Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir”
Cənub Qaz Dəhlizinin (SGC) inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir.
BAKU.WS Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası çərçivəsində keçirilən plenar sessiyalarda bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur.
Qaz tədarükünün artırılmasından bəhs edərkən nazir deyib ki, Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb: “Nəticədə Avropaya qaz ixracında artım 45 %-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan Trans-Adriatik Boru Kəmərinin (TAP) təchizatının da mənbəyidir. Bütün bunlar, eləcə da “Abşeron Faza-1”, “AÇG Dərin Qaz”, “Ümid Mərhələ-2”, “Qarabağ” layihələrinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə Azərbaycanın səylərinin və etibarlı tərəfdaş olmasının bariz göstəriciləridir”.
2030-cu ilədək planlaşdırılan 10 QVt "yaşıl enerji" güclərinin ilkin mərhələdə 5 QVt-nın Qara dəniz və Türkiyə üzərindən "yaşıl" dəhlizlərlə Avropaya ixracı, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın “yaşıl keçid”ə də töhfə verəcəyi qeyd olunub.
Bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson çıxışında bildirib: “Bizə enerji təhlükəsizliyinə nail olmaq və bu mühüm onillikdə enerji keçidimizdə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyacımız var. Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı tərəfdaş olmaqda davam edir. Buna görə də biz indi də əməkdaşlığı "yaşıl" elektrik enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik”.
Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Nevzat Şatıroğlu qeyd edib: “Bu görüşdə belə yüksək səviyyəli iştirak region ölkələrinin enerji təhlükəsizliyi və “yaşıl enerji” ilə daha təmiz gələcək istiqamətində əməkdaşlıq əzmini nümayiş etdirir. Mənbələri və marşrutları şaxələndirməklə biz enerji təchizatının uzunmüddətli təhlükəsizliyinə nail olmalıyıq. Bu nəhəng layihələri sıx əməkdaşlıq yolu ilə həyata keçirmək olar. Türkiyə Şərqlə Qərb arasında özünəməxsus yerləşməsi ilə regionda enerji layihələri üçün əsas vasitəçi kimi xidmət etməkdə davam edir”.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bildirib: “Cənubi Qafqaz Boru Kəməri, eləcə də TANAP və TAP layihələri dünyanın ən uğurlu enerji təşəbbüsləri sırasındadır. Bu layihələr ABŞ və Avropa dövlətləri, beynəlxalq maliyyə institutları və şirkətlər tərəfindən dəstəklənməklə ev sahibi ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın mükəmməl nümunələridir. Gürcüstan Cənub Qaz Dəhlizi təşəbbüsünün tammiqyaslı inkişafına nail olmaq üçün Azərbaycan, Türkiyə, Cənub Qaz Dəhlizinin digər iştirakçıları, Aİ nümayəndələri və maraqlı tərəflərlə fəal dialoqu davam etdirməyə sadiqdir.”
Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku bildirib: “Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini təşviq edən mexanizmdir. Albaniya təbii qaz təchizatını yeni enerji mənbəyi kimi əldə etmək, daxili enerji ehtiyaclarını dəstəkləmək və elektrik enerjisindən asılılığı azaltmaq, eyni zamanda ev təsərrüfatları, sənayelər və bizneslər üçün əlçatanlığı yaxşılaşdırmaq üçün TAP-dan istifadə etmək üzrə yaxşı mövqeyə malikdir”.
İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin isə deyib ki, hər birimizin enerji keçidi məqsədlərini koordinasiyalı həyata keçirmək üçün öhdəlik götürməli olduğumuz bir dövrdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının və Yaşıl Enerji Məşvərət Şurasının iclasları daha böyük əhəmiyyət kəsb edir. Həmçinin G7-yə sədrliyimizi nəzərə alaraq, biz bu istiqamətdə COP29-a sədrliyi çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyirik.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby deyib: “Cənub Qaz Dəhlizi enerji marşrutlarının və təchizatın şaxələndirilməsinin, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin təməli olduğuna parlaq sübutdur. Gələcəyə baxsaq, enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi getdikcə daha çox istifadə etdiyimiz enerji növlərinin müxtəlifliyi demək olacaq. Xüsusilə neft və qaz şirkətləri ilə tərəfdaşlıq mühüm olan zaman metan qazının təsirinin azaldılması kimi məsələlərdə qlobal səhnədə COP29-a ev sahibliyi edən Azərbaycan COP28-dən əldə olunan impulsun davam etdirilməsinə kömək etmək üçün böyük imkana malikdir”.
Rumıniyanın energetika naziri Sebastian-Ioan Burduja bildirib: “Rumıniyanın ötürücü sistem operatoru “TRANSGAZ” tranzit boru kəmərlərində əks axın qabiliyyətini təmin etdi ki, Trans-Balkan dəhlizi tam potensialı ilə işləyə bilsin və təkcə Rumıniya üçün deyil, həm də regionun digər dövlətləri üçün lazımi qaz ehtiyatlarını nəql edə bilsin. Qara dəniz sualtı kabel xətti bərpa olunan enerjinin ötürülməsi üçün əhəmiyyətli potensiala malikdir. Bu, Avropaya "yaşıl enerji" təchizatını təmin etmək üçün mühüm fürsət təqdim edir”.
İlk dəfə Məşvərət Şurasının iclasına qatılan BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə çıxışında bunları deyib: “Bizim Azərbaycanla strateji tərəfdaşlığımız var və biz həmişə enerji təhlükəsizliyi, əlçatanlıq və iqtisadi artıma diqqət yetirməklə rifah və qarşılıqlı artımın ümumi vizyonunu əks etdirən əməkdaşlıq üçün yeni yollar araşdırırıq”.
Moldovanın energetika naziri Victor Parlicov deyib: “Azərbaycan və Türkiyə ərazisindən keçməklə alternativ təbii qaz nəqli marşrutları Avropa İttifaqına üzv ölkələrin və regional tərəfdaşların görünməmiş həmrəyliyi sayəsində mümkün olub. Bu əməkdaşlıq sayəsində Moldova getdikcə enerji cəhətdən müstəqilləşir”.
Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer isə bildirib: “Qaz həmişə Sloveniyada və bütün Avropada, xüsusən də sənaye sektorunda enerji qarışığının əhəmiyyətli bir hissəsi olub. Hazırda tərəfdaşlarımız Aİ-nin öz qaz tədarükünü şaxələndirmək səylərində həlledici əhəmiyyətə malikdir və Azərbaycan əsas strateji tərəfdaş kimi seçilir”.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Sztaray deyib: “Macarıstan həmişə Cənub Qaz Dəhlizinin tikintisini dəstəkləyib və onun potensialının artırılması təkcə Macarıstan, Mərkəzi və Şərqi Avropa regionu üçün deyil, həm də Avropanın qalan hissəsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmrəylik Halqası Sazişi çərçivəsində Azərbaycan qazının daha çox Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə çatdırılması üçün regional infrastruktur sərmayələri qoyulacaq və Türkiyənin qaz ehtiyatları da regionumuzun qaz təchizatında artan rol oynayacaq. Ümid edirik ki, Azərbaycan qazı gələcəkdə Qərbi Balkanlarda təbii qazın şaxələndirilməsinə əsaslı töhfə verə biləcək”.
Bolqarıstanın energetika naziri müavini Iva Petrova çıxışında qeyd edib: “Güclü regional həmrəylik və “yaşıl enerji” dəhlizləri üzərində əməkdaşlığa əsaslanan milli və beynəlxalq enerji təhlükəsizliyinə zəmanət olmadan enerji keçidi mümkün deyil. Etibarlı tərəfdaşlıqdan irəli gələn həmrəylik və əməkdaşlıq, ortaq məsuliyyət nəticəsində ərsəyə gələn Cənub Qaz Dəhlizinin istismarı nümunədir”.
Yunanıstanın ətraf mühit və energetika nazirinin müavini Aleksandra Sdoukou isə deyib: “Azərbaycandan Avropaya Yunanıstan vasitəsilə 10 milyard kubmetrdən çox qaz tədarük edən dəhlizin tam fəaliyyətə başlamasından üç ildən bir qədər çox vaxt keçib. Yunanıstan bir tərəfdən 2027-ci ilə qədər TAP-ın iki dəfə artırılmasını dəstəkləməklə, digər tərəfdən Aleksandrupolis FSRU və Bolqarıstan və Şimali Makedoniyaya boru kəmərləri kimi yeni ixrac infrastrukturunun tikintisi və ya təkmilləşdirilməsi ilə SGC-i tamamlamaq və genişləndirmək üçün sistemli şəkildə işləyir”.
Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin dövlət katibi Veljko Kovacevic mövqeyini belə ifadə edib: “Bakıda Serbiya-Bolqarıstan İnterkonnektorunun tikintisinin sonunda biz Azərbaycandan 2026-cı ilədək ildə 400 milyon kubmetrə qədər qaz tədarükünü razılaşdırdıq ki, bundan sonra bu həcm üç dəfə arta bilər. Azərbaycan qazı artıq Avropada qaz təchizatı mənbələrinin şaxələndirilməsi həllinin bir hissəsi kimi tanınıb. Yeni qaz birləşmələri sayəsində o, indi Serbiyanın və regionun daha böyük enerji təhlükəsizliyinə töhfə verir”.
Xorvatiyanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç isə bildirib: “İon Adriatik Boru Kəməri layihəsi ilə bağlı bütün tərəfdaşlarımızla – Albaniya, Monteneqro, həmçinin Bosniya və Herseqovina ilə növbəti bir neçə ay ərzində fəaliyyəti sürətləndirmək lazımdır. Bu baxımdan, SOCAR-ın bizə göstərdiyi böyük dəstəyi xüsusi qiymətləndiririk. Bu dəstək layihə üzrə hazırlığın bu mərhələsinə çatdırılmasında mühüm rol oynadı. Biz Avropa İttifaqının sərhədindən Cənub-Şərqi Avropaya əlavə qaz mənbəyini təmin etmək üçün qazın Avropaya çatdırılmasında Azərbaycanın böyük köməyi ilə fəaliyyətimizi gücləndirəcək və dörd ölkə arasında uğurlu əməkdaşlığı canlandıracağıq”.
Slovakiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Kamil Sasko isə deyib: “Qazın şaxələndirilməsi layihələri üzrə əməkdaşlıq hələ də həssas olan Mərkəzi və Şərqi Avropa regionunun enerji təhlükəsizliyini artırmaq üçün çox vacibdir. Mən buraya şəxsən Cənub Qaz Dəhlizinə və Xəzər qazını regionumuza gətirən Həmrəylik Halqasına dəstək olmaq üçün gəlmişəm. İnanıram ki, bizim hər birimizin, o cümlədən maraqlı tərəflərimizin şəxsi iştirakı regionumuz üçün bu mühüm şaxələndirmə layihəsinin həyata keçirilməsini sürətləndirəcək”.
Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedhadjaev çıxışında bunları deyib: “Biz Yaşıl Enerji Məşvərət Şurasının işində fəal iştirak etməyə və töhfə verməyə hazırıq. Biz "yaşıl enerji"yə qlobal keçidin inkişafı və hamı üçün daha davamlı və firavan gələcəyin qurulmasında konstruktiv rol oynamağa sadiqik”.
“Cənub Qaz Dəhlizi sessiyası: Gələcəğə baxış” sessiyasında SOCAR, BP, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ADNOC, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələri çıxış ediblər.
“COP29 fonunda "yaşıl enerji" sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” üzrə sessiyada isə BOEMDA, "CESI", SOCAR, Qazaxıstan Bərpa Olunan Enerji Mənbələrinə Dəstək Hesablama və Maliyyə Mərkəzi MMC, “Masdar”, BP, “ACWA Power” “Fortescue Future Industries”, “WindEurope”, “SolarPower Europe”, TotalEnergies, Hydrogen Europe, EBRD, ADB, Avropa İnvestisiya Bankı, IFC və Dünya Bankının "yaşıl enerji"yə keçid, enerji keçidi üzrə investisiya və bazar perspektivləri, bərpa olunan enerji sahəsində həyata keçirilən layihələrlə bağlı təqdimatları dinlənilib.
Oxşar xəbərlər
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclasının vaxtı məlum olub
Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci...