Qərbi Azərbaycan Xronikası: Qaraqaya camaatı tarixi Vətənə qayıtmağa hazırdır
"Baku TV"də "Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Sumqayıt Dövlət Universitetinin professoru, Əməkdar müəllim Tamella Əhmədova olub.
O, doğulub boya-başa çatdığı Çəmbərək rayonunun Qaraqaya kəndindən söhbət açıb. Bildirib ki, Qaraqaya keçmiş İrəvan quberniyasının Qazax qəzasında, Çəmbərək rayonunda kənddir. Sonralar ermənilər rayonun adını dəyişdirərək Krasnoselsk adlandırıblar. Ərazi 1937-ci ilə kimi Dilican rayonunun inzibati-ərazi bölgüsünə daxil olub.
T.Əhmədovanın sözlərinə görə, burada ilk məskunlaşma XV əsrin sonu - XVI əsrin əvvəllərinə təsadüf edir. XIX əsrdən etibarən isə Qaraqayada yaşayan Azərbaycan türklərinin sayı artmağa başlayıb. Lakin XX əsrin əvvəlində ermənilərin bütün Qərbi Azərbaycanda, o cümlədən Çəmbərək ərazisində törətdiyi qırğınlar Qaraqaya sakinlərini də doğma ata-baba yurdundan didərgin salıb. Ermənilər bu yaşayış məntəqəsində vəhşiliklər törədiblər.
Müsahibin sözlərinə görə, ermənilər hadisələr zamanı onun nənəsini – ata babasının anasını işgəncə ilə qətlə yetirib, sonra başını kəsiblər. Daşnak tör-töküntülərinə qarşı silahlı mübarizəyə qoşulan babası ailəsi ilə birlikdə Qaraqaya kəndini tərk etmək məcburiyyətində qalıb. Hadisələr kəndin boşalmasına səbəb olub. Lakin zaman-zaman soydaşlarımız yenidən doğma Qaraqayaya qayıdıb burada yaşayıblar. Statistik məlumatlara görə, 1987-1991-ci illərin deportasiyasına qədər bu kənddə 350 nəfər azərbaycanlı yaşayıb.
Sonuncu deportasiya zamanı həmyerlilərinin üzləşdiyi çətinliklərdən, ermənilərin onlara qarşı fiziki-mənəvi təzyiqlərindən danışan T.Əhmədova vurğulayıb ki, o dövrdə ilk olaraq Qafanda soydaşlarımıza hücumlar təşkil edilib. Sovet rəhbərliyinin laqeydliyi, eyni zamanda həmin illərdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun səriştəsizliyi, soydaşlarımızın taleyinə biganəliyi nəticəsində 300 mindən çox azərbaycanlı indiki Ermənistandan deportasiya olunub.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Prezidentin fikirləri dünya mediasının diqqət mərkəzində
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə qeyd olunub ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə...