SOCAR "Italiana Petroli" şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb

SOCAR Italiana Petroli şirkətinin səhmlərinin alınması prosesini başa çatdırıb
İqtisadiyyat 8

SOCAR İtaliyanın nəhəng enerji şirkəti olan "Italiana Petroli"nin (IP) səhmlərinin 99.82 faizinin "API Holding"dən alınması prosesini uğurla başa çatdırıb.

BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, sövdələşmə bütün zəruri tənzimləyici təsdiqlər alındıqdan sonra yekunlaşdırılıb.

90 ildən artıq tarixə malik olan "IP Group" İtaliyanın mobillik və enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Şirkətin aktivlərinə iki neft emalı zavodu, saxlama obyektləri və ölkə üzrə geniş pərakəndə satış şəbəkəsi daxildir. Bu satınalma nəticəsində IP SOCAR-ın tərkibinə daxil olaraq, Azərbaycanın dövlət şirkətinin Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf bununla bağlı bildirib:

"Bu satınalma Azərbaycanla İtaliya arasında enerji sektorundakı uzunmüddətli əməkdaşlığın mühüm mərhələsidir. Bu addım qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın məntiqi davamıdır. IP-nin geniş şəbəkəsini və təcrübəsini öz fəaliyyətimizə inteqrə edərək Avropa bazarındakı mövqeyimizi gücləndiririk".

Qeyd edək ki, İtaliya SOCAR-ın Avropadakı əsas bazarlarından biridir. Şirkət Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə İtaliyaya xam neft tədarük edən əsas təchizatçılardan biridir, həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verir.

SOCAR IP-nin bazardakı brend nüfuzunun və əməliyyat imkanlarının qorunub saxlanılmasına, eləcə də müştərilər üçün fasiləsiz fəaliyyətin təmin olunmasına sadiq qaldığını bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər