SİZİN REKLAM BURADA!
055 213 76 73


ATƏT-in missiyasının 300-dən çox müşahidəçisi Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri prosesini izləyir.

BAKU.WS "trend"ə istinadən xəbər verir ki, bunu ATƏT-in xüsusi əlaqələndiricisi Artur Gerasimov Azərbaycan Dillər Universitetində təşkil olunmuş 23 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsində jurnalistlərə deyib.

“Hazırda bizim missiyamız 300-dən çox müşahidəçidən ibarətdir və onlar ölkə üzrə paylanıblar. Bakıda, Sumqayıtda, Naxçıvanda və bir çox başqa yerlərdə bizim müşahidəçilər hazırda seçki prosesini izləyirlər.

ATƏT-in Azərbaycandakı missiyası seçkilərin 1990-cı il Kopenhagen Sənədində əks olunmuş standartlara uyğun təşkilini qiymətləndirir. Onu da deyim ki, bütün müşahidəçilərimiz çox yaxşı hazırlıq keçiblər”, - Gerasimov vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

BAKU.WS