İlham Əliyev: "Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanındadır"

İlham Əliyev: Azərbaycan bütün məsələlərdə daim Türkiyənin yanındadır
Siyasət 1244

Prezident İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BAKU.WS-in məlumatına görə, dövlət başçısı Feridun Sinirlioğlunu Türkiyə Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb. Feridun Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlətimizin başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, bu gün ölkələrimiz arasında elə bir sahə yoxdur ki, uğurla inkişaf etməsin. Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığının yaxşı nəticələr verdiyini deyən dövlət başçısı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı mütəmadi olaraq aparılan müzakirələrin önəmini qeyd etdi.

Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını və ikitərəfli məsələlərlə bağlı müzakirələr apardığını xatırladaraq Azərbaycanın bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu dedi. Dövlətimizin başçısı Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun ölkəmizə bu səfərinin də ikitərəfli və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi.

Feridun Sinirlioğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu dedi. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırdı. Feridun Sinirlioğlu öz növbəsində həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarının, müxtəlif səviyyəli qurumların rəhbərlərinin ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir ənənə olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd etdi.

Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin zamanında və Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirdi. O, ölkəmizə budəfəki səfəri zamanı da gördüklərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək Azərbaycanın son 23 ildə fövqəladə şəkildə inkişaf etdiyini vurğuladı. Feridun Sinirlioğlu Türkiyənin Azərbaycanı "G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına dəvətini bir daha diqqətə çatdırdı.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

BAKU.WS

Oxşar xəbərlər

Türkiyə xarici işlər naziri Bakıya gəlir

Türkiyə xarici işlər naziri Bakıya gəlir

Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu sabah Azərbaycan Respublikasına rəsmi səfər edəcək. BAKU.WS-in Xarici İşlər Nazirliyinə istinad...

958 Siyasət 17:35 15 sentyabr 2015

Son xəbərlər