Rusiya Ermənistana silah satışını baş çatdırandan sonra nə baş verəcək?

Rusiya Ermənistana silah satışını baş çatdırandan sonra nə baş verəcək?
Siyasət 4450

 

Ermənistanın 200 milyon dollarlıq kredit hesabına Rusiyadan aldığı silah-sursatın nə zaman ünvana çatdırılacağı hələ məlum deyil. Bu məsələ aprel döyüşlərindən sonra Ermənistanda az qala bir nömrəli mövzudur və jurnalistlər hər dəfə müdafiə nazirini, yaxud baş naziri və digər əlaqəli məmurları görəndə silahların nə vaxt çatdırılacağı haqda suallar yağdırırlar.

Sonuncu dəfə mayın 23-də müdafiə naziri Seyran Ohanyan bu haqda suala cavab verib. Deyib ki, kredit hesabına alınan silah və hərbi texnikanın daşınması üçün tədbirlər görülür, proses gedir. Lakin nazir silahların ilk partiyasının artıq Ermənistana daxil olduğu haqda təsdiqləyici heç nə deməyib. Bundan əvvəl baş nazir Ovik Abramyan silahların daşınması prosesinin artıq başladığını demişdi.

Ermənistana bu silahlar tələsik ona görə lazımdır ki, təmas xəttində itirdiyi mövqeləri bərpa etmək üçün balans yaratsın. Bununla belə Rusiyanın silahları Ermənistana çatdırmaq üçün tələsmədiyi də görünür. Silahlar güzəştli kreditlə, güzəştli qiymətə alındığından Rusiyanın əlində sifarişin yerinə yetirilməsini ləngitmək üçün çoxsaylı bürokratik rıçaqlar var.Ancaq Kreml hazırda Qarabağ münaqişəsində tərəfləri danışıqlar masasına qaytarmaq gücündə olan yeganə oyunçudur və nəzərə alır ki, Ermənistan həmin silahları alandan sonra Rusiyanın bərpa etməyə çalışdığı danışıqlar prosesinə qayıtmaqdan imtina edə bilər. Çünki Ermənistanda aprel döyüşlərində itirilən ərazilərə görə qızğın debatlar gedir.

Serj Sərkisyan itirilən ərazilərin ölçüsünü açıqlayandan sonra ona qarşı hücumlar artıb. Keçmiş səhra komandirləri bir ağızdan bağırır ki, ordu hücuma keçib bu əraziləri geri almalıdır. Hətta aprel döyüşləri zamanı Qarabağa gələn "Yerkrapa” könüllülərinin bir hissəsi Vyana görüşündən sonra Sərkisyanın silahları təhvil verib geri dönmək barədə əmrini eşitməyib. Onlar bildirir ki, itirilmiş mövqelər geri alınana qədər Qarabağda qalacaqlar.

Bəs güzəştli kredit hesabına alınan silahlar Ermənistana çatdırılsa nə baş verəcək? Bunun münaqişə tərəfləri arasında hərbi qüvvələr nisbətin hansı təsiri olacaq?Virtualaz.org bir neçə ay əvvəl Ermənistanın Rusiyadan 200 milyon dollarlıq kredit hesabına alacağı silah və texnikanın siyahısını əks etdirən sənədi dərc etmişdi. Məlum olmuşdu ki, siyahıda "Smerç” reaktiv yaylım atəşi sistemlərindən və TOS-1A ağır odsaçan sistemlərindən başqa Azərbaycanla hərbi qüvvələr nisbətinə təsir edə biləcək başqa silah sistemləri yer almır. Rusiyanın Ermənistana satdıqları əsasən 20-30 il əvvəl istehsal edilmiş və köhnəlmiş hesab edilən silahlardır.

Lakin "Smerç” reaktiv yaylım atəşi sistemləri və TOS-1A odsaçanları ayrı məsələdir. Ermənistanda da silahların mümkün qədər tez çatdırılması haqda danışanda məhz bu iki silah sistemini nəzərdə tuturlar. Çünki Azərbaycan Rusiyadan bir diviziyon (18 kompleks) "Smerç” reaktiv yaylım atəşi sistemi və iki diviziyon TOS-1A "Solntsepyok” ağır odsaçan sistemləri alanda Ermənistanda qorxuya düşdülər.

Aprel döyüşləri zamanı Azərbaycan ordusu "Smerç”ləri tətbiq etməyib, TOS-1A odsaçanından isə düşmənin Cəbrayıl ərazisindəki hərbi qərargahını vurmaq üçün cəmi 3 raket atılıb. Əgər bu ik silah sistemləri tam gücü ilə tətbiq edilsəydi o zaman Ermənistan ordusunun itkiləri indikindən qat-qat artıq olardı. Görünür Azərbaycan ordusu həmin silah sistemlərini daha irimiqyaslı hücum əməliyyatları üçün ehtiyatda saxlayır.Ermənistanda da həmin ssenaridən qorxurlar və məhz bu səbəbdən mümkün qədər tez "Smerç”ləri və TOS-1A odsaçanlarını əldə etməyə can atırlar. Ancaq Azərbaycan da məsələni yaxından izləyir və Ermənistanın həmin silahları alandan sonra onları Qarabağda yerləşdirməsi Moskva ilə Bakının münasibətlərini ciddi şəkildə zədələyə bilərdi. Görünür Azərbaycan tərəfi hər fürsətdə məsələ qaldırır ki, Ermənistana satılan həmin silah sistemlərinin Qarabağa daşınması Rusiya ilə münasibətlərə zərbə vuracaq.

Rusiyada da bunu nəzərə alırlar və yaxşı başa düşürlər ki, "Smerç” reaktiv yaylım atəşi sistemləri və TOS-1A odsaçanları Ermənistanın ruslardan alıb Qarabağa daşıdığı tanklardan və digər silahlardan fərqlidir. Bu baxımdan Azərbaycan Rusiyanın Ermənistana həmin silahları satmasına mane ola bilməsə də onların Qarabağda yerləşdirilməməsi məsələsini qəti şəkildə Moskva qarşısında qoymalıdır.

Digər tərəfdən Azərbaycan "Smerç”lərin və odsaçanların Ermənistana satılması faktından çıxış edərək silahlanmada müəyyən korrektələrə getməlidir. Doğrudur, Rusiyanın Ermənistana satdığı odsaçanlar Azərbaycanın aldığı "Solntsepyok”lardan geri qalır. T-72 tankının bazasında yığılıb və hədəf kimi daha əlçatandır. Habelə Ermənistana satılan TOS-1A raketləri köhnə modifikasiyalıdır. Eyni zamanda Ermənistanın aldığı "Smerç”lər və odsaçanlar kəmiyyət baxımından da Azərbaycanın malik olduğu bu silah sistemləri ilə müqayisə edilə bilməz.Bununla belə Azərbaycan düşmənin "Smerç”lərinə və TOS-1A odsaçanlarına qarşı tədbirlər görməlidir. Belə tədbirlərdən ən effektivi həmin silahların döyüş mövqeyinə çıxarılmadan məhv edilməsi imkanlarına malik olmaqdır. Həmin taktikadan İsrail ordusu ərəblərlə 6 günlük müharibədə istifadə edib, ərəb koalisiyasının təyyarələrinin çoxu elə aerodromlardaca məhv edilib. Azərbaycan ordusu hazırda işğal altındakı ərazilərin istənilən nöqtəsinə dəqiq zərbələr endirmək imkanlarına malikdir.

Və Rusiyanın Ermənistana satdığı silahları nəzərə alaraq bu imkanların daha da genişləndirilməsi vacibdir. Söhbət azı 200 kilometr məsafədə hədəfi dəqiq vuran raket sistemlərinə malik olmaqdan gedir. Azərbaycan ordusunun Raket və Artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov bu günlərdə mətbuata açıqlamasında 200, 300 və 500 kilometr məsafədə hədəfi dəqiq vura operativ-taktiki raketlərin alınması üçün tədbirlər görüldüyünü deyib. Bəzi mənbələrə görə Azərbaycan artıq Pakistandan müəyyən operativ-taktiki raketlər alıb.

Digər cavab tədbiri isə kəşfiyyat və o cümlədən pilotsuz vasitələrlə kəşfiyyatın dərinləşdirilməsidir. Azərbaycan ordusu düşmənin nəzarətində olan ərazilərin dərinliklərində, o cümlədən Ermənistan ərazisində kəşfiyyatı gücləndirərək "Smerç”lərin və TOS-1A odsaçanlarının, habelə digər dağıdıcı silahların yerdəyişməsini nəzarətdə saxlamalı olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər