirsinizsə, onda vuruşun. Azərbaycan indi yaxşı, müstəqil siyasət yeridir. Ermənilərə aşkar yardım etsək, Azərbaycanın bizə münasibəti dəyişəcək. Bu da bizə lazım deyil".
BAKU.WS
Oxşar xəbərlər
Jirinovski: "Moskva Qarabağı Ermənistana versə..." (VİDEO)
"Əgər Sovet hakimiyyəti çar Rusiyasının ərazi bölgüsünü dəyişdirməyə başlamasaydı, onda Qarabağda münaqişə olmazdı. Azərbaycanlılar və ermənilər arasındakı düşm...