İlham Əliyev: "Ərdoğan axşam mənə telefonla zəng etdi və dedi ki..."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.
BAKU.WS-in məlumatına görə, fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı Mövlud Çavuşoğluna və türk xalqına başsağlığı verən dövlətimizin başçısı bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını dedi. Prezident İlham Əliyev həmişə olduğu kimi, bu ağır günlərdə də Azərbaycan xalqının türk xalqının yanında olduğunu qeyd etdi.
Dövlətimizin başçısı dedi: "Fevralın 17-də qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan axşam saatlarında mənə telefonla zəng etdi və bildirdi ki, bu hadisə ilə əlaqədar Bakıya gələ bilməyəcək. Təbii ki, biz bunu anlayırıq. Mən ona da Azərbaycan xalqının başsağlığını ifadə etdim, şəhid olanlara Allahdan rəhmət, yaxınlarına səbir və yaralı qardaşlarımıza şəfa dilədim”.
Prezident İlham Əliyev Türkiyə Prezidenti üçün münasib olan bir vaxtda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının ölkəmizdə keçiriləcəyi ilə bağlı razılaşdıqlarını da qeyd etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əhəmiyyətindən danışan dövlətimizin başçısı bunu birliyimizin ifadəsi kimi dəyərləndirdi. Şuranın iclasının gündəliyinin geniş olduğunu və burada bir çox məsələlərin müzakirə ediləcəyini deyən dövlətimizin başçısı iclasın yaxın vaxtlarda keçiriləcəyinə əminliyini ifadə etdi.
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 17-də Ankarada törədilmiş terror aktı nəticəsində insanların həlak olması ilə bağlı verdiyi başsağlığına, qardaş Azərbaycan xalqının və şəxsən Prezident İlham Əliyevin hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyənin və türk xalqının yanında olmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Terrorun bütün formalarına qarşı mübarizənin vacibliyini vurğulayan Mövlud Çavuşoğlu terrora qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini qeyd etdi. O, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasının yaxın vaxtlarda gerçəkləşəcəyinə və dövlət başçılarının liderliyi ilə ölkələrimiz arasında münasibətlərin daha da irəliyə aparılacağına əminliyini ifadə etdi.
Mövlud Çavuşoğlu son zamanlar Azərbaycanda iqtisadi, o cümlədən ölkə həyatının bütün sahələrinin inkişafı ilə bağlı qəbul olunan qərarların ölkəsində rəğbətlə qarşılandığını dedi və qardaş Azərbaycanın gələcəyi ilə bağlı Prezident İlham Əliyevin liderliyi ilə görülən bütün işlərdə uğurlar arzuladı.
BAKU.WS
Oxşar xəbərlər
Ərdoğan İlham Əliyevə zəng vurdu
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. BAKU.WS-in məlumatına görə, Ə...