İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, Kuba Prezidenti "X" sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edir, ona yeni mandatında uğurlar və xalqına firavanlıq arzulayıram. Hər iki ölkə arasında dostluğu və əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazır olduğumuzu bir daha bildirirəm”.
***21:19
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Xorvatiya Respublikasının Hökuməti adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Ötən otuz il ərzində Xorvatiya və Azərbaycan yüksək səviyyəli ikitərəfli əməkdaşlığa nail olub. Mən şadam ki, 2023-cü ilin noyabrında Bakıda keçirdiyimiz görüş zamanı əlaqələrimizi, xüsusilə ticarət və enerji təhlükəsizliyi sahələrində ümumi əməkdaşlığımızı müzakirə etmək fürsətimiz oldu.
Qarşıdakı illərdə Sizinlə və Azərbaycan Respublikasının Hökuməti ilə siyasi, iqtisadi və mədəni münasibətlərin daha da inkişafına nail olmaq üçün sıx işləməyə sadiqliyimizi bildirirəm.
Azərbaycan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə Sizə böyük uğurlar arzu edirəm.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
***20:36
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.
Azərbaycan xalqı Zati-alinizin müdrik liderliyinə olan etimadı ilə parlaq və inkişaf etmiş gələcəyə doğru daha sürətlə irəliləyəcəkdir.
Bu fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi əhəmiyyəti bir daha qeyd edir, təşkilatın birgə işlənib hazırlanmış iqtisadi gündəliyinin irəliyə aparılmasında ölkənizin daim artan rolunu və töhfəsini xüsusi vurğulayıram.
İqtisadi Əməkdaşlıq Təşkilatının daha fəal olmasını və inteqrasiyasını təşviq etmək üçün məqsədlərimizin həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini və himayəsini səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***20:23
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu məsul vəzifənin həyata keçirilməsində Sizə uğurlar arzulayıram. İnanıram ki, Siz dövlətinizin ümumi inkişafı və vətəndaşlarınızın firavanlığı naminə fədakarlıqla işləməyə davam edəcəksiniz.
Son 30 il ərzində Xorvatiya ilə Azərbaycan arasında dostluq münasibətləri inkişaf etməkdədir. Əminəm ki, Sizin yeni prezidentliyiniz dövründə biz ümumi münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bizim iqtisadi əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır və bunun daha da inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, Azərbaycan və Xorvatiya şirkətləri arasında sıx əməkdaşlığı daha da təşviq etmək, eləcə də qarşılıqlı sərmayələrə marağı artırmaq üçün səylərimizi əsirgəməyəcəyik.
Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***20:07
Ukrayna Ali Radasının Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya İlham Əliyevi yenidən president seçilməsi münasibətilə təbrik edib.
O, “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi qələbə qazandığını vurğulayıb.
“Cənab İlham Əliyevi şəxsən tanıyıram. Mən də Prezidentimizin Ukrayna xalqı adından təbriklərinə qoşuluram. Azərbaycanlılar bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır. Ona görə də mən səmimi qəlbdən ölkənizə firavanlıq, Prezidentinizə cansağlığı arzulayıram”, - o, əlavə edib.
D. Araxamiya Azərbaycanın Ukraynaya ən tez yardım göndərən ölkələrdən biri olduğunu qeyd edib:
“Avropanın ən böyük su elektrik stansiyası partladıldı, bütün şəhərlər su altında qaldı. Mən ölkənizin rəhbərliyinə zəng etdim və 24 saat ərzində Azərbaycandan birinci təyyarə gəldi. Bu, bizim üçün çox vacib idi. Əlbəttə ki, yardımın həcmi daha böyük olan ölkələr var, ancaq biz Azərbaycanın həmişə göstərdiyi səmimiyyəti və mehribanlığı buradan başa düşməliyik. Ona görə də biz Azərbaycana vaxtında göstərdiyi köməyə və bizə dost münasibətinə görə minnətdarıq və həmişə minnətdar olacağıq”.
***18:53
Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.
***18:28
evralın 8-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Ersin Tatar prezident seçkilərində inamlı qələbə münasibətilə dövlət başçısını təbrik edib, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəminə toxunularaq bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik bildirilib.
Oxşar xəbərlər
İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov İlham Əliyevi Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib...