SOCAR-ın prezidenti: "Borcun iqlim layihələrinə dəyişdirilməsi inkişaf etməkdə olan ölkələrə kömək edə bilər"
İnkişaf etməkdə olan ölkələrin iqlim gündəliyinə cəlb edilməsi üçün mümkün alətlərdən biri borcun iqlim və dekarbonizasiya layihələrinin həyata keçirilməsinə dəyişdirilməsi mexanizmi (debt-to-climate swaps) ola bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Davosda keçirilən Ümumdünya İqtisadi Forumu 2026 (WEF 2026) çərçivəsində panel müzakirəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə iqlim gündəliyi müzakirə edilərkən əsas məsələ motivasiya sualı olaraq qalır.
"Daha geniş miqyasda məsələyə baxsaq, inkişaf etməkdə olan ölkələrdən söhbət gedəndə, bizə daim verilən ilk sual belə səslənir: "Bu bizə nə üçün lazımdır?". Məhz bu ölkələr deyirlər ki, "siz artıq inkişaf etmiş infrastruktura maliksiniz, inkişafın başqa mərhələsindəsiniz və məsələlərə fərqli baxırsınız", - deyə R. Nəcəf qeyd edib.
O vurğulayıb ki,, bir çox dövlətlər üçün əsas infrastruktura giriş hələ də prioritet olaraq qalır.
"Onlar haqlı olaraq soruşurlar: əsas ehtiyaclarımız hələ ödənilmədiyi halda, iqlim dəyişikliyi və dekarbonizasiya məsələlərində niyə sizinlə eyni tempdə hərəkət etməliyik? Bu suala aydın və dürüst cavab verilməlidir. Çünki bu ölkələrin razılığı, prosesə aidlik hissi və əməkdaşlığa hazır olmaları olmadan iqlim layihələri qarşıya qoyulan məqsədlərə çata bilməz", - deyə SOCAR rəhbəri əlavə edib.
Onun sözlərinə görə, ikinci əsas problem yüksək və çox vaxt "toksik" borc yükünə malik ölkələrdə iqlim təşəbbüslərinin maliyyələşdirilməsidir.
"Bu bizə nə üçün lazımdır?" sualından dərhal sonra növbəti sual ortaya çıxır: "Biz bunu necə maliyyələşdirəcəyik?" İnkişaf etməkdə olan ölkələrdə nə özəl, nə də dövlət sektoru bütün xərcləri öz üzərinə götürə bilər. Onların əsas ümidi beynəlxalq təşkilatlar və inkişaf fondları tərəfindən verilən qrantlar və kreditlərdir. Lakin problem ondadır ki, bu ölkələrin borc yükü onsuz da çox ağırdır. Belə vəziyyətdə necə hərəkət etməliyik?" - deyə o bildirib.
Mümkün həll yollarından biri kimi R. Nəcəf borcun iqlim layihələrinə dəyişdirilməsi mexanizmini təklif edib.
"Söhbət ondan gedir ki, borcun xidmətinə yönəldilməli olan vəsaitlər avtomatik şəkildə "yaşıl" və ya dekarbonizasiya layihələrinin maliyyələşdirilməsinə, sürətləndirilmiş və sadələşdirilmiş mexanizmlər vasitəsilə yönəldilsin. Bu cür operativ alətlərin tətbiqi yaranmış vəziyyətdən praktik çıxış yolu ola bilər", - deyə o yekunlaşdırıb.
Oxşar xəbərlər
Azərbaycan regionu iki dəfə qabaqlayır: Rəqəmlər nə deyir?
2025-ci ildə ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) həcmi 129,1 milyard manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 2,8 milyard manat və ya 2,2 faiz...