SİZİN REKLAM BURADA!
055 213 76 73



İlham Əliyev keçən il Azərbaycanın da oxşar vəziyyətlə üzləşdiyini deyib

"Bu il mən Türkiyəyə üç dəfə səfər etmişəm, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan da  Azərbaycana səfər edib. Bu gün hörmətli Baş nazir bizim qonağımızdır. Yəni, bu il artıq beş yüksək səviyyəli görüş keçirilmişdir. Bu da özlüyündə bir göstəricidir. Bu, göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri inkişaf edir, yüksək səviyyədədir. Mən hesab edirəm ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil".

BAKU.WS-in ANS SPRESS-ə istinadən verdiyi  məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırım ilə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

Prezident bildirib ki, bütün sahələrdə əməkdaşlıq, işbirliyi genişlənir, güclənir: "Biz daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstəririk. Bu yaxınlarda Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qərar qəbul edilmişdir, Kontakt Qrupu yaradılmışdır. Türkiyənin bu qərarların qəbul olunmasında çox böyük rolu olmuşdur. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır və biz bu dəstəyə görə minnətdarıq".

İlham əliyev deyib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi uzun illərdir ki, işğal altındadır: "Bir milyondan artıq azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, torpaqlarımızın təxminən 20 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı müvafiq qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və orada göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxt keçir. Ancaq bu qətnamələr kağız üzərində qalıb. Nəyə görə?! Çünki ikili standartlar var, ayrı-seçkilik göstərilir. Bəzi hallarda Birləşmiş Millətlər Təşkilatının qətnamələri bir gün ərzində icra edilir, amma bizə gəldikdə bu, 20 ildən çoxdur ki, icra edilmir və işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir. Bu, böyük ədalətsizlikdir".

Dövlət başçısı bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyini gücləndirir, siyasi, iqtisadi, hərbi üstünlük əldə edib və aprel döyüşləri bunu bir daha göstərdi. Ermənistanın hərbi təxribatı cavabsız qalmayıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib. Əks-hücum əməliyyatı nəticəsində 20 kvadratkilometrdən çox ərazi işğalçılardan təmizləndi və bundan bir neçə dəfə böyük ərazi də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Biz əlbəttə, çalışırıq və çalışacağıq ki, bu məsələ sülh, danışıqlar yolu ilə həll edilsin, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlarımızdan erməni silahlı birləşmələrinin çıxarılması deməkdir.

İlham Əliyev həmçinin deyib ki, Azərbaycan öz növbəsində bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır və bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliklərə Türkiyə qədər heyifsilənir və öz sözünü deyir: "Misal üçün, dünən Almaniya Parlamenti tərəfindən ədalətsiz, qərəzli, tarixi yalan üzərində qəbul edilmiş qətnaməni Azərbaycan dərhal qınadı, pislədi, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verdi və bu gün mən ölkə Prezidenti kimi bu yalan üzərində qurulan təxribatı bir daha pisləyirəm, qınayıram. Bu, ədalətsizlikdir, ikili standartlardır, tarixin təhrif edilməsidir və buna təbii ki, biz dözə bilmərik və dözmürük.

Yəqin bilirsiniz, bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir. Bizim bütün diaspor təşkilatlarımızın rəhbərləri bu gün Azərbaycandadır. Onlara təlimat verilmişdir ki, bütün türk diaspor təşkilatları ilə daim birlikdə olsunlar, birgə aksiyalar, nümayişlər keçirsinlər, öz etirazlarını bildirsinlər. Biz həm bu bölgədə, həm də xaricdə birliyimizi nümayiş etdirməliyik. Almaniya parlamentinin qəbul etdiyi ədalətsiz qərar, əlbəttə ki, siyasi sifarişdir. Çünki bunu hər kəs yaxşı bilir ki, bu, yalan üzərində, böyük erməni yalanı üzərində qəbul edilib. Nə üçün bu, məhz dünən qəbul edilib?! Təbii ki, bunun siyasi tərəfləri var və əsas rol oynayır. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək istəyirlər. Yəqin ki, Türkiyənin müstəqil siyasətinə təzyiq və təsir etmək istəyirlər. Budur, bu ədalətsizliyin təməlində dayanan amillər. "Erməni məsələsi” sadəcə olaraq bir bəhanədir. "Erməni məsələsi” yenə də böyük dövlətlərin əlində alətə çevrilib".

Dövlət başçısı qeyd edib ki, Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Keçən il iyun ayının 12-də Almaniya parlamenti Azərbaycana qarşı çox ədalətsiz, yalan üzərində hazırlanmış, təhqirlərlə dolu qətnamə qəbul edib. Guya ki, Azərbaycanda demokratiya, insan haqları pozulur və sair. Birincisi, bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir. Bütün azadlıqlar təmin edilir - söz azadlığı, mətbuat azadlığı.
 
Azərbaycanda azad internet mövcuddur və əhalinin 75 faizi internetdən istifadə edir. Sual olunur: Azad internet olan yerdə söz azadlığı necə boğula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Kim istəyir, nə vaxt istəyir sərbəst toplaşa bilir.

Biz indi görürük ki, bəzi Avropa ölkələrində dinc nümayişçilərə qarşı hansı vəhşiliklər törədilir. Biz görürük ki, onlar necə döyülür, söyülür, təhqir edilir. Yəni, bu, demokratiyadır. Amma Azərbaycanda insanlar rahat, sülh, əmin-amanlıq, sabitlik, azadlıq şəraitində yaşayır və bu, sən demə, demokratiya deyil. Yəni, bu sözləri mən nəyə gətirirəm? Keçən il iyunun 12-də Bakıda dünyada ilk dəfə olaraq Avropa Oyunları keçirilməyə başlamışdı. Yəni, iyunun 12-si Avropa Oyunlarının açılışı günü idi. Almaniya parlamenti məhz bu gündə Azərbaycana qarşı bu qətnaməni qəbul edib. Yəni, bu, bizə sataşmaqdır, bizə ləkə vurmaqdır, şər, böhtan atmaqdır. Ona görə biz də o vaxt bu qətnaməyə fikir vermədik. Əminəm ki, Türkiyə xalqı da, dövləti də buna fikir verməyəcək. Bunun heç bir mənası yoxdur. Sadəcə olaraq bu, siyasi sifarişdir. Bunu qəbul edənlər böyük səhv buraxıblar - həm tarixi, həm də siyasi səhv.

Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır. Biz birliyimizi daha da gücləndirəcəyik. Bax, bizə qarşı aparılan bu təxribatlar bir daha onu göstərir ki, biz ancaq birlikdə daha güclü ola bilərik. Bu gün Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir. Bu amili heç kim inkar edə bilməz. Biz gücümüzü birləşdiririk. Biz birgə layihələr icra edirik. Bu gün hörmətli Baş nazirlə birgə icra etdiyimiz bütün layihələri bir daha müzakirə etdik. Hörmətli Baş nazirin nəqliyyat naziri olduğu dövrdə Bakı-Tbilisi–Qars dəmir yolunun inşasına başlamışıq. Hörmətli Baş nazir o yolun tikintisi üçün çox böyük səylər göstərmişdir. Artıq yaxın zamanlarda biz bunun açılışını qeyd edəcəyik.

Enerji layihələri artıq regional çərçivədən çıxıb qlobal layihələrə çevrilibdir. Bunu da Azərbaycan və Türkiyə birlikdə icra edir. 2012-ci ildə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla İstanbulda TANAP layihəsinə start verdik. Əgər o vaxt biz bu məsuliyyəti öz üzərimizə götürməsəydik, hələ bu günə qədər bu enerji təhlükəsizliyi məsələləri müzakirə mövzusu olacaqdı. Biz bu məsuliyyəti üzərimizə götürdük. Həm siyasi məsuliyyəti, həm də iqtisadi, maliyyə öhdəliklərini üzərimizə götürdük. İndi 45 milyard dollar dəyərində "Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu, bizi daha da birləşdirəcək, bölgəyə sabitlik gətirəcək. Bölgə ölkələri bir-biri ilə daha sıx əlaqədə olacaqlar.

Bir sözlə, birgə icra etdiyimiz layihələr həm bizi gücləndirir, həm də bölgənin daha da etibarlı və əməkdaşlığa, işbirliyinə hazır olmasını təsdiqləyir. Biz birliyimizi gələcəkdə daha da gücləndirəcəyik. Bu gün Türkiyə dünya miqyasında bir gücdür, "Böyük İyirmiliyin” üzvüdür. Bütün böhranlara baxmayaraq, Türkiyənin iqtisadiyyatı inkişaf edir, Türkiyə güclənir. Türkiyənin gücü bizim gücümüzdür. Biz Sizin bütün uğurlarınıza öz uğurlarımız kimi sevinirik. Bugünkü səfər, görüşlər və müzakirələr əminəm ki, gələcək illər üçün də gözəl şərait yaradacaq.

BAKU.WS