Şahin Mustafayev: "Tərtərçay" sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanıb"

Şahin Mustafayev: Tərtərçay sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanıb
Video
Siyasət 49

"Laçın rayonunda Qubadlı və Zəngilan rayonları üzrə 12 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı məqsədilə həcmi 26.7 milyon kubmetr olan "Zabuxçay" su anbarı inşa edilərək istismara verilib. Ağdərə rayonunda həcmi 5.9 milyon kubmetr olan "Suqovuşan" su anbarı təmir-bərpa edilib".

Bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

"Dörd rayon üzrə 29.7 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına xidmət edən 20 kilometr uzunluğunda "Tərtərçay" sol sahil suvarma kanalı və onu "Suqovuşan" su anbarından su ilə təmin edən 5.2 kilometr uzunluğunda magistral kanalı yenidən qurularaq istismara verilib. Beş rayon üzrə 67 min hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq 50 kilometr uzunluğunda "Tərtərçay" sağ sahil suvarma kanalının yenidən qurulmasına dair layihə-smeta sənədləri tamamlanıb və tikinti işlərinə başlanılacaq. Ağdam rayonunda həcmi 23 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 7 min hektar təşkil edən "Xaçınçay" su anbarı və Füzuli rayonunda ümumi həcmləri 15.5 milyon kubmetr və əkin üzrə xidmət sahəsi 6.2 min hektar təşkil edən "Köndələnçay" su anbarları təmir-bərpa edilib. Laçın rayonunda həcmi 91 milyon kubmetr təşkil edəcək "Həkəriçay" su anbarının və Qubadlı rayonunda həcmi 67 milyon kubmetr təşkil edəcək "Bərgüşadçay" su anbarının tikintisi ilə əlaqədar layihə-smeta sənədləri yekunlaşmaq üzrədir. "Həkəriçay" su anbarının ilkin mərhələdə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının içməli su ilə təminatına xidmət etməsi nəzərdə tutulur. "Bərgüşadçay" su anbarı isə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları üzrə 8.8 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etməklə yanaşı, "Qız Qalası" su anbarına layihələndirilən magistral kanala saniyədə 12 kubmetr suyun ötürülməsinə xidmət edəcək.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mövcud razılaşmalara uyğun olaraq, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su anbarlarının su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə tədbirlər davam etdirilir. "Qız Qalası" su anbarından ayrılan magistral suvarma kanalının tikintisi layihəsinin beynəlxalq maliyyə qurumu ilə birgə maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə kredit və layihə sazişləri imzalanıb və layihənin icrası istiqamətində işlərə başlanılıb. Bu layihə Mil-Muğan zonasında 252 min hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılmasına, Cəbrayıl və Füzuli rayonları ərazisində 12 min hektar yeni torpaq sahəsinə suyun verilməsinə xidmət edəcək", - deyə nazir müavini qeyd edib.

Son xəbərlər