İran-İsrail müharibəsi neftin qiymətinə necə təsir edə bilər?

İran-İsrail müharibəsi neftin qiymətinə necə təsir edə bilər?
Təhlil
Siyasət 19

Yaxın Şərqdə baş verən münaqişənin qızışması və Hörmüz boğazının bağlanması qlobal enerji böhranına səbəb ola bilər.

BAKU.WS-in məlumatına görə, bu ssenari hələlik az ehtimal olunsa da dünya ölkələri üçün ciddi təhlükə sayılır. İranın İsrailə ötən gün 200-ə yaxın ballistik raket atması və bu raketlərdən bəzilərinin Təl-Əviv daxil olmaqla, hədəflərə çatması iki ölkə arasında münasibətlərin gərginləşməsi ilə nəticələnib.

Yaxın Şərqdə heç kəsin baş verməsini istəmədiyi bu müharibə əslində Hörmüz boğazı üçün ciddi təhlükədir. Hörmüz boğazı dünya enerji ticarətində çox mühüm rol oynayan strateji bir su yoludur. Bu boğaz, Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirir. Uzunluğu təxminən 39 kilometr olan boğaz, ən dar nöqtəsində yalnız 33 kilometr genişliyindədir və beynəlxalq neft ticarətinin əsas keçid nöqtələrindən biridir.

Dünya üzrə gündəlik ixrac olunan neftin təxminən 20 %-i Hörmüz boğazından keçir. Bu, hər gün təxminən 17-18 milyon barel neftin daşınması deməkdir. Boğaz, xüsusilə Yaxın Şərq ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin neftini qlobal bazarlara çatdırmaq üçün əsas nəqliyyat yoludur.

Hörmüz boğazı həmçinin dünya üzrə sıxılmış təbii qazın (LNG) təxminən 20%-nin daşınmasında mühüm əhəmiyyət daşıyır. Bu qaz əsasən Qətərdən gəlir, çünki Qətər dünyanın ən böyük LNG ixracatçılarından biridir.

Boğaz bağlanacağı təqdirdə Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Birləşmiş Ərəb Əmirlikləri və İranın özü də daxil olmaqla neft təchizatı dayandırılacaq. Belə ssenaridə dünya maye təbii qaz (LNG) ticarətinin 20 %-i də fəaliyyət göstərə bilməyəcək.

İranın neft ixracı hazırda təxminən gündə 1,7 milyon barel təşkil edir. Əgər bu ixracın ən azı yarısı İsrailin hücumları nəticəsində dayandırılarsa, dünya bazarında neft qıtlığı yaranacaq. Bu halda Brent markalı neftin qiyməti 90 dollar və ya daha çox olacaq.

Qeyd edək ki, neft bazarı Yaxın Şərqdə baş verən hadisələrə ehtiyatla reaksiya verir. İran dəfələrlə İsrailə güclü zərbə endirəcəyini bəyan edib və ölkələr qarşılıqlı zərbələr endirməyə başlayıblar. Lakin bu, çox tez dayanıb. Oxşar hadisələr bir neçə dəfə baş verib və maliyyə bazarı artıq buna öyrəşib. Ona görə də indi birbaşa zərbə mübadiləsi belə, münaqişənin eskalasiyası kimi yüksək ehtimalla qəbul olunmur.

Hörmüz boğazı, Yaxın Şərqdəki geosiyasi gərginliklərin çox vaxt hədəfi olur. Boğazın bağlanması və ya hər hansı ciddi təhlükə neft tədarük zəncirinə zərbə vura və qlobal neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb ola bilər. Bu cür senarilər dünyada enerji böhranına səbəb ola bilər. Hörmüz boğazının strateji əhəmiyyətinin yüksək olmasının əsas səbəblərindən biri, onun yerini tamamilə əvəz edəcək alternativ su yollarının olmamasıdır. Bölgədəki ölkələrin neft və qazını qlobal bazarlara çıxarmaq üçün çox məhdud alternativlər mövcuddur.

Orxan Hüseyn

Son xəbərlər