“Yaşıl əjdaha” ilindən yola saldığımız ilin “yaşıl enerji” siyasətinə ötəri baxış
Artıq yeni 2024-cü - “yaşıl əjdaha” ilinə qədəm qoyduq. Yola saldığımız 2023-cü il enerji sahəsində, xüsusilə də “yaşıl enerji” sahəsində bir çox mühüm hadisələrlə yadda qaldı.
Ötən il Azərbaycanda “yaşıl enerji” sektorunda bir sıra mühüm işlər görüldü, yeni müqavilələr, anlaşma memorandumları imzalandı.
Azərbaycanın “yaşıl enerji” sahəsinə və "yaşıl enerji" məkanına yeni xarici şirkətlər qədəm qoydu və öz təcrübələrini Azərbaycan enerji bazarında bölüşmək, ölkəmizə investisiya yatırmaq imkanlarını araşdırmaq istəklərini qeyd etdilər.
Bununla da ötən il Azərbaycan hökuməti tərəfindən “yaşıl əjdaha” ili üçün “yaşıl enerji” sektorunda yeni prioritet hadisələrin davam etdirilməsi üçün yeni zəmin yaradıldı.
“Report” 2023-cü ildə “yaşıl enerji” sahəsində görülən işlərə bir daha nəzər salmaq, ötən ilin ən mühüm hadisələrini oxucularına bir daha qısaca olaraq xatırlatmaq qərarına gəlib.
Bakıda "Yaşıl Enerji" Məşvərət Şurası Nazirlərin ilk iclası baş tutdu
"Yaşıl enerji" məsələləri ilə bağlı işlər Bakıda hər il keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin iclasından başladı. Belə ki, artıq 9-cu ildir ki, Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin iclasına ev sahibliyi edir. Amma ötən ilki iclas daha əvvəlkilərindən fərqli oldu. Belə ki, 9-cu iclas çərçivəsində "Yaşıl Enerji" Məşvərət Şurası Nazirlərin 1-ci iclası da baş tutdu.
İlk olaraq ötən ilin yadda qalan enerji hadisələrini xatırladıqda, ilk yada düşən bu iclas çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanması olur.
Bu, “ACWA Power” şirkəti ilə Azərbaycanın tərəfdaşlığı ümumi gücü 2,5 QVt olan külək elektrik stansiyaları və ölkəmizdə ilk dəfə olaraq enerji saxlanc sistemlərinin yaradılması üzrə layihələri ilə genişlənir. Bu layihələr Azərbaycanın “yaşıl artım” ölkəsi və “yaşıl enerji” təchizatçısı kimi inkişafına dair dövlət siyasətinin həyata keçirilməsinə növbəti töhfələridir.
Qeyd edək ki, hazırda “ACWA Power” şirkəti 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını inşa edir.
Ərəblər Azərbaycanda küləyi enerjiyə çevirəcək
Ötən ilin ilk ayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində SOCAR ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.
Necə olmasa da, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 %-ə çatdırılmasını hədəfləyir. Sözügədən sazişlər Azərbaycanla BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.
Xatırladaq ki, bərpa olunan enerji sahəsində “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur. Yeri gəlmişkən, artıq ötən il “Qaradağ” GES-də ilk günəş paneli də quraşdırılıb.
SOCAR karbonsuzlaşmaya doğru gedir
Ötən il “yaşıl enerji” istiqamətində atılan ən önəmli hadisələrdən biri də SOCAR-ın Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumun imzalanması olub. Belə ki, bu memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın təşviqini nəzərdə tutur.
Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən karbon tutma və saxlama (CCS) və karbon tutma, istifadə və saxlama (CCUS), hidrogen və ammonyak layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər. SOCAR və Yaponiya şirkətləri əməkdaşlığı inkişaf etdirmək və karbon qazının azaldılması və ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək layihələrin həyata keçirilməsini sürətləndirmək üçün birgə çalışacaqlar.
Yeri gəlmişkən, ötən il SOCAR “Neft və Qazın Dekarbonizasiyası Xartiyası”na (OGDC) da qoşulub. OGDC xartiyası 2050-ci ilə qədər əməliyyatlarda xalis sıfıra nail olma, 2030-cu ilə qədər “Upstream” seqmentində metan emissiyaları üzrə sıfır hədəfinə yaxınlaşma, 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi kimi hədəfləri özündə əks etdirir.
Azərbaycanın Çin olan arzuları
Bundan başqa, bütün sadalananlarla bərabər, Azərbaycan “China Gezhouba Group Overseas Investment” şirkəti ilə də 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq edəcək. Belə ki, Çin şirkəti elektrik enerjisinin yüksək gərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi sahəsində təcrübə mübadiləsini həyata keçirəcək. Azərbaycanın Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkədə sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş "ağıllı" enerji sistemləri, həmçinin "yaşıl hidrogen" istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.
Çinlə əməkdaşlıq çərçivəsində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində elektrik enerjisi, neft-qaz, neft-kimya və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı və enerji layihələrinə investisiyanın təşviqi məqsədilə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd hər iki ölkənin energetika sektorunda ikitərəfli əlaqələrin genişləndirilməsini, yeni texnologiyaların tətbiqi, enerji infrastrukturunun yenilənməsi üzrə əməkdaşlığı, qarşılıqlı investisiya və biznes fəaliyyətlərinin təşviqini, bərpa olunan enerji mənbələri sahəsində təcrübə mübadiləsini, həmçinin birgə konfrans, forum və təlimlərin keçirilməsini nəzərdə tutur.
Naxçıvan “yaşıl enerji zonası”na çevrilir
Ötən il hər il ənənəvi olaraq keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib. “Heydər Əliyev ili”ndə Naxçıvanda keçirilən bu tədbirin missiyası Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində muxtar respublikanın strateji əhəmiyyəti artır. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.
Bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 QVt təşkil edir. Azərbaycanın azad edilmiş ərazilərində 53,6 MVt gücündə 11 Kiçik Su Elektrik Stansiyaları (KSES) artıq istismar edilir, 70,5 MVt gücündə 7 KSES hazırda inşa olunur və bu il daha ümumi gücü 76,8 MVt olan 9 stansiyanın tikintisinə başlanılacaq. Həmçinin, KSES-lərin bərpasına özəl investisiyanın cəlbi istiqamətində işlər aparılır. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun “yaşıl” inkişafına öz töhfəsini verəcək.
Əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”nda inkişafı üçün Konsepsiya hazırlanıb. Külək və günəş enerjisi üzrə 1 500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1 000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir.
Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində Naxçıvanda Fransanın “Total Energies” və yerli “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalanıb. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Güclərin yaradılması həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir.
Həmçinin Energetika Nazirliyi “Nobel Energy Management” şirkəti ilə Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalayıb. Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Beləliklə, “yaşıl enerji” layihələrinin reallaşdırılması yaxın illərdə Naxçıvanı enerji ixracatçısına çevirəcək və onun strateji əhəmiyyətini daha da artıracaq. Belə ki, külək və günəş enerjisi üzrə 1 500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1 000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı “yaşıl enerji”nin istehsalı - ixracının da mənbəyi və marşrutuna çevirəcək. Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında Azərbaycan ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvanda gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “ACWA Power” şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi)” imzalanıb.
Həmçinin, Türkiyənin “Baltech Enerji” şirkəti Qarabağda 100 MVt külək elektrik stansiyası, Naxçıvanda isə 50 MVt gücündə günəş elektrik stansiyası üzrə əməkdaşlıq təklifi irəli sürüb.
Azərbaycan COP29-a ev sahibliyi edəcək
Ötən ilin ən yadda qalan hadisələrindən biri, bəlkə önəmlilik baxımından ən birinci Azərbaycanın BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) iştirakı olub. COP28 çərçivəsində bir sıra dövlətlərin rəsmiləri, aparıcı enerji şirkətlərinin rəhbərləri ilə mühüm və önəmli ikitərəfli görüşlər keçirilib. Həmçinin, COP28 çərçivəsində “Bərpa olunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masası, eyni zamanda Azərbaycan pavilyonu da təşkil edilib və ölkəmizdə "yaşıl enerji" sahəsində investisiya imkanlarına həsr olunan tədbir də keçirilib.
Ən maraqlı hadisə də burada səsləndi. Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına ev sahibliyi edəcək.
Təbii ki, bir sıra olduqca yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etmiş ölkəmiz üçün bu növbəti etimadın göstəricisidir. Əslində, sözügedən qərar hər şeydən əvvəl Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağından xəbər verir. Bu isə şübhəsiz ki, ilk növbədə, Azərbaycanın Cənubi Qafqazda ədaləti bərpa etməsi, torpaqlarını işğaldan azad etməsi və uzun illərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması mərhələsinə qədəm qoyması ilə izah olunmalıdır.
İndidən də artıq proqnozlaşdırmaq olar ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək. Belə düşünmək üçün kifayət qədər əsas var. Azərbaycanda olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübəsi COP29-a da uğurla ev sahibliyi edəcəyinə şübhə qoymur.
Və sonda, 2023-cü ilə nöqtəni, daha doğrusu nidanı ölkə başçısı İlham Əliyev qoydu. Azərbaycan Prezidenti sərəncam imzalayaraq 2024-cü ili Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etdi. Prezidentin sərəncamında bir daha qeyd olunub ki, "yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. "COP29 kimi mötəbər bir tədbirin isə Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Məhz bütün bunlar nəzərə alınaraq iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib", - sərəncamda bildirilir.
Bir sözlə, 2024-cü il, “Yaşıl əjdaha”, bizim üçün isə “Yaşıl dünya naminə həmrəylik ili” daha maraqlı olacaq. Bu ilin daha həyəcanlı, daha dinamik və daha perspektivli və uğurlu olacağı isə indidən bizə vəd edir.
Oxşar xəbərlər
Avropanın enerjiyə artan tələbatı və Azərbaycanın rolu – TƏHLİL
Daha bir enerji ilə dolu ili yola saldıq. Nəticə olaraq onu demək olar ki, geridə qoyduğumuz 2023-cü il enerji təhlükəsizliyi gündəmini daha da möhkəmləndirmiş...