SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsi, insan alverində təqsirləndirilən paytaxt sakini Babayeva Sədaqət Mehar qızını 8 il müddətinə azadlıqdan məhrum edib.

BAKU.WS xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildirilib.

Sədaqət Babayeva qadınların Azərbaycandan kənarda seksual istismarı ilə məşğul olan cinayətkar qruplaşmanın üzvü olub. Bundan əvvəl də eyni cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Babayeva, qadın və qızların Türkiyəyə aparılması və sonra orada seksual istismarı məqsədilə, bu dəfə öz qızı Babayeva Gülnarə Ramazan qızı və cinayətkar qruplaşmanın digər üzvləri ilə cinayətkar işbirliyinə girib.

Yeri gəlmişkən, Gülnarə Babayeva da anası kimi 2007-ci ildə insan alverinə görə şərti azadlıqdan məhrumetmə cəzası alıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan operativ-axtarış tədbirləri nəticəsində beş nəfərdən ibarət cinayətkar qrup müəyyən edilib. Onların beşi də məhkəmə qarşısına çıxarılıb.

Məlumdur ki, Babayevalar 2015-2016-cı illərdə Respublikanın regionlarından olan qadın və qızları yüksək məvacib müqabilində yaxşı iş vədi ilə aldadaraq, onları Türkiyənin Sivas şəhərinə aparıblar. Orada seksual istismar iki ünvanda həyata keçirilirmiş: evlərdə və mehmanxanalarda.

İnsan alverçiləri Türkiyəyə gələn kimi qadınların pasportunu əllərindən alıb və onları müştərilərə intim xidmət göstərməyə məcbur ediblər. Bu zaman intim xidmət müqabilində verilən pulu özlərinə götürüblər.
İstintaq, hələlik insan alverinin beş qurbanını müəyyən edib. Amma güman edilir ki, cinayətkar qruplaşmanın qurbanı olan qadınların sayı daha çoxdur.

Onu da qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Gülnarə Babayevanın himayəsində azyaşlı uşaq olduğunu nəzərə alaraq, onun barəsində bu dəfə də azadlıqdan şərti məhrumetmə hökmü çıxarıb.

BAKU.WS