Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb
İqtisadiyyat 33

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq malları üzrə 3,5% artıb.

2022-ci ilin 2 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi pulun 9,4%-i ərzaq mallarının, 6%-i içki və tütün məmulatlarının, 15,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2% artıb, fərdi sahibkarlar üzrə 0,4%, bazar və yarmarkalarda 0,1% azalıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,3 manatlıq qeyri-ərzaq malları alıb.

Son xəbərlər