Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji Tərəfdaşlıq Xartiyası nə vəd edir?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində yadda qalan məqamlardan biri də "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanması oldu.
Sənəd regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit, iqtisadi sərmayələr, süni intellekt (AI) və rəqəmsal infrastruktur, təhlükəsizlik əməkdaşlığı, institusional çərçivə və tətbiq kimi mühüm sahələri əhatə edir. Bu da ikitərəfli münasibətlərin mahiyyətcə və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu aydın şəkildə nümayiş etdirir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin döyüş meydanında tam bərpa edilməsi əyani formada nümayiş etdirdi ki, dövlətimiz istər regional, istərsə də qlobal müstəvidə ciddi söz sahibidir:
"Ölkəmizin irəli sürdüyü sülh gündəliyini uğurla həyata keçirilməsi bir daha sübut etdi ki, bizim əsas amalımız Cənubi Qafqazda davamlı sabitliyin və möhkəm təhlükəsizlik rejiminin bərqərar olunmasından ibarətdir. Keçən ilin 8 avqustunda Vaşinqtonda imzalanan mühüm sənədlər bir daha göstərdi ki, regionda yaşayan bütün xalqların maraqlarına cavab verən yeni əməkdaşlıq formatının inkişafına heç bir alternativ yoxdur".
"Vaşinqton görüşlərinin mühüm davamı olaraq, Ceyms Devid Vensin Azərbaycana səfəri çərçivəsində tarixi əhəmiyyətli Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki dövlət arasında münasibətlərin yeni dönəminin başlanmasından, ikitərəfli səylərin beynəlxalq miqyasda böyük nəticələrə səbəb olmasından xəbər verir. Sənəddən göründüyü kimi, Regional bağlantılar, iqtisadi sərmayə, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastruktur, təhlükəsizlik əməkdaşlığı ikitərəfli marağa səbəb olan sahələrdir və qloballaşan dünyada müasir çağırışlara ciddi cavab olaraq, ən müsbət nəticələr verəcək" - deyə, deputat vurğulayıb.
Müsahibimiz bu aspektdə süni intellektə dair bəndin xartiyanın müddəalarında qeyd olunmasını xüsusi vurğulayıb və bunun xüsusi əhəmiyyət kəsb etdiyi deyib:
"Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı və süni intellektin tətbiqi üçün birgə tədqiqatlar, texnologiyanın mühafizəsini və qarşılıqlı formada müəyyən edilmiş şərtlər əsasında texnologiyaların könüllü ötürülməsini təşviq edəcəklər. Azərbaycan Prezidentinin 19 mart 2025-ci il tarixli "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında Sərəncamının icrası ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılmasını, AI sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanmasını, cəmiyyətin bütün üzvlərinə bunun faydalarının geniş şəkildə təbliğ edilməsini hədəfləyib. Qeyd edilən sahədə ABŞ ilə səmərəli əməkdaşlıq ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının və süni intellektin inkişafı üçün əlverişli imkanlar yaradır".
Oxşar xəbərlər
Prezident: "Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub"
"Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub". BAKU.WS xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Azərbaycanı...