SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın Ermənistana "İsgəndər” operativ-taktiki raketlərini verməsindən sonra regionda yaranmış yeni hərbi-siyasi situasiyaya adekvat olaraq Azərbaycanın hansı cavab tədbirləri görəcəyi hazırda bu sahə üzrə analitikləri düşündürən əsas mövzudur.  Xəbər verildiyi kimi
 
"İsgəndər” raketləri sentyabrın 21-də İrəvanda keçirilən hərbi paradda nümayiş etdiriləndən bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi prezident İlham Əliyevin tapşırığı ilə xidməti müşavirə keçirdi. Müşavirədə "regionda yaranmış yeni hərbi-siyasi situasiya nəzərə alınmaqla” Ermənistanın bütün ərazisində strateji və hərbi hədəflərin müəyyən edilib onlara qarşı kəşfiyyatın dərinləşdirilməsi, həmin hədəflərin hər an məhv edilə bilməsi üçün hazırlıqların görülməsi barədə qərarlar qəbul edildi.

Virtualaz.org bundan əvvəl də qeyd etdiyi kimi Bakının İrəvanda nümayiş olunan "İsgəndər”lərə cavab variantlarından biri Azərbaycan silahlı qüvvələrinin malik olduğu, hədəfi yüksək dəqiqliklə vuran raket sistemlərinin köməyi ilə Ermənistan ərazisinin dərinliklərində, o cümlədən İrəvanda hərbi-strateji obyektləri hədəfə almaqdır. Rusiya bu silahları Ermənistana tətbiq olunmaq üçün deyil, şübhəsiz ki, Azərbaycanı öz ərazilərini azad edə bilmək üçün irimiqyaslı hərbi əməliyyatlara başlamaqdan çəkindirmək üçün verib. Başqa sözlə, Moskva ona nail olmaq istəyib ki, hərb variantı Qarabağ məsələsinin mümkün həlli variantları sırasından çıxsın.

 

Lakin Bakı buna yol verə bilməz. İndiyə qədər olduğu kimi bundan sonra da Ermənistana nümayiş etdirməlidir ki, onun işğal altındakı əraziləri hərbi yolla geri qaytarmaq üçün aydın seçim imkanları var. Bu baxımdan Azərbaycanın "İsgəndər”lərə cavab olaraq Ermənistanın bütün ərazisi boyu hərbi-strateji hədəfləri "nişangaha alması” erməni tərəfini həmin raketləri tətbiq etməzdən əvvəl azı iki dəfə düşünməyə məcbur edəcək amildir.

Ancaq başqa cavab tədbirləri də görülməlidir ki, bura Azərbaycanın hərbi potensialının daha da möhkəmləndirilməsi, eyni zamanda 300 km və daha uzaq mənzilli operativ-taktiki raketlərin əldə olunması daxildir. Belə görünür ki, Bakı bu variant üzərində çoxdan işləyir. Birincisi, Azərbaycan tərəfdaş ölkələrdən 500 km mənzilli operativ-taktiki raketlərin alınmasına dair danışıqlar aparır ki, bunu bir neçə ay əvvəl  raket-artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov mətbuata açıqlamışdı. İkincisi, Azərbaycan hərbi sənayesini inkişaf etdirməkdə olan ölkə kimi yaxın mənzilli operativ-taktiki ballistik raketləri həm də özü istehsal etmək istəyir ki, bunu da bu günlərdə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlayıb.

 

İkinci variant həm də ona görə optimal olardı ki, Azərbaycan bu cür raket texnologiyasını əldə edəndən sonra yaxın mənzilli ballistik raketlərin kütləvi istehsalını həyata keçirə bilər. Hərb qanunlarına əsasən bu cür raketlərlə kütləvi zərbələr təbii ki, Ermənistanın malik olduğu məhdud sayda "İsgəndər” raketlərinin zərbələri ilə müqayisə oluna bilməz. Ona görə də Azərbaycan düzgün taktika üzrə gedir və indiyə qədər hərbi sahədə  qurduğu güclü tərəfdaşlıq münasibətləri baxımından yaxın mənzilli ballistik raket texnologiyasını əldə etməkdə çətinlik çəkməyəcək.

Və belə tərəfdaş ölkələr arasında Ukrayna və Belarus da yer alır. Niyə məhz Ukrayna və Belarus? Azərbaycanın yaxın mənzilli raket texnologiyası sahəsində əməkdaşlıq edə biləcəyi ölkələr arasında bu iki ölkə niyə birinci yada düşür?

Virtualaz.org qeyd edir ki, bu günlərdə Belarus müdafiə naziri Andrey Ravkov Bakıda səfərdə olub və müdafiə naziri Zakir Həsənovla, prezident İlham Əliyevlə danışıqlar aparıb. Habelə Bakıda keçirilən ADEX-2016 müdafiə sərgisində Ukrayna hərbi sənayesinin aparıcı müəssisələrinin rəhbərləri Azərbaycan tərəfi ilə danışıqlar aparıblar.

Məsələ bundadır ki, Ukrayna və Belarus Rusiyanın "İsgəndər” raketlərinin analoqu olan operativ-taktiki raket kompleksi üzərində çoxdandır iş aparır. Bu, 300 km mənzilli, 480 kiloqramlıq döyüş başlığına malik, hədəfi dəqiq vuran "Qrom-2” operativ-taktiki raket kompleksləridir.


Məlum olduğu kimi sovet dövründə Ukraynada müxtəlif tipli ballistik raketlər istehsal edən hərbi sənaye müəssisələri yerləşirdi və bu ölkə keçmiş sovet respublikaları arasında ballistik raket texnologiyasına malik yeganə ölkədir. Lakin 90-cı illərin əvvəllərindən başlayaraq Ukrayna hərbi sənayesi dağıldı. İndi Krımın ilhaqından və Donbassın faktiki işğal olunmasından sonra Ukrayna öz hərbi sənayesini dirçəltməyə, ordusunu gücləndirməyə çalışır. "Qrom-2” operativ-taktiki raketləri üzərində iş də bu çərçivədə başlayıb. Həmin raketlərin üzərində iş əslində 90-cı illərin sonlarında başlamışdı, ancaq vəsait olmadığından işlər yarmıçıq qalıb. İndi isə Ukrayna Belarus, Pakistan və Səudiyyə Ərəbistanı kimi ölkələrlə danışıqlar apararaq layihə üçün maliyyə mənbələri, texnoloji dəstək əldə etməyə çalışır.

Həmin ölkələrin "Qrom-2” raketlərinə marağı nədən irəli gəlir? Virtualaz.org qeyd edir ki, Belarus Rusiya ilə "qardaş dövlətlər” olsa da Moskva Minskə qabaqcıl texnologiyalara əsaslanan silah sistemlərini, o cümlədən "İsgəndər”ləri verməkdən imtina edir. Belarus isə özü bu raketlərin analoqunu əldə etməyə çalışır. Əslində "İsgəndər” komplekslərinin yerləşdiyi mobil platformanı Belarusun hərbi-sənaye müəssisəsi-Minsk maşın-traktor zavodu istehsal edir. Bu baxımdan Belarusa təkcə raketin özünü əldə etmək kifayət edərdi.

 

Ukrayna mənbələrinin xəbərlərinə görə, bu payız Pavloqrad Kimya Kompleksi "Qrom-2” raketlərinin ilk sınağını keçirməyə hazırlaşır. Və raketlər Belarusun istehsalı olan, "İsgəndər”lərin yerləşdiyi mobil platforma üzərində yerləşdiriləcək. Ukraynanın raket proqramı üzərində işi davam etdirmək üçün vəsaiti xaricdən cəlb etdiyi bildirilir. Ehtimal ki, söhbət Səudiyyə Ərəbistanından  gedir. Çünki Rusiya "İsgəndər”ləri Səudiyyə Ərəbistanına da satmayıb. Belarusun isə bu layihəyə maliyyə dəstəyi vermək imkanları məhdud hesab olunur.

Belarus prezidenti Aleksandr Lukaşenko 2008-ci ildə "The Wall Street Journal”a müsahibəsində ölkəsinin "İsgəndər” raketlərinin analoqu üzərində iş apardığını açıqlayıb. 2014-cü ildə Belarus nümayəndə heyəti Ukrayna hərbi sənaye müəssisələrində, o cümlədən "Qrom-2” raketlərinin layihəsi üzərində işləyən Dneprepetrovsk hərbi-sənaye müəssisəsində danışıqlar aparıb. 2015-ci ildə 9 may Qələbə Günü münasibətilə Minskdə keçirilən hərbi paradda "İsgəndər”lərin analoqunun nümayiş etdiriləcəyi açıqlansa da Belarus həmin paradda "Smerç” reaktiv yaylım atəşi sistemlərinin analoqu olan yeni "Polonez” reaktiv sistemini nümayiş etdirmişdi. Hərbi ekspertlərə görə, Belarus "İsgəndər”lərin analoqu dedikdə məhz "Qrom-2” raketlərini nəzərdə tuta bilər. İndi müzakirələrə Azərbaycan da qoşulur və Bakı "İsgəndər”ləri neytrallaşdırmaq üçün mümkün variantlardan biri kimi Ukrayna-Belarus birgə istehsalı kimi "Qrom” komplekslərini də nəzərdən keçirir. Belarus ekspertlərinə görə, Azərbaycan bu layihəyə maliyyə ayıra və "Qrom” komplekslərinin ilk alıcılarından ola bilər.
 
BAKU.WS