Baş nazirin müavini: "Hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir"
"Ölkə üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir".
BAKU.WS xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.
"2020-ci ildən başlayaraq hər il Nazirlər Kabineti tərəfindən ölkə üzrə illik su təsərrüfatı balansı təsdiq edilir. Su təsərrüfatı balansı əvvəlki üç il üzrə faktiki hesabat ili üzrə gözlənilən və növbəti il üzrə proqnoz göstəricilərini özündə əks etdirir ki, bu da ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmənin aparılmasına imkan verir. Su ehtiyatlarının içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və prioritetləşmə aparmaqla optimal istifadə istiqamətində görülən tədbirlər sayəsində əsas su anbarlarında su ehtiyatlarının həcmi cari il yanvarın 1-nə 16.4 milyard kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6.2 milyard kubmetr və ya 60 faiz çoxdur.
Eyni zamanda, ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanıb. Belə ki, Mingəçevir su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılıb", - deyə nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Prezidentin fikirləri dünya mediasının diqqət mərkəzində
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə qeyd olunub ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə...