Qərbi Azərbaycan Xronikası: "Akademik Nuru Bayramovun adı Ginnesin Rekordlar Kitabına düşüb"

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Basarkeçər rayonu Hüseynquluağalı – Nərimanlı kənd icmasının sədri Şirazi İbrahimov olub.
O, Göyçə mahalının Hüseynquluağalı kəndinin tarixindən söhbət açıb. Bildirib ki, bu yaşayış məntəqəsinin sakinləri barədə yazılı məlumat 1873-cü ilə aiddir. Həmin vaxt aparılan siyahıyaalmaya görə, kəndin 636 nəfər sakini olub. Növbəti illərdə buradakı əhalinin sayı artıb və 1914-cü ildə 1200 nəfəri ötüb. Lakin 1915-ci ildə fitnəkar ermənilərin törətdiyi hadisələr nəticəsində bu tarixi yurd yerinin sakinləri öz el-obasından didərgin düşüblər. 1916-cı ildə ata-baba yurduna qayıdan Hüseynquluağalı sakinlərinin sayı ümumilikdə 1079 nəfərə çatıb.
Müsahib söyləyib ki, 1919-cu ilin aprelin 13-20-də bu kəndin azərbaycanlı əhalisinin erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalması təkrar sakinlərin sayının azalmasına səbəb olub. Əhalinin bir qismi soyqırımına məruz qalıb, sağ qalanları isə Hüseynquluağalını tərk ediblər. Yalnız 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinləri öz yurduna dönə biliblər. Xüsusən də Hüseynquluağalı ağsaqqallarının dövlət xadimi Nəriman Nərimanovla görüşməsi nəticəsində soydaşlarımızın öz kəndinə qayıtması halı daha geniş vüsət alıb.
Ş.İbrahimov deyib ki, soydaşlarımızın kəndə qayıdışının qarşısını ala bilməyən erməni millətçiləri Hüseynquluağalı kəndinin adını dəyişdirməklə, bu yaşayış məntəqəsindən tarixi izlərimizi silməyə cəhd etməklə hərtərəfli təzyiq siyasəti yürütməyə başlayıblar. Bu siyasət nəticəsində təkcə kəndin adı bir neçə dəfə dəyişdirilib. Ermənilər 1924-cü ildə kəndin adını növbəti dəfə dəyişdirmək, erməni adı vermək istəyiblər. Camaatın müqaviməti ilə rastlaşdıqda isə yaşayış məntəqəsinin adını kənd sakinlərinin təklifi ilə Azərbaycan yazıçısı və ictimai xadimi Nəriman Nərimanovun şərəfinə "Nərimanlı" adlandırmaq məcburiyyətində qalıblar.
İcma sədri vurğulayıb ki, Nərimanlı sakinləri əsasən kənd təsərrüfatı ilə, o cümlədən heyvandarlıq, taxılçılıq və tütünçülüklə məşğul olublar. Xalçaçılıq da sakinlərin əsas məşğuliyyət növlərindən biri olub. Bununla bərabər, Nərimanlıda elmə, təhsilə daha böyük maraq olub. Kənddə 1925-ci ildə ilk ibtidai məktəb yaradılıb. Qərbi Azərbaycanda rəhbər vəzifədə çalışan və soydaşlarımıza hər zaman mənəvi dəstək olan Talıb Musayevin diqqəti sayəsində sonralar bu təhsil müəssisəsi müasir tələblərə cavab verən tam orta məktəbə çevrilib. T.Musayev qabaqcıl müəllimləri bu orta məktəbdə işə cəlb edib, şagirdlərin təlim-tərbiyəsinin yüksək səviyyədə təmin olunmasına şərait yaradıb. Bunun nəticəsində Nərimanlı kənd orta məktəbinin məzunlarının sorağı Azərbaycanın və SSRİ-nin digər ölkələrinin ali təhsil müəssisələrindən gəlib. Nərimanlı kənd məktəbini Göyçənin akademiyası adlandırıblar.
Ş.İbrahimov Nərimanlı kəndinin layiqli yetirmələri olan professor Səfiyar Musayevin, akademik Nuru Bayramovun, həmçinin digərlərinin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən də danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsində Nərimanlının 170 sakini iştirak edib. Birinci və İkinci Qarabağ müharibələrində də Nərimanlı sakinləri Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün səfərbər olunublar. Bu döyüşlərdə Nərimanlıda anadan olan və ya Nərimanlı kökənli sayılan 22 nəfər şəhidlik zirvəsinə ucalıb.
İcma sədri vurğulayıb ki, 1987-1991-ci il deportasiyasına qədər Nərimanlıda 3 mindən çox azərbaycanlı yaşayıb. Soydaşlarımız öz ata-baba yurdundan zorla qovulduqdan sonra Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə Nərimanlı kəndinin adı yenidən dəyişdirilərək "Şatvan" qoyulub. Müsahib deportasiyaya məruz qalan soydaşlarımızın tam siyahısının hazırlandığını diqqətə çatdırıb. Deyib ki, Vətən müharibəsində əldə olunan Zəfər, keçmiş məcburi köçkünlərin ata-baba ocağına qayıdışı Qərbi Azərbaycanlılarda da tarixi Vətənə qayıtmaq ümidini artırıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Misirdə Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb
Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, sənəd Türkiyə, Qətər, ABŞ və M...
