"CoCo Baku"dan 15 manatlıq geyimin 189 manata satılması iddiasına CAVAB (FOTO)
22
yan
2018
11:51
Bakıda mağazadan geyim alan xanım aldadıldığını iddia edir. BAKU.WS-ə müraciət edən şikayətçi bildirib ki, "CoCo Baku" mağazasından aldığı geyimin qiyməti 189 manat olub. Endirimlə 94 manata alınan geyimin sonradan qiymətinin daha ucuz olduğu məlum olub. Belə ki, müştəri başqa bir mağazada həmin geyimin 15-20 manata satıldığını görüb. Müştəri geyimi qaytarmaq istəsə də mağaza geyimi geri götürə bilməyəcəklərini bildirib. Müştəri geyimin çeki olduğunu və 14 gün ərzində qaytarmaq hüququ olduğunu bildirib. Ancaq mağaza özlərinin daxili qayda-qanunları olduğunu əsas gətirərək müştəriyə mənfi cavab verib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BAKU.WS-ə açıqlamasında bildirir ki, müştəri qiymətə görə malı qaytara bilməz. Çünki, qanunvericilikdə qiymətə görə malın qaytarılması ilə bağlı hər hansı maddə yoxdur. AİB sədrinin sözlərinə görə, müştəri malın rəngi, ölçüsü, fasonuna görə mağazada həmin maldan varsa, dəyişdirə bilər. Alınan malın geri qaytarılması deffekt olduğu halda, yaxud həmin maldan olmadığı təqdirdə qaytarılır. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir:"Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər".
BAKU.WS məsələ ilə bağlı "CoCo Baku" mağazası ilə də əlaqə saxlayıb. Mağazanın Emil adlı nümayəndəsi bildirilib ki, həmin şikayətçi ilə əlaqə saxlanılıb və problem artıq həll edilib. "Biz həmin xanımla danışıb məsələni həll etmişik. Bu gün gəlib pulunu götürəcək və malı qaytaracaq. Mağazaya yaxınlaşmadan malı qaytarmaq istəyirdi. Xanım gedib başqa mağazada həmin malın 10 manatlığını görüb. Malı başqa keyfiyyətdə görüb. Həmin maldan 2 manata da var. Malın firmasında, keyfiyyətində fərqlər var. Bir dəfə də həmin xanım bizdən kürk almışdı. bir gün sonra gətirib qaytardı. Bu, artıq 3-cü dəfədir ki təkrarlanır", - deyə mağazadan bildirilib. NazimBAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni fırıldaqçılar peyda olub - Diqqətli olun! (VİDEO)
Bakıda kitab mağazalarından birində qadın fırıldaqçılıq yolu satıcıya pul “atıb”. BAKU.WS-in məlumatına görə, hadisə “28 may” metrostansiyası yaxınlığında yerlə...