Azərbaycan dollardan imtina edə bilərmi? – ARAŞDIRMA

Azərbaycan dollardan imtina edə bilərmi? – ARAŞDIRMA
İqtisadiyyat 931

 

Son günlər region ölkələri dollardan imtinaya başlayıblar. Buna səbəb isə qısa zamanda milli valyutaların dollar qarşısında kəskin ucuzlaşması olub. 

Fins.az xəbər verir ki, hətta bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərək xalqı dollardan imtinaya səslədi.

Daha sonra regionda da dollardan imtina ilə bağlı Türkiyə Rusiya ilə danışıqlara başladı. Hazırda dollardan imtinanı dəstəkləyən ölkələr sırasında bu ölkələrlə yanaşı, Çin və İran kimi qüdrətli dövlətlər də var. Bəs devalvasiyalardan əziyyət çəkən Azərbaycan da dollardan imtina kampaniyasına qoşula bilərmi?

İqtisadçı-ekspert Rəşad Həsənov əvvəlcə Türkiyədə dollardan imtina prosesinə diqqət çəkib. Onun sözlərinə görə, Türkiyədə "dollarları satın” kimi müraciətlər əsasında bəzi şirkətlər lirəyə keçdilər və valyuta bazarlarında dollara tələbat azaldı.

Nəticədə lirə müvəqqəti olaraq möhkəmləndi. Bu proses qısamüddətli dövrdə - 1 aya qədər effektli ola bilər. Orta və uzunmüddətli dövrdə isə dollardan imtina davam edə bilməz. 

Çünki vətəndaş artıq real itkilərlə üzləşəcək. Biznes öz zərərlərini görərək buna fərqli yanaşacaq. Yəni, avro və dollarla əməliyyatlara qayıdacaqlar. Düzdür, FED-in dolların uçot dərəcəsini dekabr ayında artıracağı ilə bağlı gözləntilər digər valyutaların ucuzlaşmasına səbəb olub.

Hətta, Yapon yeni təxminən 2 ay ərzində 10%-dan artıq dəyər itirib. Paralel olaraq prosesi avroda da müşahidə etmək olar. Lirənin də dəyər itirməyində müəyyən qədər beynəlxalq birjalarda dolların bahalaşması rol oynayır. 

Ekspert hesab edir ki, lirənin möhkəmləndirilməsi üçün iqtisadiyyatda fundamental problemlər həll edilməlidir: 

"Türkiyədə baş verən siyasi proseslər beynəlxalq investorlar üçün kifayət qədər risk yaradıb. Xarici investorlar Türkiyəni tərk edirlər. Bu səbəb mühüm əhəmiyyət daşıyır”. 

Ekspertin sözlərinə görə, bundan əlavə Türkiyə iqtisadiyyatında xarici valyuta qaynağının əsas mənbəyi turizm sektoru hesab edilirdi. Kütləvi yerlərdə, o cümlədən hava limanında baş verən terror hadisələri Türkiyəni turistlər üçün maraqsız və təhlükəli ölkəyə çevirib. Dövlət isə təhlükəsizliklə bağlı əsaslı tədbirlər görmür. Nəticədə ölkəyə valyuta gətirən turistlərin sayı 35% azalıb. 

Ekspert region ölkələrinin də dollardan imtina ilə bağlı razılığa gəlməsinin hər hansı bir əhəmiyyətinin olmayacağını vurğulayıb: "Ərdoğan Türkiyə iş adamını əməliyyatları rublla həyata keçirməyə dəvət edir. Sabah neft 30 dollara qədər ucuzlaşarsa, rublun məzənnəsində nə baş verəcək? Ona görə də biznesin buna gedəcəyi inandırıcı görünmür”.

R.Həsənov bildirib ki, dünyada vətəndaşların, mərkəzi bankların yığımları, biznesin dövriyyəsinin 60-70%-i dolların payına düşür. 

Çünki bu valyutaların arxasında dayanıqlı iqtisadiyyat var. Yəni, heç bir halda dollar bir gecədə 25-30% ucuzlaşa bilməz. Bu kimi risklər olmadığı üçün bugünkü mənzərə yaranıb. Onun sözlərinə görə, dollardan imtina ilə bağlı Rusiya, sanksiyalar dövründə İran, eyni zamanda Çin bu kimi yanaşmalar ortaya qoyub.

Amma hökumətlərin bu kimi təşkilatçılıq cəhdləri nəticəsiz qalıb. Ekspert hesab edir ki, dollardan imtina ilə bağlı bu addıma da biznes soyuqqanlı yanaşacaq. Ümumiyyətlə, bu kimi yanaşmalar yaxın 30-50 il ərzində effekt verə bilməz. 

Qeyd edək ki, Azərbaycanın əsas idxal dövriyyəsi Rusiya, Çin və Türkiyə kimi ölkələrin payına düşür. Bununla bağlı sadalanan ölkələrin dollardan imtina prosesi Azərbaycanda da manatın məzənnəsinə müəyyən qədər təsir göstərə bilər. 

Amma bunu ölçmək hazırda mümkün deyil. Digər tərəfdən idxal-ixrac əməliyyatlarının bərabər olmaması problemi var: "Tutaq ki,  Azərbaycanın Çindən idxalı 1 milyard dollar, ixracı isə 50 milyon dollar təşkil edir.

1 milyard dollar həcmdə Çin yuanını almaq üçün məcburən ya dollar, ya da avro konvertasiya edilməlidir. Bu da həmin vəsaitin yenə də ölkədən çıxması deməkdir. Eyni misalı digər dövlətlərə də aid etmək olar”. 

R.Həsənov deyib ki, Azərbaycanın Türkiyə ilə idxal-ixrac prosesinə 8-10 dəfə fərq var. Bunlar balanslı səviyyədə olsa idi, müəyyən nəticə əldə etmək olardı.

İndiki vəziyyətdə isə sadalanan səbəblərə görə Azərbaycanın dollardan imtinası ciddi effekt verən yanaşma deyil. 

Millət vəkili Vahid Əhmədov da ekspertin fikirlərini təsdiqləyir. Onun sözlərinə görə, bu perspektivsiz bir addımdır. Çünki dünya iqtisadiyyatı dollar üzərində qurulub. 

Bir neçə dəfə dünya ölkələri dollardan imtina etməyə çalışsalar da, bu, mümkün olmayıb. Azərbaycan da bu prosesə qoşulmayacaq. Sadəcə milli valyuta olan manata inam artırılmalıdır.

Manatın məzənnəsinin necə dəyişəcəyinə gəlincə, V.Əhmədov bildirib ki, Rusiya və Qazaxıstanda milli valyutalar öz yerlərini artıq tapıblar, Azərbaycanda da bu olmalıdır:

"Əsas məsələ ondan ibarətdir ki, şok devalvasiya olmasın”.

Millət vəkili əlavə edib ki, bu neftin qiymətindən yenicə təsdiqlənən strateji yol xəritlərinin necə icra ediləcəyindən asılı olacaq. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edir

Azərbaycan və Türkiyə ticarətdə dollardan imtina edir

Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir...

2273 İqtisadiyyat 12:03 08 dekabr 2016

Son xəbərlər